Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

«MTN-də məndən 350 min istədilər»


Qandallı əllər (arxiv fotosu)
Qandallı əllər (arxiv fotosu)

-

«MTN-də məndən 350 min pul istədilər, dedim ki, məndə bu qədər pul hardan?!» Bunu 15 il azadlıqdan məhrum edilmiş Eldar Həsənov Ali Məhkəmədə çıxış edərkən deyib. Bu məhbusun işinə ötən həftə Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

«DEDİM PULUM YOXDUR»

Eldar Həsənov bildirib ki, 1985-ci ildən Rusiyada yaşayır və bu ölkənin vətəndaşıdır. Orada ailə qurduğunu, ara-sıra Bərdədə yaşayan qardaşı və digər qohumlarına baş çəkməyə gəldiyini deyən məhkumun sözlərinə görə, sonuncu dəfə 2014-cü ilin Novruz bayramında Azərbaycana gəlib:

Keçmiş MTN-nin binası (arxiv fotosu)
Keçmiş MTN-nin binası (arxiv fotosu)

«Bir müddət qaldım, 2014-cü il aprelin 9-da axşam saat 8 radələrində kənddə evdə oturmuşduq, qapı döyüldü, iki nəfər mülki geyimli idi. Məni maşına dəvət elədilər, amma ətrafda başqa maşınlar da var idi. Maşında mənə dedilər ki, «səni buraxsaq, bir şey eləyə bilərsən?» Dedim ki, «birincisi, Rusiyada işləməyimə baxmayın, mənim pulum yoxdu, ikincisi də, niyə pul verməliyəm axı?!» Məni apardılar, bir az sonra qardaşımoğlugilin həyətində tikilidəki bükülünü göstərib soruşdular ki, «bu nədi?» Dedim ki, «kauçukdu, hovuz tikintisində istifadə olunmaq üçündü». Dedim ki, «bu kauçuklar da Əhmədov Rafiqindi». Məni gətirdilər MTN-in təcridxanasına. Gecənin bir yarısında Rafiqi də MTN-ə gətirdilər, o da bildirmişdi ki, həqiqətən kauçuk alverilə məşğuldu. Sonra onu görmədim, mənə də dedilər ki, «bir daha onun adını çəkmə». Məhkəmədə də nə qədər tələb etdim ki, bu adam çağrılıb dindirilsin, gətirmədilər. Sonradan bildim ki, ölkədən gedib...»

«BİR ADAMIN YOXDU SƏNİ QURTARA?»

Eldar Həsənov deyir ki, qardaşı oğlunun da həbs olunacağı ilə onu hədələyiblər, bu səbəbdən də törətmədiyi cinayəti boynuna götürməli olub:

«Mənə həm fiziki, həm də psixoloji işgəncə verirdilər. Gah dedilər ki, «qol çəkməsən, qardaşın oğlu da tutulacaq». Məcbur olub, qol çəkdim. Bununla da kifayətlənmədilər, günlərin birində gəldilər ki, «qardaşın oğlu dənizdə batıb». Sonradan bildim ki, yalandı. Kauçuku narkotik kimi qələmə verdilər. İstintaqın ortalarında gəlib dedilər ki, «bir adamın yoxdu səni qurtara? Rusiyadakı qohumların, yoldaşın, qayınların?» Dedim, uşaqlarım azyaşlıdı, yoldaşım onlarla məşğuldu, qayınlarımın da özlərinin işi-gücü var. Məhkəmə də birtərəfli getdi, bunların heç biri araşdırılmadı».

AzadlıqRadiosunun Youtube Kanalına abunə olun və videoları həmən izləyin

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 122 kiloqram heroin satışında təqsirləndirilən Eldar Həsənov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib. Hökmdən həm Eldar Həsənov narazı qalıb, həm də prokuror. Prokurorun apellyasiya protesti əsasında Gəncə Apellyasiya Məhkəməsi cəzanı 15 ilə qaldırıb.

HÖKMDƏ ADINI SƏHV YAZIBLAR...

Ali Məhkəmədə onun hüquqlarını dövlət hesabına təyin olunmuş vəkil müdafiə edirdi. Vəkil də çıxışında bu iş üzrə həm istintaqın, həm də məhkəmənin qərəzli aparıldığını bildirib:

«Bu adam bircə dəfə İranda olmayıb, «İran vətəndaşları» kimi təqdim edilən səxslərin kimliyi, yeri barədə işin içində heç bir məlumat yoxdu. Sadəcə, ad yazılıb, vəssalam. Birinci instansiya məhkəməsinin hökmündə «Eldar Həsənov» əvəzinə «Şahin Bayramov» yazılıb. Apellyasiya şikayətində də bu pozuntu göztərilib. Guya apellyasiya məhkəməsi pozuntunu aradan qaldırmaq üçün qərarında yazır ki, «hökmdəki Şahin Bayramov sözü Eldar Həsənov kimi oxunmalıdır». Bu absurddu. Bir daha sübut olunur ki, başqa bir hökmün üstündə dəyişiklik edib, adama belə ağır cəza veriblər. İş materiallarında bircə yerdə yazılmayıb ki, bu adam Rusiya vətəndaşıdır...»

Eldar Həsənov və vəkilini dinləyəndən sonra hakimin reaksiyası belə olub: «İndi «mod» düşüb, MTN məsələsi çıxandan sonra hamı çalışır ki, onları ləkələsin...»

Ali Məhkəmə məhkumun kassasiya şikayətini təmin etməyib, Eldar Həsənova verilmiş 15 illik həbs cəzası qüvvədə saxlanılıb.

Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov oktyabrın 17-də vəzifədən kənarlaşdırılıb. MTN-nin keçmiş generalı Akif Çovdarov da daxil olmaqla, 20-dən çox adam saxlanıb və çoxlarının barəsində həbs-qətimkan tədbiri seçilib. Çovdarov qanunsuz dəstə yaradaraq sahibkarlardan azadlıqdan məhrumetmə hədəsi ilə külli miqdarda pul və digər vəsaitlər əldə etməkdə ittiham olunur.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin:

XS
SM
MD
LG