-
«Suriyada atəşkəs sazişi cümə günü səhər Münhendə doğuldu, elə bir günün içində də həmin şəhərdə öldüyü elan olundu. Beləliklə, ABŞ-ın bu münaqişə üzərində təsirinin necə kiçik olduğu ortaya çıxdı». Bunu bloombergview.com-da Marc Champion yazır.
Elə Münhendə Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond elan edib ki, sazişin humanitar yardımla bağlı hissəsi müəyyən qədər həyata keçəcək, digər hissəsi, mümkün atəşkəs isə tamamilə Rusiyanın istəyindən asılıdır:
«Maraqlı etirafdır: Rusiya nə vaxtdan Yaxın Şərqdə ABŞ-dan daha həlledici rol oynamağa başlayıb? İndidən. Atəşkəsin şərtləri ABŞ-ın Suriyada bacarıqsızlığını üzə çıxarıb».
Rusiya Xarici və Müdafiə Şurasının rəhbəri Fyodor Lukyanov deyir ki, Rusiyanın nə istədiyi sirr deyil - Hələb:
«Saziş öldü, ancaq iki-üç cəhddən sonra yaşayacaq», - deyən Lukyanov Bosniya və Ukrayna ilə paralellər aparır. Bu ölkələrdə də atəşkəs bir neçə cəhddən sonra alınıb.
Müəllif yazır ki, Rusiya Ukraynada atəşkəslərdən daha sərt sanksiyalardan yayınmaq, minimal hərbi məqsədlərinə nail olmaq üçün istifadə edirdi. Suriyada isə minimal məqsəd prezident Bashar al-Assad-ın Hələbi tutmasıdır.
«Hələb alınmayanadək Rusiya Assad-ı dəstəkləməkdən vaz keçməyəcək», - Lukyanov deyir. «Bu, çox vacib məsələdir Həm Suriyanın gələcək sabitliyindən ötrü, həm də Rusiyanın bütün əməliyyatın məna daşıdığını göstərməsi üçün».
SURİYA QAÇQINLARI GİROVDUR
«The Guardian» qəzetində Cihan Tuğal yazır ki, Türkiyədəki suriyalı qaçqınlar geosiyasi oyunda girovdurlar.
Müəllif Türkiyədəki qaçqınların Avropaya axınının önlənməsi üçün Avropanın AKP rejimini dəstəklədiyini qeyd edir. Bir hüquqşünasın sözlərincə, «Avropa sərhəd təhlükəsizliyini Türkiyəyə ötürüb». AB Türkiyəyə 3 milyard avro ayırır, türklərə vizasız səyahət vəd edir, hətta üzvlük danışıqlarının başlanacağından danışır.
«Məsələyə tənqidi yanaşan heç bir təhlilçi inanmırdı ki, Türkiyə AB-yə «demokratiya çatışmazlığı»na görə qəbul olunmayıb. İndi öz davranışlarıyla AB də bunu təsdiqləyir. Əsas məqsəd Avropa qalasını qorumaqmış…Bu gün isə Türkiyənin qonşuları Avropa qalasını zorla yarıb. Daha geosiyasi anlamda qonşular yoxdur. Avropadakılar üçün real qonşular mövcuddur», - müəllif yazır.
Yazıda vurğulanır ki, Türkiyə hökuməti 2.5 milyon suriyalı qaçqından Avropayla danışıqlarda alver predmeti kimi istifadə edir. Rejim qaçqınların istismarının mürəkkəb yollarını arayır. Ötən ilin oktyabrında sızan məlumatlara görə, prezident R.T.Erdoğan Avropaya böyük sayda qaçqınlar göndərməklə hədələyib.
«AB öz sərhədlərində Türkiyədəki uşaq faciəsindən daha artığını görəcək. Belə ölümlərin 10-15 miniylə üzləşə bilər». Bunu deyən Erdoğan ardından soruşur: «Necə davranacaqsınız onlarla?». Ötən həftə BMT və AB Türkiyəni Hələbdən gələnlərə qapı açmağa çağıranda, prezident eyni sözləri bir daha təkrarlayıb. Görünür, məlumatın sızmasından xəcalət çəkməyib, əksinə, daha da həvəslənib.
TÜRKİYƏ SURİYADA NƏ EDƏCƏK?
«Ankaradan ötrü Suriya sərhədi boyunca «kürd dəhlizi»nin açılmasından pis heç nə ola bilməz». «Al Jazeera» türkiyəli təhlilçi Can Kasapoğlu-nun məqaləsini dərc edib.
Türkiyə Suriyanın şimalında YPG kürd döyüşçülərini vurduqca, Səudiyyə isə Türkiyənin İncirlik bazasına döyüş təyyarələri yerləşdirdikcə, Türkiyə-Səudiyyə müdaxiləsi barədə versiyalar səslənir.
Assad rejimi Rusiya hava zərbələrinin dəstəyi ilə şimala doğru irəlilədikcə, Ankara bu irəliləyişi, eləcə də qaçqın axınını əngəlləmək barədə düşünür. PKK-nın silahlı qanadı olan YPG isə Suriya Kürd Demokratik Birlik Partiyası (PYD) ilə birlikdə Tal-Rifaat və Azaz arasında təhlükəli gedişlər edib, hətta Menagh hava bazasını tutub. Türkiyə üçün Suriya rejiminin Azazı tutmasından da pisi Suriya ilə sərhəd boyunca PYD dəhlizinin yaranmasıdır.
Üstəlik, indi YPG döyüşçülərini Rusiya da dəstəkləyir ki, bu da Türkiyə üçün oyunun şərtlərini dəyişdirir.
Müəllif yazır ki, Ankaranın Suriyada mötədil müxalifətə dəstəyinin və Suriya üzərində qeyri-uçuş zonası yaratmaq niyyətinin Misirdə Morsi hökumətinə siyasi dəstəkdən elə bir fərqi yox idi. Ancaq indi respublikanın ərazi bütövlüyünün müdafiəsindən söhbət gedir, Türkiyənin tarixi imperiya ərazilərinin bərpasından yox.
Türkiyə-Səudiyyə əməliyyatına gəlincə, təhlilçi düşünür ki, Türkiyə artilleriyası regionda öndə getsə də, son hərb tarixinə baxanda artilleriya atəşinin YPG elementlərini Menagh bazasından çıxarmağa yetməyəcəyini görmək olar. Hava zərbələri ilə dəstəklənən quru müdaxiləsinə ehtiyac yarana bilər.