Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:57

B.Rassel. İnsanların çoxu özlərini bədbəxt saymaqda yanılırlar


Bertrand Russell
Bertrand Russell

Filosofun xoşbətlik haqda baxışları

--

"Mən heç vaxt saçlarımın yenidən qaralmasını istəməzdim, bildiyimə görə, mənim saçlarım daha çox ağardıqca, insanlar da dediklərimə daha çox inanmağa başlayırlar."

Filosof Bertran Rassel ilə "XOŞBƏXTLİK NƏ DEMƏKDİR?" mövzusunda müsahibə

–Lord Rassel, mənə elə gəlir, siz çox xoşbəxt adamsınız. Siz həmişəmi belə xoşbəxt olmusunuz?

Bertrand Russell
Bertrand Russell

–Yox, mən bütün ömrüm boyu xoşbəxt olmamaışam. Mənim ömrümün xoşbəxtlik dönəmləri olduğu kimi, bədbəxtlik dönəmləri də olub. Ancaq nə yaxşı, mən yaşa dolduqca, ömrümün bu xoşbəxtlik dönəmləri daha uzun sürməyə başlayır.

–Sizin ömrünüzdə ən pis, ən bədbəxt çağlar haçan olubdur?

–Mən gəncliyimdə çox, olduqca çox, qara günlər yaşamışam. Məncə, bu elə bütün yeniyetmələrdə belə olur. Mənim dərdimi bölüşə biləcəyim heç bir arxadaşım yox idi. Hərdən mənə elə gəlir, o çağlarımda mənim başımda çox tez-tez özümü öldürməklə bağlı düşüncələr yaranırdı, ancaq bu, özlüyündə heç də belə deyildi.

Ah, bilsəniz mən özümü necə də bədbəxt sanırdım, ancaq bu düşüncələrimin çoxunu mən öz yuxularımdan götürüb uydururdum. Mən öz yuxularımda çox ağır xəstəliklər keçirir, bunların sonunda isə ölürdüm.

Necə çöçün görünsə də, yuxularımdan birində, mənim yatağımın yanında oturan,–Platonu tərcümə eləmiş, çox bilgin bir kimsə olan, Balliol kollecinin magistri(rektoru), bizim ailəmizin yaxın dostu, professor Coveti gördüm.

Professorun çox ciyiltili bir səsi vardı, mən öz yuxumda ona üz tutub, çox qüssəli bir səslə dedim: “Necə olur olsun, mən artıq sizin dincliyinizi pozmayacağam: çox tezliklə sizlərdən ayrılıb gedəcəyəm”.

O, soruşdu: “Siz ölməkdənmi danışırsınız?” Mən dedim: “Elədir, mən öz ölümümdən danışıram”. O, mənə üz tutub dedi: “Siz biraz yaşlı olsaydınız, heç vaxt belə anlamsız sözlər danışmazdınız”. Həmin yuxudan ayılandan sonra, belə düşüncələrimin daşını biryolluq atdım.

–Sizin xoşbəxtliyiniz öncədən qurulmuş plan üzrə olurdu, yoxsa bu bir gözlənilməzlik kimi qarşınıza çıxırdı?

Xoşbəxtliklər işimlə bağlı başıma gələndə, bu mənim öncədən planlaşdırmağıma görə baş verirdi, ancaq xoşbəxt olduğum bütün qalan durumlar ya gözlənilmədən, ya da özbaşına baş verirdi.

İşimlə bağlı isə, sözsüz, mənim qabaqcadan düşünülmüş planlarım var idi, sözün düzü, mən onları çox uğurla yerinə yetirə bilirdim.

–Necə bilirsiniz, xoşbəxtliyi gözlənilməzliklərin, bəxti gətirməyin umuduna buraxmaqdan nə isə yaxşı bir şey gözləmək olarmı?

Nə deyim! Mən bilən, burada bəxti gətirməyin də rolu vardır, ancaq öz işini düz tuta bilməkdən də çox şey asılıdır.

Mənim, artıq yaşlı olduğum çağlarda, başıma çox böyük bir bədbəxtlik gəlmişdi, gəlib çıxılmaz bir dalana dirənmişdim və oradan çıxmadan heç bir iş görə bilməzdim. Düz iki il, gecəli-gündüzlü bu problemləri aradan qaldırmaq üçün çalışmalı oldum, başqa heç bir iş görə bilmədiyim bu dönəmdə özümü çox bədbəxt sayırdım.

–Sizcə, xoşbəxtliyin hansı başlıca şərtləri vardır?

–Mənə elə gəlir, burada dörd başlıca şərt vardır. Ola bilsin, onlardan ən birincisi, sağlamlıqdır, ikincisi – korluq çəkməmək üçün yaxşı qazancının olmasıdır, üçüncüsü – yaxşı şəxsi əlaqələrinin olmasıdır, dördüncüsü – işində uğur qazana bilməkdir.

–Nə üçün, birinci yerə sağlamlığı qoyursunuz? Siz ona niyə belə önəm verirsiniz?

–Mənə elə gəlir, sizin sağlamlığınız yerində deyilsə, xoşbəxt olmağınız da çətin bir işə çevriləcəkdir. Sağlamlığın pozulması, şüurunuza da pis təsir eləyir, beləliklə də siz özünüzü bədbəxt saymağa başlayırsınız. Ola bilsin, hansısa xəstəliklərə dözüb dayana bilərsiniz, ancaq onların hamısına dözmək olmur.

–Necə bilirsiniz, sizi xoşbəxt eləyən sağlamlığınızdır, yoxsa xoşbəxtliyiniz sizi sağlam eləyir?

–Mənə elə gəlir, daha çox sağlam olmağınız sizi xoşbəxt eləyir, ancaq xoşbəxt olmağın da sağlamlığa çox köməyi dəyir. Mən bilən, xoşbəxt adam bədbəxt adamdan qat-qat az xəstələnir.

–Sizin, yaxşı yata bildiyiniz gecədən sonra, başqa bir gün pis yatdığınız gecədən sonrakı durumunuzu anıb, özünüzü xoşbəxt sandığınız olubmu?

–Belə duyğularla yaşadığım günlər olub.

–Gəlin, xoşbəxtlik üçün başlıca saydığınız ikinci şərtə, qazanca baxaq. Bu çoxmu önəmli şərtdir?

–Bu, sizin necə yaşamağa öyrəşməyinizdən asılıdır. Yoxsul yaşamağa öyrəncəlisinizsə, sizə çox da böyük qazanc gərək deyildir. Yox, birdən çox varlı yaşamağa alışmısınızsa, onda qazancınız çox olsa da, siz qazancınızın daha da çox olmadığına görə özünüzü bədbəxt sayacaqsınız, bir sözlə, bu sualın cavabı birbaşa, hansı yaşama alışmağınızdan asılıdır.

–Bu, insanı bütün ömrü boyu pul qazanmaq dalınca qaçmağa sürükləməzmi?

–Düzdür, çox vaxt elə belə də olur. Dərindən tanış ola bilsəniz, varlı adamların çoxunun kimsəsizlər evində öləcəyindən qorxduğunu görərsiniz. Bildiyimə görə, çox varlı adamların başına belə işlər tez-tez gəlir.

–Belə çıxır, çox pulu olmaq həmişə xoşbəxtlik gətirmir.

–Elədir. Mənim düşüncəmə görə, pul – xoşbəxtlik üçün minimal bir şərtdir, onun haqqında çox düşünməyə dəyməz. Siz pul haqqında çox düşünməyə başlayanda istər-istəməz əndişələnməyə başlayırsınız.

–Siz insanın yaxşı şəxsi əlaqələrinin olmasını onun xoşbəxtliyinin üçüncü şərti saydığınızı dediniz. Bununla onun doğrudanmı üçüncü yerdə dayandığını demək istəyirsiniz?

–Yox, yox. Yaşamda görüb-götürdüklərimə görə desəm, bu, əslində xoşbəxtlik üçün ən önəmli şərtlərdən biridir, belə demək olarsa, sağlamlıqdan sonra ən gərəkli olan odur.

–Bunu, bir az da geniş aydınlaşdıra bilərsinizmi?

–Şəxsi əlaqələrimi deyirsiniz?

–Bəli.

–Mənə elə gəlir, burada qaranlıq qalan heç nə yoxdur. Bu ad altında, dostluq, sevgi, uşaqlara bağlılıq, bütün doğmalıqlar, sıx ilişkilər (münasibətlər - red.) anlaşılmalıdır. Sizin həyatınızda bunlar yoxdursa, yaxud da bunların varlığı sizi xoşbəxt eləmirsə, bu, insan ömrünü çox dözülməz bir duruma salır.

–Uğurlu işdən danışaq. Siz insanın işinin uğurlu olmasını çoxmu yüksək dəyərləndirirsiniz?

–Mən, çox böyük enerjisi olan insanların hamısı üçün, bunu çox yüksək dəyərləndirirəm. İnsanların bir çoxu işdən könülsüz yapışırlar, bu onların çatışmazlıqları sayılmalıdır. Ancaq sizin ürəyinizdə təpər varsa, onda bu təpərin özünə yol açmasının da qayğısına qalmalısınız, ona görə də işləmək burada tək bir çıxış yoludur. Burası da vardır, birdən, işiniz uğurla getməzsə, bu, sizi xoşbəxt eləməyəcəkdir.

Yox, birdən sizin işiniz uğurludursa, onda o sizin ömrünüzü sevinclə doldurur, sizə üst-üstdən xoşbəxtlik gətirir.

–Bunun hansı iş olmasının önəmi varmı?

–Yox, elə düşünmürəm, birdən bu şübhəli bir iş olmazsa, hansı iş olmasının heç bir önəmi yoxdur. Tutalım, mən Siyasi Büronun üzvü olsaydım, bu işimdə qulağıdincliklə keçinə bilməzdim, ancaq...

–Ola bilsin, bu iş də kiminsə ürəyincə olsun, belə işi bəyənənlər də olmamış deyil.

–Elədir, siz belə bir işi bəyənsəniz, işlərinizi yoluna qoyduğunuzu düşünəcəksiniz.

–Gördüyünüz işin çox dəyərli bir iş olması, yaxud da dəyərsiz olmasının önəmi varmı?

–Yox, bu məsələ sizin temperamentinizdən asılı olacaqdır. Elə insanlar var, onlar ancaq çox böyük işlər üzrə çalışanda özlərini xoşbəxt sanırlar, elələri də var, kiçik işlərlə keçinməyi də xoşbəxtlik sayırlar. Dediyim kimi, baxır kimin temperamenti necədir. Ancaq görmək istədiyiniz iş də gərək sizin bacarığınıza uyğun olsun.

–Sizin deməyinizdən belə çıxır, kimsə ərincək olmaqla da xoşbəxt ola bilər, bir başqası isə, işinin az olmasına görə özünü xoşbəxt saya bilər?

–Belə insanlar da olur, ancaq mənim yaşamımda görüb-götürdüklərimə görə, bu adamlar özlərini xoşbəxt sansalar da, gerçəkdən xoşbəxt olmurlar. Uğurla yerinə yetirilmiş çox yaxşı, çox da ağır bir işdən duyduğun sevinc olduqca böyük olur, ərincək adamlar belə dadlı bir duyğunu heç vaxt yaşamırlar.

–Birdən sizə: indi olduğunuzdan daha az ağıllı olmaqla, böyük sevinclər içində yaşaya biləcəyinizi desəydilər, buna necə yanaşardınız?

Mən indikindən bir az da çox ağıllı ola bilmək üçün, daha az sevinclə keçinməyə üstünlük verərdim.

–Belə bir işə qol qoymazdım. Mən indikindən bir az da çox ağıllı ola bilmək üçün, daha az sevinclə keçinməyə üstünlük verərdim. Yox, mən ağıllı olmağı daha çox sevirəm!

–Necə bilirsiniz, fəlsəfə üzrə çalışmaq xoşbəxtlik gətirirmi?

–Sözsüz, fəlsəfə üzrə çaışmaq,– belə bir bacarığınız varsa,– sizə xoşbəxtlik gətirə bilər, bu necəsə, yaxşı daş ustasının kərpicləri bir-bir ölçüb biçərək, divar hörməsi kimi bir işdir. Siz hansı işi yaxşı bacarırsınızsa, o iş də sizi xoşbəxt eləyə bilər.

–Xoşbəxtliyin qarşısını alan amillər nələrdir?

-Onların sayı yetərincə çoxdur, ən başlıcası isə, bizim xoşbəxtliyi şərtləndirdiyini dediyimiz faktorlarla qarşılıqlı tərs olanlardır. Belə faktorlardan biri, insanın öz içində dinclik tapa bilməməsi, həmişə əndişə içində olmasıdır, illər keçib yaşa dolandan sonra, mən artıq bu çatışmazlıqdan yaxa qurtara bilmişəm.

İndi mənim dincliyimin pozulması olduqca az durumlarda baş verir, mən bu dincliyin pozulması deyilən çatışmazlığa qarşı dirəşmək üçün belə bir taktika işləyib hazırlamışam, öncə bu sualın üzərində düşünürəm:

“Baş verə biləcək işlərdən ən pisi hansı ola bilər?”... Bunun ardınca isə düşünürəm: “Üstündən yüz il keçəndən sonra bu iş elə də pis görünməzdi, ancaq onda heç bunun önəmi də olmazdı”. Özünüzü belə düşündürməyə alışdıra bilsəniz, daha sizə başağrısı verən bu əndişələrin heç bir önəmi qalmayacaqdır, siz ürəyinizdə bir toxdaqlıq duyub ovunacaqsınız. Bütün bu əndişələr isə, sizin baş verə biləcək pis olayların üzünə dik baxmaq istəmədiyinizdən doğulur.

–Siz haçan istəsəniz özünüzü ovundura bilirsinizmi?

–Bütünlüklə yox, ancaq çoxlu durumlarda bunu bacarıram.

–Siz gözügötürməzliyə necə baxırsınız?

Bertrand Russell'in qarasaç vaxtları
Bertrand Russell'in qarasaç vaxtları

–Ah, düz deyirsiniz, gözügötürməzlik də vardır. Bu duyğu olduqca çoxlu insanları bədbəxtliyə gətirib çıxarıb.

Mən burada rəssam Heydonu anmaq istəyirəm, onun yaxşı rəssamlıq bacarığı yox idi, ancaq böyük rəssam olmaq istəyirdi.

O, ardıcıl olaraq apardığı gündəliyində, günlərin birində yazmışdı: “Bu gün ertədən özümü Rafaellə tutuşdurub, necə də bədbəxt olduğumu bir daha anlayası oldum”.

–Gözügötürməzlikdən bir az da geniş danışa bilərsinizmi?

–Mənim düşüncəmə görə, elə adamlar var, əllərində olan çoxlu nəsnələrlə yetinib özlərini xoşbəxt saya bilsələr də, başqalarının əlində olanların daha çox olduğunu düşünüb toxtaqlıq tapa bilmirlər.

Onlara dinclik verməyən düşüncələr ən çox belə olur: kiminsə maşını, yaxud bağı onlarınkından yaxşıdr, ya da kimsə onlardan daha yaxşı iqlimdə yaşayır, ya da kimsə öz işi iləmi, ya da başqa bir nəyi iləsə onlardan çox tanınır. Əllərində olanlarla yetinib sevinməkdənsə, onlar olduqca yersiz görünən bu sayaq, özlərini sarsıdan düşüncələrə qapılırlar: bax bir, kiminsə durumu məndən yaxşı, əlində olanlar mənimkindən artıqdır!

–Elədir, ancaq belə gözügötürməzlik yaxşılığa apara bilərmi? Örnək üçün, siz kiminsə işinin sizdən yaxşı olduğunu düşündüyünüz üçün, öz işinizi də yaxşılaşdırmağa çalışırsınız.

–Ola bilər, ancaq burası da vardır, siz öz işinizi başqasının işi ilə tutuşdurmaqla qurmağa çalışsanız, ola bilsin, başqasının yaxşı olmayan işini də yamsılamağa yönələ bilərsiniz.

Sizdən irəlidə olan kimisə ötməyin iki yolu vardır: birincisi, siz özünüz özünüzü ötməklə ondan qabağa çıxırsınız, ikincisi isə, siz onu tutub geriyə dartmaqla ötürsünüz.

–Darıxdırıcılıq... Sizcə, bu hissə hansısa bir önəm verməyə dəyərmi?

–Mənə elə gəlir, onun böyük önəmi vardır, özü də sizə deyim, o təkcə elə insanda olan bir özəllik deyildir, mən zooparkda olanda meymunları çox uzun müddət izləmişdim, məncə, onlarda da bu darıxmaq deyilən duyğu vardır, ancaq mən başqa heyvanların darıxdığına inanmıram.

Mənim düşüncəmə görə bu, intellektcə yüksəkdə dayanan varlıqlarda olan bir özəllikdir, özü də çox önəmli sayılmalıdır. Elə sivilizasiyalı insanlarla görüşən vəhşi insanların çox keçmədən alkoqola alışmaqları da buna görədir. Onlar alkoqolu Bibliyadan da, İncildən də, hələ desən, bəzəkli muncuqlardan da çox istəyirlər, axı alkoqol az bir müddət olsa da, onlara darıxmaqdan qurtulmaqda kömək eləyir.

–İnsanlar darıxmaqdan necə yaxa qurtara bilərlər, örnək üçün, yaxşı təhsil görmüş qızlar darıxmamaq üçün nə etməlidirlər? Belə qızlar ərə gedəndən sonra, onların ancaq bir işləri qalır: düşdükləri evin təsərrüfatına baxmaq.

–Bu, ictimai sistemin yarıtmazlığından törəyən bir çatışmazlıqdır. Mənə elə gəlir, siz bu sistemi təkbaşına dəyişə bilməzsiniz, ancaq indicə gətirdiyiniz örnəyi də çox önəmli sayıram.

Bu örnəkdə, bizim içində yaşamaqda olduğumuz ictimai sistemin başlıca yarıtmazlıqlarından biri görünməkdədir: bu ictimai sistem görməli olduğu başlıca işi yerinə yetirə bilmir, yəni hamıya öz bacarıqlarının böyüklüyündən kiçikliyinən asılı olmayaraq, onları gerçəkləşdirə, artıra bilmək üçün eyni imkanlar yaratmır.

Yüksəktəhsilli çağdaş qadının, ərə gedəndən sonra öz bacarığını gerçəkləşdirərək yaşamaq istəyinin qarşısının alınması, bizim ictimai sistemin yarıtmazlığından doğur.

–Öz davranışlarını doğuran aparıcı gücün nə olduğunu düşünüb-daşınmaq, anlamağa çalışmaq, insanı xoşbəxt eləyə bilərmi? Burada özünüaldatmaqdan necə qaçmaq olar?

–Mənə elə gəlir, bunu anlamaq insana çox kömək eləyir. İnsanların çoxusu, öz davranışlarının yaxşılıqsevər bir idealizmdən qaynaqlandığını düşünərək, bunu özlərinin başqalarından üstünlüyü sayır, hansısa insanı, insanlar qrupunu, yaxud da nələrisə bəyənməməyə başlayırlar.

Ancaq bu yanlış düşüncədir, belə bir davranışda hansısa yaxşılıqsevərliyin izi-tozu belə, yoxdur. Məncə, onlar bunu anlayıb, öz yanlışlarını adlamağı bacarsaydılar, xoşbəxt ola bilərdilər.

–Siz demək istəyirsiniz, insanların çoxu özlərini bədbəxt saymaqda yanılırlar?

–Elədir, özü də məncə, belələri olduqca çoxdur.

–Necə düşünürsünüz, dara düşən insan xoşbəxt ola bilərmi, örnək üçün, dustaqlıqda özünü xoşbəxt saymaq olarmı? Siz axı haçansa dustaq da olmusunuz.

–Mən dustaqlıqda vaxtımı çox gözəl keçirmişəm, düzdür, qazamatın birinci dərəcəli sayılan bölməsində olduğumdan dustaqlığın bütün ağırlığını duya bilməzdim. Ancaq necə olsa da, istənilən dustaqlıq ağırdır, bu, ən çox da intellektual işlə çalşanlar üçün dözülməzdir.

Siz fiziki işlərdə çalışmısınızsa, dustaqlığı yüngül keçirəcəksiniz, intellektual sferada çalışanlara, alışdıqları işlərindən ayrıldıqlarına görə, buradakı yaşam daha ağır görünür.

–Demək istəyirsiniz, sizin dustaqlığa düşdüyünüzə oxşar olan durumlarda özünü xoşbəxt saymaq olardı, yəni siz yaxşı bir iş görmək istədiyiniz üçün oraya düşdüyünüzdən, belə bir durum yaranmışdı, birdən tərsinə olsaydı, yəni siz hansısa cinayətə görə ora düşsəydiniz, onda, bu durumda özünüzü xoşbəxt saya bilməzdiniz, deyilmi?

–Elədir. Mənim demək istədiyim odur, onlar birdən məni qaşıq oğurladığıma görə dusataq eləsəydilər, mən özümü çox bədbəxt sayardım, onda mən özümü... nə isə... onda mən doğrudan da utanıb yerə girməli olardım. Ancaq mən dustaq olduğum bu durumda özümü alçalmış saymırdım.

–Siz amalınız yolunda bura düşüdüyünüz üçünmü beləydi?

–Elədir, ancaq ona görə.

–Necə düşünürsünüz, insanlar qarşılarına qoyduqları hansısa məqsəd uğrunda yaşayanda, bu onlara xoşbəxt olmaq üçün kömək eləyirmi?

–Elədir, belə bir durum onları az-çox uğur qazanmağa gətirib çıxarır. Mənim düşüncəmə görə, onlar qarşılarına qoyduqları bu məqsədə çata bilməsələr, xoşbəxt olmayacaqlar. Ancaq onlar bu yolda, biri-birinin ardınca baş verən hansısa uğurlar qazana bilsələr, bu onlara çox kömək edəcəkdir.

Mənə elə gəlir, bu prinsipi başqa şeylər üçün də tətbiq eləməyə dəyər; hansısa insanlar üçün maraqlı olan nəsnələrin çevrəsinin genişlənməsi, – bu, insanlar yaşlananda daha artıq duyulur, – onların xoşbəxtliyi üçün də çox önəmlidir.

Sizin maraqlarınız şəxsi istəklərinizdən nə qədər az asılı olmağa başlayırsa, eləcə də maraqlarınız ömrünüzün sınırlarını (hədlərini -red.) adlayıb sizin olmayacağınız çağlara bağlanmağa çalışırsa, bu, sizə yaşamaq üçün daha çox təpər verəcəkdir, siz daha çox yaşamağı umacaqsınız.

Mənə elə gəlir, ən çox da qocalıq çağında, belə bir yol tutmaq xoşbəxtlik üçün çox önəmli bir faktor sayılmalıdır.

–Siz, indi bir sıra insanların dilindən düşməyən uzunömürlülük formullarına necə baxırsınız, deyirlər bu formullarla çox uzun, xoşbəxt bir ömür sürmək olar?

–Uzun ömür sürmək tibb ilə bağlı problemdir, bunun dışında kim nə danşırsa, mən onlara baş qoşmaq istəməzdim. Mən bu formulları ortaya atanlardan çoxlu məktublar alıram. Onların yazmasına görə, mən onların düzəltdiyi hansısa həbi atan kimi, ağ saçlarım yenidən qapqara olacaqdır.

Mən heç vaxt saçlarımın yenidən qaralmasını istəməzdim, bildiyimə görə, mənim saçlarım daha çox ağardıqca, insanlar da dediklərimə daha çox inanmağa başlayırlar.

(Müsahibə 1959-cu ildə götürülüb)

Rus dilindən Araz Gündüz çevirib

XS
SM
MD
LG