-
HÖKUMƏT NÖVBƏTİ BAHALAŞMAYA GEDİR
«Hökumət növbəti bahalaşmaya gedir». Bunu «Azadlıq» qəzeti yazır. Qəzet dövlət qurumları ilə idxalçılar arasında gedən qiymət savaşından doğan zərbələrin vətəndaşlara dəydiyi fikrindədir. Bu fikrə görə, elə yanvar ayında idxalın 65-70 faiz azalması da bundan irəli gəlir.
«Azadlıq» yazır ki, idxalçılar Gömrük Komitəsinin rüsumları artırmasından narazı qalıblar. Digər tərəfdən isə iş adamları hüquqlarının qorunmadığını düşünürlər. Hətta qəbul edilməsi gözlənilən antidempinq qanunu da iş adamlarını müdafiə edə bilmir.
«Bu qanunun qəbulunda məqsəd yerli istehsalçılara dəstək vermək deyil. Çünki Azərbaycanda daxili istehsal tələbatını ödəyəcək səviyyədə deyil. Ölkədə idxal mafiyası, korrupsiya və rüşvətin qarşısı alınmayınca, yerli istehsalın əhəmiyyətinin artacağı real görünmür» - deyə qəzet bildirir.
«PULU ALANLARIN ÇOXU ÖZ EVİNDƏ OTURUB, FİRAVAN YAŞAYIR»
«Yeni Müsavat» qəzeti «Beynəlxalq Bank qalmaqalı» ilə bağlı 25 nəfərin işinin bu ilin mayında məhkəməyə göndəriləcəyini bildirir. Vəkil Kamandar Nəsibov isə bu məsələ üzrə istintaq getmədiyi düşüncəsindədir. Həbs edilənlər sırasında K.Nəsibovun vəkili olduğu Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov da var. A.Hüseynov 9 ay əvvəl həbsə alınsa da, cəmi 2 dəfə dindirilib:
«İstintaq 2016-cı il mayın əvvəlində sona çatmalıdır. Gözləyirik. Adil Hüseynovun həbsindən 9 ay ötür. Bizə də ümumi şəkildə deyiblər ki, maya qədər məsələ uzanacaq. Ötən 9 ay ərzində cəmi iki dəfə istintaq hərəkəti olub, kiçik ifadə alıblar».
Vəkilə görə, bu da formal sorğu sual olub. «Onlardan yalnız Adil Hüseynov bankın işçisidir. Qalanları bankdan kredit götürmüş firmaların»psevdo rəhbərlər»idir. Pulu alanların çoxu isə öz evlərində oturub firavan yaşayırlar» -deyə vəkil bu məsələdə gerçək səhnənin necə olduğunu anlatmağa çalışır. Vəkil sonra da deyir:
«Əvvəl gündən deyirəm ki, bu adamların əməllərində dələduzluq yoxdur. Olsa-olsa vəzifə səlahiyyətlərini aşmaq, pulun təyinatı üzrə xərclənməməsi halı olar. Onu da hələ sübut etmək lazımdır».
K.Nəsibov ittihamlarla maddələrin uyğun gəlmədiyini düşünür:
«Tutulanlar sadəcə icraçılardır və direktor vəzifəsinə təyin olunublar,
maaşlarını alıb sənədlərə qol çəkiblər. Onlar milyonluq kreditlərin sənədlərini görüblər. Göstərişləri yerinə yetiriblər, manat sahibi belə deyillər»-deyə vəkil bu şəxslərin həbslərini əsassız sayır.
Cahangir Hacıyevin 51 faizi dövlətə məxsus olan Beynəlxalq Banka rəhbərliyi dövründə bankın ümumi kapital həcmi 8 milyard manat olub. Bu pulun 6 milyard manatı problemli, geri qaytarılması müşkül olan kredit şəklində paylanıb.
K.Nəsibov bildirir ki, kreditlərdən azı 619 milyon manatı C.Hacıyevin özünə çatıb. C.Hacıyev ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun qudasıdır.
MİNGƏÇEVİRDƏ 14 MİLYON MANAT HAVAYA SOVRULUB
«Mingəçevirdə dövlətin pullarına divan tutulub». Bunu isə «Bizim Yol» qəzeti yazır. Qəzet təmir, abadlıq işlərində pozuntulara yol verildiyini iddia edir.
Bu mövzuda aparılan araşdırmada yazılır: «Təkcə 2014-cü ildə yaşayış binalarının üzlənməsinə Mingəçevir şəhər hakimiyyəti «Qlobal Konstrakşn» şirkətinə 10 milyon manat ödəyib. Üst-üstə 14 milyon manat havaya sovrulub. Sonradan həmin üzlüklər tezalışan olduqları üçün sökülməyə başlandı».
ƏFSANƏ İNAMI
«Azərbaycan hökuməti bütün bu illərdə neftin ölkənin çiçəklənməsinə yol açdığı «əfsanə inamı»na söykənib. Ölkənin güclü gələcəyi haqqında əfsanə yaratmaq istəyib».
Bu fikrilər isə «Novoye Vremya» qəzetinin 10 fevral sayından götürülüb. Qəzet ölkənin düşdüyü indiki iqtisadi durumun səbəbini bunda axtarmağı təklif edir:
«Amma heç 20 il keçmədi bu strategiya yıxıldı. Bu zaman məlum oldu ki, biz 95 faiz ixracdan asılıyıq və heç bir iqtisadiyyat yaratmamışıq. Yalnız neftin hesabına dolanmışıq. Biz həmişə deyirdik ki, yüksək qiymətlər əvvəl-axır başa çatacaq və o zaman ölkə pis durumda qalacaq. Odur ki, vəsaitlərin bir hissəsi elm, texnologiyanın, istehsal sahələrinin inkişafına yönəldilməli idi».