Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:35

Bir rəssamın başına gələnlər...


Rəssam
Rəssam

-

«Yeni il şənliyində qapıda dayanmışdım. Şənliyə gələn uşaqlarla valideynləri zala ötürürdüm. Bir qadın onu içəri buraxmamağımı bəhanə edib üstümə cumdu, məni təhqir elədi. Sonra ortadan itdi. Bu vaxt öyrədilmiş bir neçə nəfər də üstümə cumdu. Məni döydülər».

«HƏR ŞEY MƏQSƏDLİ İDİ»

Xırdalan şəhər sakini Elçin Muradov ötən il yanvarın 3-də Abşeron rayon Mədəniyyət Mərkəzində keçirilən Yeni il şənliyində döyüldüyünü, 1 il keçməsinə baxmayaraq, bu hadisənin hələ də hüquqi qiymətini almadığını deyir.

Elçin Muradov həmin hadisəyə qədər Abşeron rayon Tarix-Diyarşünaslıq Muzeyində rəssam işləyib:

«Hər şey məqsədli şəkildə idi. Məni və bir neçə iş yoldaşımı işdən uzaqlaşdırmaq istəyirdilər. O hadisə də qurama idi. Qapıda dayandığım yerdə bir qadın yaxınlaşıb hay-küy saldı, guya içəri keçmək istəyib, onu buraxmamışam. Sonra da əlindəki çantanı başıma çırpdı. Kənarda dayanmış və hadisəyə tamaşa edən bir neçə nəfər də üstümə tökülüşdü».

«İŞİ BÖYÜTDÜYÜNƏ» GÖRƏ AZAD OLUNUB

Elçin Muradov polisə müraciət edib. Polis araşdırmanın nəticəsi olaraq cinayət işi başlamağı rədd edib. Səbəb kimi işdə cinayət izi olmamasını göstərib.

Elçin Muradovun qərardan məhkəməyə şikayətindən sonra aprel ayında Abşeron polisində iş təzələnib. Ancaq sonradan yenə xitam verilib. Hesab edir ki, polis işi dərindən araşdırmaqda maraqlı olmayıb:

«Muzeyin fəhləsi Cəfər Cəfərov şənliyə gələn uşaqlara hədiyyə paylamaq işinə baxırdı. O da mənim döyülməyimi gördü. Hətta ifadəsində də göstərmişdi. Ancaq sonra o da ifadəsini dəyişdi».

Ortada isə özü işsiz qalıb. Deməsinə görə, ötən ilin may ayında muzey rəhbərliyi «işi böyütməsini» irad tutaraq onu işdən azad edib.

«MƏQSƏD MƏNİ İŞDƏN ÇIXARMAQ OLUB»

Elçin Muradov deyir, əslində əvvəldən məqsəd onu işdən çıxarmaq olub, elə döyülməsi də əvvəlcədən planlaşdırılıb:

«Tək məni yox, intizamsız şöbə kimi şöbə müdirim başda olmaqla, bütün işçilərini işdən çıxarmağı planlaşdırırdılar. Ancaq baş tutmadı. Ortada mən getdim».

Abşeron rayon Polis İdarəsindən «Qaynar xətt»ə bildirildi ki, Elçin Muradovun ötən il Abşeron rayon Mədəniyyət Mərkəzində döyülməsi ilə bağlı yazdığı ərizə araşdırılıb. Məlum olub ki, şənliyə gələnlərlə onun arasında mübahisə yaranıb. Ancaq döyülməsi faktı təsdiqlənməyib. Cinayət işi başlanması üçün kifayət qədər sübut olmadığına görə işə xitam verilib.

Abşeron rayon Tarix-Diyarşünaslıq Muzeyindən isə ötən ilin mayına qədər burada rəssam kimi çalışmış Elçin Muradovun öz ərizəsi ilə işdən çıxdığını bildirdilər.

XS
SM
MD
LG