-
Azərbaycan Yazıçılar Birliyinin səhifəsi xəbər verir ki, Moskvada Rusiya Yazıçılar Birliyinin təqdimatında "Proza 2015" üçcildliyi işıq üzü görüb.
Üçcldlikdə Leonid Aronov, Lev Yefremov, Darya Fedorçuk, Olst Peterson, Anna Ekkel, Albert Qrin, Nodar Xatiaşvili, Alfrid İzatulin, Andrey Bajenov ilə yanaşı, Varis də təmsil olunur. Redaksiya heyəti almanaxa Varisin "Qu quşu rəqsi" hekayəsini daxil edib. Hekayəni oxu.
"O qədər incə, gözəl idi ki, bahar səhərində gül-çiçəyin üstünə qonmuş şeh damlasını xatırladırdı."
Varis
Qu Quşunun son rəqsi
– Kim idi?
– Nə bilim, bir Allah bəndəsiydi. Susuzlamışdı. Tez-tez udqunur, cadar-cadar olmuş dodağını diliylə isladırdı.
– Siması necəydi?
– Sifəti uzunsovuydu, amma baxışları yastıydı.
– Bəs əyin-başı?
– Nimdaşıydı. Plaşı da, panaması da üzülüb getmişdi.
– Su verdinmi ona?
– Verməyib neynəyəsiydim? Yezidəm məgər? Allahın suyudur da.
– Yəqin ki, son damlasınadək içdi, hə?
– Qəribədir ki, yox. Baxışlarını dondurub fincanı xeyli süzdü, sonra da özümə qaytararaq getdi...
lll
Bilmirəm, bayaqdan iki küçəmi, üç küçəmi keçmişəm. Piyada gəzib dolaşmaqdan xoşum gəlir. Addımlarımla səkilərin daş bağrını yarmaq sevimli məşğuliyyətimdir.
Bu zaman yaranan taqqıltı qulaqlarımı səsi qəbuletmə qabiliyyətini tam olaraq ortaya qoymağa vadar edir. Addımların yerə basılması ağırlığı həmin anda beynin və ürəyin yüklənməsi dərəcəsindən asılı olduğu kimi, səki daşlarının ölçü və çəkisindən də asılı olur. Nəticədə də hər addımın taqqıltısının səs tembri fərqlənir.
Görmə bucağımda hey dəyişməkdə olan bina, ağac, avtomobil, insan siluetləri canlı olduqları qədər də hərdən butafora kimi, sadəcə, göz aldatmağa xidmət edir.
Bu gün xüsusi günümdür. Uğurları sıraladıqdan sonra mənə elə gəlməkdədir ki, yerinə yetirdiyim xüsusi missiyama doğru daha bir neçə addım irəliləmişəm. Mən sıradan bir adam deyiləm. Haçansa dünyanı dəyişəcəyim qətiyyətim məni bir az da məmnunlaşdırıb.
Saatın əqrəbləri 18:30-u göstərir. Cəmi bir saat yarıma “Sonalar gölü” baleti başlayır. Heyf ki, dostum N.-i tapa bilmədim ki, mənimlə tamaşaya getsin.
Cibimdəki sıra 13, yer 13 qeydləri aparılmış biletimi barmağımla rahatlayıram. Bileti alanda əsla 13-lərin fərqində olmamışdım. Amma hər halda, 13-lər diqqət tələb eləyirlər. Ən azından, barmağım biletin səthinin rəqəmlər həkk edilmiş qeyri-hamar hissəsinə dəyməklə 13-lərin adilikdən bir baş yuxarı olmasını xəbər verir.
lll
“Məktəbdə oxuyanda uşaqlar öncə qaralama dəftərində yazıb-pozurdular, yalnız düzgün nəticə əldə etdikdə yazdıqlarının üzünü ağlama dəftərə köçürürdülər...
Amma yaşadığımız həyatı yazmaqçün Allah bizə cəmi bir dəftər verib. Ona görə də burada yazıb-pozmaq mümkün deyil. Burada səhvlər pozulmaz. Gərək üstündə əsə-əsə, yüz ölçüb bir biçə-biçə elə yazasan ki, pozmağa ehtiyacın qalmasın”, – dedi nimdaş kişi. Və cəld də soruşdu:
– Sənin, təbii ki, həm ağlama, həm də qaralama dəftərin var idi, hə?
“Hə”, – deyə mızıldandım.
İçini çəkərək davam etdi:
– Valideynlərim həddən artıq kasıb olduqlarından mənə iki dəftər almağa gücləri çatmazdı. Heç vaxt qaralama dəftərim olmadığından mən səhv etməməyə məhkum idim.
lll
– Pas...
– Sissonne...
Qızlar, doğrudan da, qu quşları idilər. Bəmbəyaz, tül paltarda iki sıra düzülmüşdülər. Bir sıra barmaqlarının ucuyla irəliləyəndə digər sıra geriyə çəkilirdi.
Əllərini yana açıb yelləyirdilər. Bu qanadçırpma pəncələrin yerlə ünsiyyətini nizamlayır, dabanların yerə toxunuş həsrətini daha uzunömürlü edirdi.
Səhnənin tən ortasında dayanmış naziksaqqal kişi barmaqlarının hərəkətləriylə qızları yönəldir, arabir də nəsə deyirdi:
– Pas...
– Temps...
– Sissonne.
Bədənləri incə, ayaqları uzun, boyasız dodaqları qırmızı, sürməsiz göz-qaşları qapqaraydı qızların.
Belləri üzük həlqəsindən keçərdi sanki.
Hələ naz-qəmzələri, ədaları...
Hələ təzə-tər qönçə təravətləri...
Naziksaqqal qışqıraraq səhnəarxası səmtə qanrıldı:
– Qızlar, saat səkkizə az qaldı, məşqi tamamlamalıyıq! Kardebalet, tempi aşağı salırıq, get-gedə öldürürük. Korifey gəlir!!!
Onun sözlərinin əks-sədasını yararaq qara tül geyimdə bir huri-mələk fırfıra kimi fırlana-fırlana səhnəyə daxil oldu.
O qədər incə, gözəl idi ki, bahar səhərində gül-çiçəyin üstünə qonmuş şeh damlasını xatırladırdı...
lll
Daha bir küçə də keçməliyəm.
Bu gün insanların çöhrəsi nəsə bir qədər tutqun görünür.
Dostum N. o gün təsadüfən metroya minibmiş, maşını xarab imiş. Deyir, hamı sanki qayğılı, fikirli, dərdliydi. Hərənin də başı öz mobil telefonuna qarışıbmış. Amma illər öncə, metrodakıların sifətlərindən təbəssüm əskik olmazmış. Hamı bir-birinə nəvaziş göstərərmiş, xoş ovqat bəxş edərmiş...
Yeri gəlmişkən, dostum N. də sıradan adam deyil. Ölkənin Şimal Şərqindəki nəhəng dəryaçanın layihələndirmə işlərinə başçılıq edir. Görən, indi neynəyir? Bu cür tamaşanı qaçırdı.
Zəng vururam, cavab vermir.
Parisə gedəcəydi. Həm yorğunluğunu çıxarmağa, həm də qulaqlarına dinclik verməyə. Yazığı jurnalistlər boğaza yığıblar. Dəryaçanın tikintisi zamanı qırılan böyük meşə massivinə görə, qurudulan xırda gölə görə hey hücuma məruz qalır. Ay nə bilim, flora dağıldı, fauna məhv oldu...
O gün bir qəzet yazmışdı ki, meşənin məhv edilməsiylə, gölün qurudulmasıyla bağlı minlərlə quşu təhlükə gözləyir.
Dəryaçanın gətirəcəyi xeyirdən isə danışan yoxdur.
Yaxşı, Parisə gedibsə də, bəs niyə xəbər eləmədən gedib?
... Doğrudan da, bu gün insanlar çox qəribədirlər. Qoluma toxunan bu nataraz oğlan heç üzr də istəmədi. Küçədə söyüşlə danışan o ər-arvada bax, heç kəsi veclərinə almırlar.
Bəs o bir büküm zibili gətirib səkinin kənarına qoyan qadına nə deyəsən?
Saatımın əqrəbləri 18:54-ü göstərir. Tamaşaya bir saatdan bir qədər artıq vaxt qaldı.
Görən 13-cü cərgənin 13-cü yeri tam ortadırmı? Səhnəni necə görəcəyəm?
Neçənci dəfədir ki, baletə gedirəm, amma hələ də Opera və Balet Teatrının tamaşa zalındakı yerlərin düzülüşünü beynimə yerləşdirməmişəm.
Əslində, belə də olmalıdır. Mənim beynim daha ciddi informasiyaların qoruyucu kamerasıdır.
Elm və texnikanın inkişafı, eləcə də iqtisadi həmlələr nəticəsində ekoloji tarazlığın pozulması atmosferin stratosfer qatındakı azon təbəqəsinin get-gedə nazilməsinə gətirib çıxarıb, bu bəllidir. Amma inkişafı dayandıra bilməyəcəyik axı. Odur ki, Yer kürəsinin tavanı hesab edilən və yeri meteoritlərin, digər kənar cisimlərin dağıdıcı təsirindən qoruyan atmosferin xilası üçün onu təşkil edən hava qatının təbii tərkibinə müdaxilə etməyin yolunu tapmaq üzrəyəm.
Doğrudan da, dünyanı dəyişdirməyin astanasındayam.
Hələ vaxta var. Bir stəkan qəhvə içmək üçün yarımzirzəmidəki kafeyə daxil oluram.
Ofisiant daimi müştəri olduğumdan heç nə soruşmayıb qarşıma bir fincan türk qəhvəsi və qəndqabında şəkər tozu qoyur.
Görəsən, dəryaça tikilərkən qurudulan göllərdə məskunlaşmış və təhlükə ilə üzləşmiş quşlar arasında Qu quşları da varmı? Yoxsa, Qu quşları o tərəflərdə məskunlaşmırlar?
Qonşu masadakı gənclərin səsləri kafenin yarımqaranlıq sükutunun bakirəliyini pozmaqdadır:
– Eşitmisən, dünən Sabunçuda bir kişi arvadını, qayınatasını, qayınanasını, bir də iki qaynını güllələyib öldürüb?
– Doğrudan?
– Hə. Bayaq da “Euronews”da göstərdilər ki, Avstraliyada bir manyak məktəbə soxularaq 13 məktəblini qətlə yetirib...
– 13?! – deyə qeyri-ixtiyari qonşu masaya sual ünvanlayıram...
Sualım fincandan burula-burula qalxan buğu tən ortadan yarır.
lll
“Sahildən bir ovuc qum götürməyim gərək idi. Yaxınlaşıb o qumu dənə-dənə götürdüm, zamanımı itirdim. Halbuki sizlər qumu ovuclayıb götürürsünüz”, – söylədi nimdaş plaşlı, nimdaş panamalı uzunsov sifətinə yastı baxışları natarazlıq gətirən nimdaş kişi.
– Nə dediniz?! – deyə söylədiyinin məğzini anlamağın fərqinə varmadan etinasızlıqla soruşdum.
Bükülmüş barmaqlarını açıb ovcunun içindəki dəhşət xətlərini göstərdi. Bu xətlər hörümçək toru kimi bir-birinə qarışmışdı, başlanğıcı və sonu dibsiz uçuruma bənzəyən labirintin içində itib-batmışdı.
lll
Nağıllardanmı, yaxud hansısa dünyadanmı gəlmiş, ağzını açıb oradan od püskürəcək əjdahayla haçansa rastlaşacağımı ağlıma belə sığışdıra bilməzdim.
Özü də harada, şəhərin ən mərkəzi, gur yerində: Behbudov prospektinin ortasında – dördtəkər və ikiayaqla hərəkət edən nəsnələrin arasında. Yox, məni qara basmırdı: Qara, qəhvəyi, sarı və yaşılın azacıq parıltı əlavə edilmiş çalarları ilə rənglənmiş nəhəng və əcaib məxluq. Oydu.
Ağzını hələ açmamışdı, təbii ki, odu da hələ püskürməyə başlamamışdı. Şüurumdakı və qarşımdakı obrazların fərqini yox etməkçün qeyri-ixtiyari onun yapışqan kimi olan boynuna dırmaşıb (bu cəsarət mənə haradan gəldi, anlaya bilmirəm) əllərimi soxaraq bir-birinə kip pərçim olunmuş dodaqlarını araladım, sonra bir-birinə keçmiş qarmaq dişlərini bir-birindən dartıb qopardım. Ağzı tam olaraq açıldı, amma od görünmədi.
Odu özüm axtarıb tapası oldum. Alışqanımın çaxmağını ha çəkdim, yanmadıqda trotuar boyunca yığılmış zir-zibildən təpə düzəldib onu odlayan donqarbel dalandarın köməyinə sığındım, atəşindən oğurlayıb əjdahanın ağzına dürtdüm. Atəş alovlanmadı, yalnız qığılcım kimi arabir parladı.
Belə olduqda Əjdahanın boynunu sıxıb bərəlmiş, hədəqəsindən çıxan gözlərinə tuş gəldim. Qan sızmış gözlərinin dərinliyində bir qəzəb, nifrət axtardım, amma axtarışlarım boşa çıxdı.
Orada sonsuz laqeydlik vardı, biganəlik və soyuqluq vardı. Daşlaşmış başını yumruqladım, barmaqlarımı cırıq-cırıq eləyən cod sifətini cırmağa cəhd etdim, ancaq vücüdünda ağrı yarada bilmədim.
Qəfildən mənə elə gəldi ki, bu Əjdaha mənə kimisə xatırladır. Hər halda, bu sifəti, xüsusən baxışları görmüşdüm axı.
Zəndlə baxdığımı görəndə o da sulanmış gözlərini qırpa-qırpa mənə zillədi, sanki mən də ona tanış gəldim.
Ani nəfəsdərmədən sonra o, özünü bir qədər də toplayıb, ovurdlarını şişirdib, rəngdən-rəngə düşərək istəyimi yerinə yetirməyə – od püskürməyə başladı. Od topa-topa, lopa-lopa sağa-sola atılır, dəydiyi, yapışdığı hədəfi alışdırırdı.
Bu qorxulu halıyla əjdaha dərhal ətrafdakılarda şok effekti yaratdı. Ətrafdakılar vahimə içərisində, təlaşla çığırışaraq aradan çıxmağa başladılar. Basabaş düşdü, dördtəkərlilər bir-birinə çırpılıb bir-birini əzdi, dördayaqlılar bir-birini itələyib, yıxıb tapdalamağa başladı. Bir anda əzilib-tapdalanmış bu nəsnələrin hamısı əcaib-qəraib hala düşdü.
Uff... Mən neynirəm axı, ilahi!
Bu ki bir anda hər şeyi və hər kəsi məhv edəcək...
Dəhşət içində özümü Əjdahaya tərəf atdım, yuxarı dırmaşıb əllərimlə ağzındakı odu söndürməyə cəhd elədim. Barmaqlarımın ağrısı cızıltı səsi artdıqca ərşə qalxmaqdaydı...
lll
“Ölməmiş doğulmaq yaxşıdır, yaşamağa macal tapmırsan, yeriməyi öyrənirsən. Yaxşı yeriyə bilsən uçmaqla mükafatlandırılır, bacarmasan sürünməklə cəzalandırılırsan. Gah ağ-qara, gah da rəngbərəng dünyanın isti-soyuq, şirin-acı təzadlarını gecəli-gündüzlü həyatının yorğan-döşəyi edib, başını da gözləmə adlı balışa dayayıb sonsuz və fasiləsiz gözləntilərlə yaşamağa başlayırsan. Pisin yaxşı olmasını gözləyərək sonucda pisin lap pis olmamasıyla təsəlli tapırsan...
Yox, doğrudan da, ölməmiş doğulmaq yaxşıdır, yaşamağa macal tapırsan hər halda. Amma doğulmamış ölmək çox dəhşətlidir”, – dedi nimdaş kişi.
Və birdən qıyğacı baxışlarla mənə baxıb soruşdu:
– Sən hansılardansan? Birincilərdən, ikincilərdən?
Bu qırsaqqızın yaxamdan haçan əl çəkəcəyini təxmin edəmmədim. Gözümü döydüm, nə cavab verəcəyimi bilmədim. Özü köməyimə çatdı, dedi, sən də, şübhəsiz, hamı kimi birincilərdənsən.
Bir qədər rişxəndlə: “Dünyanı dəyişəcəyini düşünürsən, hə?” – sualını verib cavab gözləmədən də söylədi: “Havanı, torpağı, suyu zəhərləyənlərdən beyni zəhərləyənlər daha təhlükəlidir”.
Səsi xırıltılı gəlsə də nitqi səlist idi. Dedi, hamınız eyni ölçüdə, eyni biçimdəsiniz. Eyni cür yatır, durur, eyni cür yeyib-içir, eyni cür təbii ehtiyaclarınızı ödəyirsiniz. Eyni cür aldadır, eyni cür xəyanət edirsiniz. Yarınız eyni cür Allaha ibadət eləyir, yarınız eyni cür şeytana xidmət edirsiniz. Doğulmağınız, doqquz ay bətndə işıqlı dünyaya can atmanız da eynidir, ölməyiniz, doqquz dəqiqə Əzrayıla can verməyiniz də. Sevginiz də nifrətiniz qədərdir, xoşbəxtliyiniz də bədbəxtliyiniz ölçüsündədir. Toy-büsatınızla yasınız da eyni boydadır.
Qəfildən sifətini bozardıb soruşdu:
– Axırıncı dəfə nə vaxt yemək yeyib qarnını doydurmusan?
Qeyri-ixtiyari qolumdakı saata baxıb bayaq “Elmlər” metrosunda yediyim lavaşarası dönəri xatırlayaraq “Üç saat öncə”, – söylədim (Hətta orada – kafenin qarşısında titrək əlini irəli uzadaraq dilənən məsum baxışlı gəlinə düz 5 manat verdiyimi də dilə gətirmək istədim, amma cəld də fikrimdən daşındım).
Məndən əsla qopmayacağına bu dəfə tam əmin olub dar küçədə hərəkəti məhdudlaşdırılmış nəqliyyat kimi lap sıxıldım.
– Bəs, axırıncı dəfə nə vaxt ürəyini, qəlbini qidalandırmısan? – sualı ilə məni itələyib dar dalana dirədi. Məhdudlaşmış hərəkətim büsbütün dayandırıldı.
Şablon cavab verib də pafosla bu cavaba nə qədər rəng qatsam belə nimdaş kişini razı sala bilməyəcəyimi anlayıb, sadəcə, susdum.
lll
Qara qu quşunun rəqsi sanki ağ qu quşlarını əfsunlamışdı, hamısı gözləri irilənmiş halda onun plastika və mimika mükəmməlliyinin sehrində donub qalmışdılar.
Əllər gah qanadlara dönür, çırpınırdı, gah da nazikləşib lələklərə çevrilirdi.
Libasının qara rəngindən qara çalarlar şəfəq kimi yayılaraq daş-divara dönmüş hərəkətsiz ağ libasların ağlığına hopmaqdaydı.
Naziksaqqal əllərini bir-birinə çırpıb həyəcanla qışqırdı:
– Tanrım! Bu nə gözəllikdir belə! Korifey, cəld kulis arxasına!!! Sənə baxa bilmirəm! Kardebalet, təntənə yaradırsınız, şənlik yaradırsınız, cəld! Möhtəşəm bir şənlik!
Qara qu quşu səhnəyə pərçim olan və heç cür getmək istəməyən ayaqlarını zorla hərəkətə gətirib yavaş-yavaş səhnənin dərinliklərinə yan aldı.
Ağ qu quşları yenidən iki sırada qıy vura-vura süzməyə başladılar.
Naziksaqqal elə hey qışqırırdı:
– Pas de chat!
– Pas de ciseaux!
– Pas de poisson!
lll
Əjdahanın ağzı od püskürməkdəydi. Yanan əllərimlə odu söndürmək cəhdlərim əbəs idi.
Bir anda onun gözlərindən də şimşək çaxıb dəqiq zərbələrlə od lavasını bu dəfə xeyli aralıdakı ünvanlara səpələməyə başladı. Ətrafdakı binalar, ağaclar, maşınlar, adamlar da odlandılar, cızıltıyla yanmağa başladılar.
“Uff... Aman Allah, mən neynədim axı!”, – deyib özümü lənətləyə-lənətləyə get-gedə böyüyən od kütləsini yalın əllə söndürmək acizliyinə qapılmaqdaydım...
lll
Qəfildən içərini yanıq iyi bürüdü. Tamaşa zalı tüstüyə qərq olmağa başladı.
Qızlar çaşqınlıq içində məşqi dayandırdılar.
Naziksaqqal gözünü tüstülənən və get-gedə alova bürünən zala zilləyib qışqırdı:
– Yanğın, yanğın! Personal! Biz yanırıq!!!
lll
“Göz gördüyünü beyinə, bir də ürəyə ötürməlidir. Gözdən beyinə və ürəyə doğru uzanan siqnal eskalatoru ikiistiqamətlidir. Amma nədənsə illər ötdükcə göz yalnız bir istiqamətə məlumat ötürür: beyinə! Nəticədə ürək məlumatsızlıqdan get-gedə korşalır, daşlaşır”, – söylədi həmin kişi.
Dedi ki, diqqət etsən, daşlaşmış insanı daş binalardan, dəmirləşmiş insanı maşınlardan, taxtalaşmış insanı ağaclardan seçə bilməyəcəksən.
Və onu da əlavə etdi ki, ət effektli yanmır, taxtasa dəmir və daş qarışığını atəşfəşanlığa bənzər bir şey yarada-yarada gözoxşayan tərzdə yandırır.
“Çəkdiyiniz peşmançılıq ahları törətdiyiniz günahları əsla sığortalamaz”, – söylədi həmin kişi.
Və qəhqəhə çəkərək əks-səda verən səslə bəyan etdi ki, hər birinizin günah sayınız sizi yandıracaq alovu gurlaşdıran nöyüt ümmanıdır...
lll
Dostum N.-i dalbadal yığmaqdaydım, telefonunu götürmürdü ki götürmürdü.
Nəhayət, səsi gəldi. Xışıltının içindən qırıq-qırıq eşidilən sözlərindən bədənimdə qanım dondu.
– Təsəvvür eləyirsən... Parisdə – Mülen Rujda əjdaha peyda olub...
lll
Səs-küy, qışqırtı, ah-of sədaları ərşə qalxmışdı. Tüstüdən səmanın üzərində qatı bir təbəqə yaranmışdı. Qara qarğaların böyük bir dəstəsi özünü həmin o təbəqəyə vurur, sonra geri çəkilib yenidən həmlə edirdi. Hər həmlədə də qarğalar tüstü təbəqəsini acgözlüklə dimdikləyirdilər.
Qaçanlar ağına-bozuna baxmırdılar, qadınlar, uşaqlar, qocalar belə taptanırdı.
Tərpənməyən, yerində donub qalan tək bir qaraltı diqqətimi cəlb etdi. Bayaq dönər yediyim kafenin qarşısında gördüyüm qadın idi. Əlini açıb sədəqə dilədiyi vəziyyətdəydi...
lll
Balerinalar acışan gözlərini ovuşdura-ovuşdura, öskürə-oskürə birtəhər özlərini zaldan foyeyə, oradan da çölə ata bildilər.
Naziksaqqal kişi onları itələyib özünə yol açaraq zalı ən birinci tərk etmişdi.
Qara qiyafəli qız isə sövq-təbii kreslolardan məhz hansının yanğına səbəb olması fərqinə vararkən tül paltarını alov dilimlərinə tuş gətirmiş, dərhal da alışmışdı.
Yanğını törədən 13-cü cərgənin 13-cü yerindəki kreslo qara qu quşunu ovlamasını alov dilimlərini daha yüksəyə ucaltmaqla qeyd edirdi...
lll
... Qəfildən od püskürməkdə olan Əjdahanın olduqca tanış gözlərinin ifadəsinin haradan mənə tanış gəldiyini xatırladım. Bu baxışlar yamyastıydı. Upuzun sifətini yana tərəf əyməkdəydi.
Və haradasa, bir qədər də nimdaşıydı...