Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

İndi də manat qıtlığı... [media icmalı]


1 AZN, Azərbaycan manatı (emissiya 1 manatlığı)
1 AZN, Azərbaycan manatı (emissiya 1 manatlığı)

-

«Hökumət qəsdən manat qıtlığı yaradır»

«Azadlıq» qəzeti belə yazır. Üstəlik bunu «maliyyə bazarında dollar oyunu» adlandırır. Qəzet banklarda dolları manata çevirmək istəyən vətəndaşlara manat qıtlığını əsas gətirərək milli valyuta verilmədiyini bildirir: «Burada məqsəd dollar ajiotajını yatırmaq, artıq manatın möhkəmləndiyi barədə rəy formalaşdırmaqdır. Bu rəy yaradılandan sonra vətəndaşlarda təbii olaraq dollara inam itəcək və əllərdəki dollarları yığmaq daha da asanlaşacaq. Son bir neçə gündə dolların məzənnəsinin az da olsa aşağı salınması bu məqsədə xidmət edir» deyə qəzet bildirir.

Bu xüsusda daha bir məsələ əhalinin banklardakı əmanətlərinin taleyi məsələsidir. «Dollarla banklara əmanət yatıranların maliyyəsinin böyük hissəsinin sığortadan kənar qalmasının günahkarı Mərkəzi Bankdır» deyə ekspert Nemət Əliyev məsələyə münasibətini belə ifadə edir:

İqtisadçı Nemət Əliyev
İqtisadçı Nemət Əliyev

«Əmanətlərin Sığortalanması Fondu yalnız 30 minə qədər kompensasiya verir. Bu isə o deməkdir ki, vaxtı ilə banka dollarla vəsait yatıran əmanətçilər ciddi itki ilə üzləşirlər. Çünki, 2015-ci il fevralın 21-nə kimi dolların manata məzənnəsi tam fərqli idi. O zaman 30 min manat təxminən 37 min dollar edirdi. Birinci devalvasiyadan sonra, dollarla əmanəti olanların vəsaitlərinin 7 mini, ikinci devalvasiyadan sonra isə 19 mini Fond tərəfindən qorundu. Halbuki əmanətçi vəsaiti banka yatırarkən məzənnə tam fərqli idi», deyə N. Əliyev qeyd edir.

Onun fikrincə, əmanətçilərlə bağlı belə durumun yaranmasına ilkin səbəb qanunvericilikdəki boşluqdur və burada əmanətçilərin hüquqları tam qorunmayıb.

İqtisadçı ikinci devalvasiyadan sonra kredit borcu olanların çiyinlərinə 3,8 milyard vəsait yükləndiyini bildirir. Bu məsələdə vaxtilə Konstitusiya Məhkəməsinin vətəndaşın yox, bankların mənafeyini müdafiə etməsi haqda qərar çıxarmasına diqqət çəkilir:

«Banklara dollarla əmanət yatıran və köhnə kursla 30 min dolları sığortalanmış əmanətçilərin heç bir günahı yoxdur. Bunun günahkarı Mərkəzi Bankdır. Hökumət banklara əmanət qoyanların maliyyəsinin hamısına zəmanət verməli, əmanətçiyə banka qoyduğu vəsaitlərin hamısını götürməyə imkan verməlidir. Əks halda əmanətçilər tam şəkildə banklara axın edərək əmanətlərini geri çəkəcəklər. Bu böyük təhlükədir, ölkənin bütün bank sistemi sıradan çıxa bilər» deyə N. Əliyev bildirib.

«İşsizlik, dolu çayxana, siqaret satan sürücülər»

Qazax gömrüyü, «Duty free» mağazasında siqaret növbəsi
Qazax gömrüyü, «Duty free» mağazasında siqaret növbəsi

«İşsizlik, sosial problemlər Azərbaycanın bütün bölgələrində mövcuddur». Bunu «Yeni Müsavat» qəzetinin əməkdaşları Qazax rayonundan hazırladığı reportajda yazır:

«Rayonda əsas problem işsizlikdir və elə bu səbəbdən də rayon mərkəzində çayxanalar insanlarla doludur» deyə qeyd edən müəlliflər yazılarına da «İşsizlik, dolu çayxana, siqaret satan sürücülər» başlığını qoyublar.

Məqalədə qeyd edilir ki, insanlar saat 11-12-dən sonra çayxanalara axışır, axşama kimi çayxanalarda domino, nərd oynamaq davam edir.

Yazıda həmçinin deyilir ki, ancaq «Sınıq körpü» keçid məntəqəsindən normadan artıq nəsə keçirə bilənlər, tez gətirdiklərini sataraq pula çevirə bilirlər. İnsanlar ancaq gündəlik nəsə əldə etmək üçün çalışırlar və bu da həmişə qismət olmur:

«Rayon mərkəzində iş axtaran fəhlələr, taksi sürücüləri belə siqaret satışı ilə məşğuldurlar. Rayon mərkəzində addımbaşı əlində siqaret satan insanlarla rastlaşmaq mümkündür. «Sınıq körpü»dən keçirilən siqaret və digər məhsullar insanların qazanc yerdir» deyə müəlliflər qeyd edirlər:

«Qazaxda gördüklərimizdən sonra, rayondakı vəziyyəti bir cümlə izah edə bilərik. Qazaxlılar işsizlikdən, sosial yardımın verilməməsindən, yolsuzluq və susuzluqdan əziyyət çəkirlər»

«Mingəçevirdə həyat öz axarı ilə davam edir»

Mingəçevir. 2015-ci il etiraz aksiyalarından kadrlar
Mingəçevir. 2015-ci il etiraz aksiyalarından kadrlar

Rəsmi dövlət qəzeti olan «Azərbaycan»da bölgələrdən yazı verib. «Mingəçevirdə həyat öz axarı ilə davam edir» deyə qeyd edilən məqalədə isə bu bölgədə problemlərin olmadığı fikri irəli sürülür:

«Qeyri neft sektorunun inkişafına dövlət qayğısı özünü Mingəçevirdə də aydın göstərir.

Sahibkarlığın dəstəkləməsi, rəqabət meylli sənaye müəssisələrinin təşkili, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması dövlət marağının konkret ifadəsidir» deyə həmin məqalədə vurğulanır.

Məqalədə daha sonra da deyilir ki, «sənaye parkının yaradılması ölkə iqtisadiyyatında özünəməxsus çəkisi olan Mingəçevirin potensialını xeyli artıracaq. Şəhər əhalisinin məşğulluğunu təmin etməklə onların həyat şəraitini daha da yaxşılaşdıracaq».

XS
SM
MD
LG