-
Rusiyalı kosmonavtlar Beynəlxalq Kosmik Stansiyadan açıq kosmik fəzaya çıxaraq, ölkələri üçün vətənpərvər aksiya keçiriblər. Onlar içərisində Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə Rusiya vətəndaşlarının göndərdikləri təbriklər olan flaşkartı Yer kürəsinə doğru yollayıblar.
Flaşkartda 70 min SMS var. Bu SMS-lər 2015-ci il aprelin 9-dan mayın 9-dək rusların İkinci Dünya müharibəsi iştirakçıları üçün xüsusi bir nömrəyə göndərdikləri arzularını və Qələbə Günü barədə düşüncələrini əks etdirir. Kosmonavtlar Qələbə Günü həmin SMS-lərdən ən təsirli olanlarını oxuyaraq Yerlə bölüşmüşdülər. Bu aksiyanı isə onlar bir neçə ay idi ki, planlaşdırırdılar. Yalnız fevralın 3-də açıq fəzaya çıxarkən bunu gerçəkləşdirmək mümkün oldu.
SERGEI VOLKOV FLAŞKARTI SAKİT OKEANA ATDI
Yol boyunca yaxşı görünə bilməsi üçün flaşkart ağ dəsmala bükülüb. Rus kosmonavt Sergei Volkov-un onu Sakit okeanın mavi suları istiqamətinə atmasını həmkarı Yuri Malenchenko lentə alaraq Yerlə paylaşıb.
Kosmonavtlar planetə bu orijinal bağlamanı göndərərkən elə mövqe seçiblər ki, o, təkrar fəzaya qayıtmadan birbaşa Yer kürəsinə doğru getsin. Flaşkart Yerin atmosfer qatına qədər təxminən iki ay kosmosda süzəcək. Atmosferə çatandan sonra böyük sürtünmə qüvvəsinin təsirindən yanaraq kül olacaq. Bütün bu müddət ərzində xüsusi yerüstü xidmət onun uçuşunu izləyəcək.
NASA SUSUR...
Kosmonavtlar ümumilikdə açıq fəzada 5 saatdan artıq qalıblar. Bu müddət ərzində onlar həm də əvvəlcədən planlaşdırılmış bir neçə elmi eksperiment həyata keçiriblər. Konkret olaraq, kosmonavtlar «Test» eksperimenti çərçivəsində kosmik stansiyadan nümunələr götürüblər. Məqsəd stansiya üzərində yaşayan mikroorqanizmlərlə tanış olmaqdır.
Bundan başqa, onlar kosmik fəzanın müxtəlif materialların mexaniki xüsusiyyətlərinə təsirini öyrənəcək yeni blok quraşdırıblar. Nəhayət, kosmonavtlar «Restavrasiya» eksperimenti çərçivəsində termonizamlayıcı örtüklərin yapışdırılması texnologiyasını sınaqdan keçiriblər. Sonda Kosmik Stansiyanın Rusiyaya aid hissəsinin xarici səthinin fotoçəkilişi həyata keçirilib.
Bu kosmik fəza səyahəti Yuri Malenchenko üçün sayca 6-cı, Sergei Volkov üçün isə 4-cü olub.
NASA rusiyalı kosmonavtların vətənpərvərlik aksiyasına şərh verməkdən imtina edib. Ancaq bildirib ki, Yerə göndərilən bağlama heç bir təhlükə təşkil etmir.
Yanvarın 15-də kosmik fəzaya çıxışı zamanı amerikalı astronavt Tim Kopra-nın skafandrında hermetikliyin pozulduğu aşkarlanıb. Problem tam aydınlaşanadək amerikalı kosmonavtlara açıq fəzaya çıxmaq NASA tərəfindən qadağan edilib.