Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:57

«Clooney-nin Xədicəyə vəkilliyi o deməkdir ki...»


Xədicə İsmayıl və Amal Clooney
Xədicə İsmayıl və Amal Clooney

-

«Ölkəiçi etirazlar, Avropa Birliyi ilə gərgin münasibətlər və Ermənistanla sərhəd mübahisəsi yaşayan Azərbaycan hökuməti ötən ay daha bir əngəllə üz-üzə qaldı – Amal Clooney. Misirdə «Al-Jazeera» jurnalistlərinin müdafiəsini bitirən vəkil Clooney saxta ittihamlarla həbs olunduğunu deyən jurnalist Xədicə İsmayılovanı Avropa Məhkəməsində müdafiə edəcəyini bildirdi».

Bunu undispatch.com saytında Georgina Rannard yazır. «UN Dispatch» BMT ilə bağlı məsələləri işıqlandırır, şərhlər yerləşdirir.

Müəllif araşdırmaçı-jurnalist Xədicə İsmayılovanı tanıdır, onun dövlət səviyyəsində korrupsiya hallarını araşdırmasından söz açır. O, 2014-cü ilin dekabrında «başqasını intihara təhrik etmə» ittihamı ilə həbs olunur, bu ittiham sonradan ləğv edilsə də, Xədicə həbsdən buraxılmır, iqtisadi ittihamlarla 7 il yarım həbs cəzasına məhkum edilir.

Amal Clooney və Media Hüquq Müdafiə Təşəbbüsü bu işi Avropa İnsan Haqları Məhkəməsinə çıxaracaq. Onlar İsmayılovaya qarşı həbs-qətimkan tədbirinin Avropa Konvensiyasını pozduğunu bildiriləcək. Hökumətin jurnalistə qarşı video-şantajı araşdırmamasını ayrıca iş kimi təqdim edəcəklər. Ancaq hələlik jurnalistin vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti verib.

Müəllif onu da yada salır ki, bəzi hökumətyönlü saytlar Amal Clooney-nin «erməni soyqırımı» işində Ermənistan hökumətini təmsil etməsini vurğulayıb, bəziləri onun erməni kökənli olduğunu iddia edib. Clooney Livan əsilli britaniyalıdır.

«Bu sarkazmın əsl səbəbi odur ki, beynəlxalq diqqət bir daha Azərbaycanda insan haqlarının durumuna yönələcək. Hökumət özünü avropalı kimi göstərməyə çalışır, Avropa Oyunları, Avroviziya Mahnı Müsabiqəsi keçirir, ancaq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etmir, demokratiya yükünü çəkmək istəmir. Clooney-nin şöhrəti və nüfuzu o deməkdir ki, o, hara gedirsə, media da ardınca yollanır. Bu halda isə vəkil postsovet ölkələrinin təməl prinsipi kimi görünən bir qaydanı pozmuş olur – tənqidçilərinə müdafiə hüququ tanımadan onları ittiham və təqib etmək qaydasını…».

Neft
Neft

NEFT DÜŞÜR, OPEC-DƏ ZİDDİYYƏTLƏR ARTIR

«Yanvarda neftin qiyməti xeyli düşdü, ancaq dünyanın böyük istehsalçıları hələ də buna necə reaksiya vermək məsələsində razılığa gələnə oxşamırlar. Venesuelanın Neft naziri Eulogio del Pino fevralın 7-də böyük neft-ixracatçısı ölkələrə bir həftə çəkən səfərlərdən əliboş dönüb. Niyyəti OPEC və qeyri-OPEC üzvlərinin fövqəladə görüşünü keçirmək idi. Del Pino bacarsaydı, onlar qlobal neft istehsalını azaltmağı koordinasiya etməliydilər. Ancaq görünür, OPEC-in əsas Körfəz üzvləri – Səudiyyə Ərəbistan, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri digər istehsalçıların bazara müdaxilə vədlərinə qarşı çıxır». Bunu «Stratfor» Araşdırmalar Mərkəzindən Matthew Bey yazır.

2014-cü ilin noyabrından bəri Səudiyyə və müttəfiqləri açıq şəkildə bildirib ki, bazarın öz-özünü tənzimləməsinə üstünlük verirlər. Onlar istehsalı birtərəfli azaltmağa da meylli deyillər.

Müəllif yazır ki, neftin qiymətləri düşdükcə və maliyyə böhranı dərinləşdikcə, ixracatçılar arasında praqmatik əməkdaşlıq daha vacib və cəlbedici amilə çevrilir. Ancaq Səudiyyə, müttəfiqləri və digər istehsalçıların geosiyasi mübahisələri qaldıqca, istehsal üzrə razılaşma əldə etmək mümkün olmayacaq:

«Bəzi Körfəz istehsalçılarından ötrü problem ondadır ki, istehsalda istənilən azalma barrelin qiymətini dərhal 70 dollara qaldırar. Nəticədə boğmaq istədikləri Şimali Amerika istehsalçıları da qazanmış olar».

«İstehsalı birgə azaltmağın çətinliyi Səudiyyəni də skeptik durumda buraxıb. Məsələn, Rusiya 2001-ci ildə OPEC-lə razılığa gəldi, ancaq 6 aydan sonra razılaşmanı pozdu. İndi problem təkcə qeyri-OPEC üzvləri ilə işləməkdə deyil. Səudiyyə yaxşı bilir ki, OPEC-in özündə belə istehsal kvotalarının tətbiqi mümkünsüzdür», - müəllif vurğulayır.

Suriya ilə sərhəddə türk tankları.
Suriya ilə sərhəddə türk tankları.

RUSİYA TÜRKİYƏNI SURİYADA MÜHARİBƏYƏ ÇƏKMƏK İSTƏYİR

businessinsider.com saytında Natasha Bertrand yazır ki, deyəsən, bu plan işləyir.

Rusiyanın Müdafiə Nazirliyi ötən həftə Türkiyəyə xəbərdarlıq edib ki, Suriyaya hərbi müdaxilə etməsin. Belə ki, türk qüvvələrinin şimaldakı üsyançılara dəstək məqsədilə sərhədi keçməyə hazırlaşdığını bəyan edib. Bəzi ekspertlərin fikrincə, Rusiya prezidenti Vladimir Putin Türkiyəni tələyə salmaq istəyir.

«Rusiya noyabrda vurulmuş təyyarəsinin heyfini çıxmaqdan ötrü Türkiyəni döyüşə çəkmək istəyir. Putin qazanacağına əmindir», - istefada olan briqada generalı Naim Babüroğlu ötən həftə «al-Monitor» saytına deyib.

«O, eyni zamanda ölkəiçi çətinlikləri üstələmək istəyir. Türkiyənin 1-2 «F-16» qırıcısını vurmaqla öz ölkəsində qəhrəmana çevrilərdi. Bu, Türkiyə silahlı qüvvələrinə ciddi utanc gətirərdi», - Babüroğlu sözlərinə əlavə edir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan əvvəlcə sərhədi keçmək hazırlıqları barədə deyilənləri təkzib edib. Ancaq bazar günü eyham vurub ki, koalisiya tərəfdaşları xahiş edərsə, Türkiyə Suriyaya girməyə hazırdır. Erdoğan onu da əlavə edib ki, İraqdakı səhvi təkrarlamaq istəmirlər: «Türkiyə İraqda olsaydı, ölkə heç vaxt indiki duruma düşməzdi». Müəllif yazır ki, Erdoğan azından Suriyada kürdlərin Türkiyə sərhədi boyunca ekspansiyasını nəzərdə tutub.

Moskvayla kürdlərin koordinasiyası isə ötən həftə pik həddə çatıb, Suriyanın YPG kürd qruplaşması Rusiya və Suriya hökumət qüvvələrinin Aazazı azad etməsinə kömək göstərib. Türkiyə Aazaz vasitəsilə Hələbi təchiz edirdi.

XS
SM
MD
LG