-
«Rüfət Səfərov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. İndi gedib ifadə verməlidir».
Bunu AzadlıqRadiosuna R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib.
Vəkil bu çağırışı normal istintaq hərəkəti kimi dəyərləndirib: «Məndə həbs-qətimkan tədbirinin bərpa ola bilməsi haqda hər hansı informasiya yoxdur. Mən onu gözləmirəm də. Bu o halda ola bilərdi ki, müdafiə etdiyim şəxs istintaqdan gizlənsin. Amma istintaq hərəkəti ilə bağlı nə zaman çağırış olacaqsa, gedəcəyik»-deyə B.Bayramov qeyd edib.
R.Səfərov bu gün saat 14:45-də ifadə verəcəyi ünvanda olmalıdır.
R.Səfərov keçən il dekabrın 21-də prokurorluq sistemindən bəyanatla istefa verib. Bundan sonra Binəqədi rayon Məhkəməsində ona qarşı rüşvət tələb etmək ittihamı irəli sürülüb, barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib. Amma yanvarın ortalarında ittihamlar qalmaqla o, evə buraxılıb.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.