-
Neftin qiymətinin ucuzlaşmasından sonra ölkədə yaşanan problemlər medianın aparıcı mövzusudur.
«Azərbaycan» qəzeti «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» Qanunun qəbul olunmasına bir yazı həsr edib. Bu məqalədə həmin qanunun qəbulu ilə ölkənin iş adamlarının problemlərinin bitəcəyi düşüncəsi cəmiyyətə təlqin olunur.
«Bu qanun zərər təhlükəsi yaradan dempinqi və yaxud subsidiyalaşdırılan idxala, həmçinin yerli istehsal sahəsinə ciddi ziyan vuran idxala qarşı həyata keçirilən tədbirləri tənzimləyir» - deyə deputat Ziyad Səmədzadə ilk oxunuşda qəbul edilən qanun barədə mövqeyini bildirib.
BAKI QƏRBLƏ ŞƏRQ ARASINDA VURNUXUR
Bunu isə «Novoye Vremya» qəzeti yazır.
Qəzet indi ölkə rəhbərliyinin konkret siyasi kursunun olmamasını nəzərə çatdırır. Məqalədə son zamanlara kimi rəsmi Bakının az qala hər gün Qərbə dirsək göstərdiyini yada salınır. Qeyd edilir ki, indi isə bunun əksi olaraq Qərblə strateji tərəfdaşlıqdan danışırlar. Son günlər Böyük Britaniyada keçirilən tədbirlər buna nümunə olaraq göstərilir.
Qəzet bu halı Qərbin yenidən Bakı üçün «ətli-canlı» və yaxşı olması kimi dəyərləndirir.
«Azərbaycanın uzun illər yürütdüyü «balanslı» siyasət səmərə vermir və lazımsız olub. Müəyyən müddət bu siyasət ABŞ və Rusiyanı qane edirdi. Amma son zamanlar baş verən hadisələr Qərblə Rusiya arasındakı ziddiyyətlərin dərinləşdiyini göstərir. İndiki mürəkkəb situasiyada Bakının «balanslı» siyasət yürütməsi çətin olacaq. Zaman israrla prioritetləri dəqiq müəyyənləşdirməyi tələb edir»-deyə qəzet mövcud siyasi şəraiti öz prizmasından dəyərləndirir.
AZƏRBAYCAN ƏN ÇƏTİN VİZA ALINAN 10 ÖLKƏDƏN BİRİDİR
«Bizim Yol» qəzeti isə qeyri-neft sahələrindən biri kimi turizmin inkişafına əngəllər mövzusunu ekspertlərlə şərh edir. Qeyd edilir ki, Azərbaycan ən çətin viza alınan 10 ölkə siyahısındadır. Bu sahədə qanunvericilikdə, eləcə də elektron sənədləşmənin tətbiqi sahəsində problemlərin aradan qaldırılması gərəkdir.
«Bu istiqamətdə ən düzgün yanaşma Azərbaycan üçün vacib olan, sərmayə qoyuluşunda öndə gələn seçilmiş ölkələr üçün viza tətillərinin elan edilməsidir» - deyə iqtisadçı Qubad İbadoğlu çıxış yolu göstərir. Daha sonra Q.İbadoğlu bu üsuldan son zamanlar Qazaxıstanın bəhrələnmək istədiyini yada salır.
Q.İbadoğlunun fikrincə, ölkəyə xarici sərmayə və kütləvi turist cəlb edilməsində vacib olan məsələlərdən biri də viza rejiminin liberallaşdırılmasıdır.
Turizm və Menecment Universitetinin kafedra müdiri Bahadur Bilalov da Avropa, ABŞ və Yaponiya vətəndaşları üçün viza rejiminin sadələşdirilməsini vacib sayır. Qeyd edir ki, əcnəbilər hava limanına daxil olduqda orada viza ala bilmələrinə şərait yaradılmalıdır.
NATO GƏMİLƏRİNİN GƏLİŞİ...
«NATO gəmilərinin gəlişini gücə qarşı operativ güc nümayişi də saymaq mümkündür» - deyə «Yeni Müsavat» qəzeti NATO gəmilərinin Batumiyə ilk gəlişini belə dəyərləndirir.
Qəzetə görə, Alyans yeni siyasət çərçivəsində artıq hərəkətə keçib. Son zamanlar məhz Rusiyanın region və onun ətrafında hərbi cəhətdən fəallaşması buna səbəbdir.
«Bu, Qərbin bölgədəki maraqlarına, Gürcüstanla Azərbaycanın təhlükəsizliyinə güc nümayişidir. Eyni zamanda yekunlaşmaqda olan Bakı-Tbilisi-Qars dəmiryoluna və TANAP-a açıq təhdiddir.. Gürcüstan Azərbaycan üçün yeganə «Qərb qapısı» olduğundan olayı Azərbaycana da xoşməramlı bir mesaj saymaq olar»-deyə qəzet Aylansın missiyasına aydınlıq gətirməyə çalışır.