-
BÖYÜK NEFT ERASININ AĞLAGƏLMƏZ «TİKİNTİLƏRİ»
«Neft pulları ölkəyə gələn zamanlar magistral yolların, xüsusilə Bakı-Astara və Bakı-Qazax yolu üstə yaşayış məntəqələrinin hər iki tərəfdən hasarlanmasının şahidisiniz».
Milli Şura sədri Cəmil Həsənlinin bu fikirləri «Azadlıq» qəzetində dərc edilən bir məqalədən götürülüb.
Məqalədə Cəmil Həsənli bu hasarlamanı ironiya ilə «böyük neft erası dövrünün ağlagəlməz «tikintiləri»» adlandırır.
Onun fikrincə, əgər böhran araya girməsəydi, bütün yollar hər iki tərəfdən belə hasarlanacaqdı:
«Bütün bunlar hamısı böyük neft erası dövründəki pulları dağıtmaq üçün ağlagəlməz uydurmalar idi. Əslində, yolkənarı hasarlar, onların «memar»larının, xüsusilə yerdəki idarəçilərin uzağa baxmaq, ətrafı görmək həvəs və arzusunun olmamasının ifadəsidir. Belə dar düşüncə ilə böhrandan çıxmaq mümkündürmü?»-deyə Milli Şura sədri cəmiyyətə sual ünvanlayır.
SOSİAL MÜDAFİƏ DÖVLƏTİN PRİORİTET MƏSƏLƏSİDİR
«2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi reallığı əks etdirir».
Əmək və əhalinin sosial komitəsinin sədri Hadı Rəcəblinin bu fikirlərini isə «Yeni Azərbaycan» saytı dərc edib.
H.Rəcəbli bildirib ki, manatın məzənnəsinin dollarla müqayisədə düşməsi və dünya bazarında neftin kəskin ucuzlaşması büdcəyə yenidən baxılmasını zəruri edirdi. Komitə sədrini deməsinə görə, büdcəyə dəyişikliklərin mərkəzində, ölkənin ehtiyatlarının məhdudluğuna baxmayaraq, Azərbaycan vətəndaşı, onun sosial müdafiəsi dayanır.
«Dövlət büdcəsinin yeni variantında sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698.8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13.7 faiz artıb. Təkcə bu sahə üzrə artım isə 42.3 faizdir. Bu o deməkdir ki, sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir»,- deyə komitə sədri vurğulayıb.
AZƏRBAYCAN HANSI ÖLKƏLƏRDƏN SİLAH ALIR?
«Exo» qəzeti isə dünyada artan silahlanma mövzusundan bəhs edir. Qəzet bu mövzuda hərbi ekspert Üzeyir Cəfərlini fikirlərinə yer verir. O deyir ki, Azərbaycan müstəqilliyin ilk illərində Rusiyadan daha çox silah alıb.
«İndi meyl bir az dəyişib, Rusiyadan ancaq «Favorit» zenit-raket, «Smerç» zenit-qurğuları, hərbi helikopterlər alınır. Rusiyadan başqa Azərbaycan bu sahədə İsrail, Pakistan, Türkiyə, Ukrayna, Belarusla da əməkdaşlıq edir», - deyə Ü.Cəfərli bildirib.
ÜÇÜNCÜ DEVALVASİYA GÖZLƏNİLİR
«Azərbaycanda üçüncü devalvasiya gözlənilir». Bu fikri isə «Bizim Yol» qəzetinə ekspertlər bildiriblər: «Gəlirlər azalıb, amma ehtiyaclar yerində qalıb. Problemli kreditlər artıb. Devalvasiyadan sonra yaranan şərait də dəyişməyib. Bu mənada antiböhran istiqamətində hər hansı bir iqtisadi islahat yerinə yetirilməyib»,- deyə ekspert Natiq Cəfərli deyir.
N.Cəfərli ölkəni bu durumdan xilas etmək üçün investisiya cəlb olunmasına ehtiyac görür. Deyir ki, bundan ötrü də müstəqil və ədalətli məhkəmə sisteminə ehtiyac var. Onun fikrincə, indi təkcə maliyyə böhranı baş vermir. Bütünlükdə siyasi-iqtisadi islahatlara ehtiyac var: «Odur ki, burada «kosmetik tədbirlər»lə vəziyyətdən çıxmaq heç mümkün də deyil».
Manatın indiki dəyərini real saymayan ekspertlər növbəti devalvasiyanın qaçılmaz olduğunu bildirirlər.