-
Gürcüstanın Müdafiə Nazirliyi kiber ordu yaradır. Layihə müəlliflərinin dediyinə görə, dövlətin kiber məkanının müdafiəsinə özəl sektorda çalışan yüksəkixtisaslı IT mütəxəssisləri cəlb ediləcək.
Virtual əsgərlərin başlıca funksiyası dövlət və özəl qurumlara haker hücumları, eləcə də beynəlxalq kiber-terrorçuluq ilə mübarizə aparmaq olacaq.
Bu xüsusi bölmədə informasiya texnologiyaları sahəsində uyğun bilikləri olanlar qulluq göstərə biləcəklər.
Gürcüstan kiber-cinayətkarlığın nə qədər dağıdıcı olduğunu öz təcrübəsində yetərincə görüb. 2008-ci ilin avqustunda Rusiya hakerləri Gürcüstanın nazirliklərinin və başqa qurumlarının saytlarını «qırmışdılar». Bundan başqa, bir neçə xəbər internet resursunun işi də kilidlənmişdi.
GÜC YOX, AĞIL...
«Bu gün heç bir hərbi əməliyyat kiber elementsiz baş tutmur. Çox az ölkə bu cür hücumlara təkcə dövlət resursları hesabına cavab verməyə qadirdir. Kiber-ehtiyat IT sahəsində yüksəksəviyyəli mütəxəssislər hesabına formalaşdırılacaq», - Kiber təhlükəsizlik üzrə Büronun başçısı Andria Gotsiridze deyir.
Kiber-məkanın müdafiəsində durmaq istəyənlərin fiziki göstəricilərinə deyil, intellektinə üstünlük veriləcək.
Bu sahədə xidmət keçmək istəyən hər kəsə qapı açıqdır, bircə şərtlə - informasiya texnologiyaları sahəsində uyğun biliklərə sahib olsun. Seçilmişlər xüsusi təlimlər keçəcəklər. Onlara şəbəkəni razılaşdırılmamış girişlərdən, hücumlardan qorumağı və böhranlı situasiyada gərəkli reaksiya verməyi öyrədəcəklər. Kiber-ehtiyatda olmaq əsgəri xidmətə bərabər sayılacaq.
Bununla da Gürcüstan bölgədə kiber ordusu olan ilk dövlət sayılacaq. Bu işdə ona Estoniya yardım edəcək.
ÇAĞDAŞ ƏSGƏRƏ HƏRBİ FORMA GƏRƏK DEYİL
Bir qədər əvvəl müdafiə naziri Tina Khidasheli bəyan etmişdi ki, Gürcüstan XXI əsrin çağırışlarına cavab verməyə hazır olmalıdır. Onun sözlərinə görə, bu gün müharibə yeni mahiyyət qazanıb, çağdaş əsgərlərə hərbi forma gərək deyil.
«Bu gün ehtiyatda olmaq hərbi forma geymək, əlində avtomat meydanda durmaq deyil. Bu anlayış XX əsrdə qaldı, XXI sər innovasion yanaşma tələb edir. Hibrid savaşlarından bu gün bütün dünya danışır. Biz yeni çağırışlara adekvat cavab verməliyik», - nazir deyir.
Plana görə, ilk kiber-əsgərlərin çağırışı elə bu yaxınlarda - 2016-cı ilin yazında gerçəkləşdirilməlidir. Yayda isə mütəxəssislərin kiber-təhlükəsizlik üzrə birinci təlimləri keçiriləcək.