-
"Sənin sözünü eşidəndən sonra qız ağladı ki, kitabımı ver, mən sənin altmış qəpiyini verərəm. Amma kitab cırılmışdı artıq."
Tural İsmayılov
Bomj, Kafka, tum satılan vərəqlər
- Bəsdir da… Mən əziyyət çəkirəm, üç-beş manat qızın universitetə getmək üçün yol pulunu düzəldim, sən özün də səhərdən-axşama kimi sement qarışdırırsan, əziyyətlə qazanılan pulları az qoy da o mərc oyunlarına. İndi mən uşağa universitetə getmək üçün hansı pulu verim?
Səhər gözümü yuxudan bu dialoqun səsi ilə açdım. Demək olar, həftənin dörd günü qonşu evdəki dava-dalaşın səsi evimizin içində idi.
Gülnar məhlədəki ən intellektual qızlardandır. Atası bivec fəhlə idi, qazandığı içki və mərc oyunlarında idi, anası da özəl klinikalardan birində xadimə işləyirdi. Amma Gülnarın bu kasıb, savadsız ailədən necə ali məktəbə qəbul olunmağı nə qədər yaxşı nümunə idisə, həm də onun atasına verdiyi cavab mənim heç vaxt yadımdan çıxmazdı.
- Ata, nə ehtiyac var ki, qumar oynayırsan?
Keçən il yenə atası anasının əməkhaqqını uduzmuşdu futbol yarışlarına aid mərcdə.
Bu üç nəfərlik ailənin kirayə qaldığı mənzil Busattinin “Tatar Çölü”nə bənzəyirdi. Ümidsizlik, qəm, yaxşılıq adına heç nə yox idi mənzildə. Bircə Gülnarın işığı var idi.
Keçən həftə yenə Rafiq məhlə aralarındakı çayxanaların birində nərd oyununda axırıncı 15 manatını uduzmuşdu. Qızın atasına dediyi sözlər qaranlıq gecəni aydınlandıran Ay kimi bərq vurdu:
- Ata, nə ehtiyac var ki, qumar oynayırsan?
- Qızım, mənim atam suvaqçı idi, anam da qutab satırdı. Mən həyatım boyu bir gün üzü görmədim. Bu yaşımdan sonra da yenə sürünə-sürünə ölmək və sənin də həyatını məhv etmək istəmirəm.
- Bunun çarəsi qumar oynamaq deyil.
- Daş qaldırıram, yük daşıyıram, səhər-axşam qan-tərə batıram. Amma olmur. Yenə də rahat yaşaya bilmirik.
- Ata, sən xoşbəxt olmaq üçün bizi daha da bədbəxt edirsən. Qazandıqlarınız bizə bəs edir. Yüngülvari dolana bilirik. Mən də iş axtarıram, bəs edəcək. Yetər ki, sən pulları küçələrə səpələmə, uduzma, içmə. Məsud olmağın sirri məyusluqdan və dava halını almış mübahisələrdən keçmir.
Blokun qabağında ata ilə qızın söhbətinə məndən başqa, binanın az qala yarısı gözünü zilləyib baxırdı. Mən heyranlıqla qızın qurduğu cümlələrə diqqət kəsilmişdim. Tərpətməsələr, yerimdən addımımı atmasam, bəlkə də saatlarla o vəziyyətdə qalardım. Məni tərpədən redaktorumuzun zəngi oldu.
- Alo, Tural... Necəsən?
- Sağ olun, müəllim. Siz?
- Pis deyiləm, bu gün yenə beş nəfər intihara cəhd edib. Cəmiyyətdə bu şeylərin anormal olduğunu anladacaq yaxşı bir təhlil yazısına ehtiyac var. Maraqlıdır ki, düşünə bilən adamlar intiharı seçir.
- Mən intiharın fəlsəfəsindən yazım e, amma adam borclarını ödəyə bilmirsə, banklar qapısının ağzını kəsdiribsə, yaxud sağalmaz bir xəstəliyə tutulubsa, müalicə üçün maddi durumu yoxdursa, məni və portalımızı həyasızlıqda günahlandırmayacaqlarmı?
- Sən yaz, onsuz da fikirləşmədiyin və inanmadığın şeyləri yazdığına görə, qonorar alırsan, atan da xəstədir, sənin nəyinə gərək?
- Yaxşı...
Danışığı bitirəndən sonra aşağı baxdım. Nə Gülnar var idi, nə də atası.
Aşağıda sazaq var idi, külək iliyimə işləyirdi, maaşımın hamısını atamın dərmanlarına xərcləmişdim, qonorarı gözləyirdim ki, gedim, palto alım, soyuq havada heç olmasa bir az canımı isidər. Təndir çörəyi almaq üçün aşağı düşdüm.
Çörək satan Valeh kişi də dərdli idi, oğlu ötən həftə boşandığından, gəlinləri uşaqları atasına göstərmədiyinə görə oğlan depressiya halındaydı. Çörəyi alıb addım-addım irəlilədim. Fikirim yenə qarışıq idi.
- Tural, mənə bir az kömək elə da, jurnalist adamsan, pulun olar.
- Nə məsələdir, Sənan?
- Bu gün uşağı birinci sinifə qoymuşuq da, qaynanam deyir, ayıbdır, gərək evdə bir balaca yığıncaq düzəldək.
- Sənan, nə vacib olub? 18 yaşından işləyirsən, istədiyin hərbi məktəbə də getmədin, tez evləndin, indi də imkanın yoxdursa, eləmə. Vallah, 3 manatım var, o da yol puludur, redaksiyaya gedəcəyəm. Qonorarı almağıma da var.
Sənan sakitcə uzaqlaşdı yanımdan.
Əslində insanın maddi imkanının istədiyi kimi olmamasının günahkarı yoxdur, bu həyatın gözəlliyi də yalnız zənginliklə həmahəng deyil. Amma həyatını da planlamaq lazımdır, insan yaradılanların ən alisidir, o, hər şəraitə uyğun yaşamağı öyrənməlidir.
Evə qalxmağa hazırlaşırdım, Səriyyə xalanı gördüm. Mənim belə simalara həddən artıq marağım var. Qabaqlarında balaca taxta yeşik olur, üstündə də tum, alça, əzgil lavaşı və dənə-dənə satılan siqaretlər.
Uşaqlığımdan bu yana belə xırda satışla məşğul olan insanlarla söhbət etməyi sevirdim. Amma həmişə də məni qıcıqlandıran bir şey var idi, o da tumun, yaxud alçanın klassiklərin kitablarının cırılan vərəqlərində satılmağı idi. Heç vaxt buna etiraz etməmiş olmaram yəqin.
Dostoyevskinin, Tolstoyun, Qoqolun, Yeseninin, Şekspirin əsərlərindən hissələr rahatlıqla cırılırdı və bükülüb tum paketi halına salınırdı.
- Necəsən, Səriyyə xala?
- Sağ ol, bala. Səndən incimişəm…
- Niyə?
- Özün də müəllim uşağısan, savadlı oğlansan, həmişə maraqlı söhbətlər edirsən, amma o gün camaatın içində başlamısan, get A4 kağızlarına bük tumu. A bala, saralmış, köhnə kitablardır, oxuyanmı var indi, camaat öz hayındadır, sən də məni hər dəfə bu şeylərlə bezdirirsən. Səndən sonra qonşunuz Gülnarın alkaş, bomj atası gəldi ki, üç dənə siqaret ver, yerinə də kitab verdi, sənin sözünü eşidəndən sonra qız ağladı ki, kitabımı ver, mən sənin altmış qəpiyini verərəm. Amma kitab cırılmışdı artıq.
- O, hansı kitab idi, baxa bilərəm?
- Çantanın yanındadır, odur, təzədir, ağdır deyə, camaat iyrənmir nəsə alanda, bükəndə də ləzzət eləyir.
Kitab Kafkanın “Çevrilmə”si idi.
Heç nə deyə bilmədim, sadəcə bilirəm ki, pulumu alan kimi ilk iş Gülnara Kafkanın kitabını hədiyyə etmək olacaq.
Evə qalxanda isə özüm-özümə fikirləşirdim. Doğrudan da, bəlkə biz hamımız bomjuq?