-
Dövlət başçısı İlham Əliyev fevralın 16-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai-ı qəbul edib. Xəbəri AZƏRTAC yayıb.
Söhbət zamanı Azərbaycan-NATO arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olmasının razılıq doğurduğu qeyd edilib. Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirilib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. NATO-nun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olunub.