Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Khamenei Azərbaycanı siyasi şiəliyi qəbul etməyə çağırıb


Ali Khamenei İlham Əliyevi qəbul edir - 23 fevral 2016
Ali Khamenei İlham Əliyevi qəbul edir - 23 fevral 2016

-

İranın Ali dini rəhbəri Ali Khamenei Azərbaycanı siyasi şiəliyi qəbul etməyə çağırıb. Bu barədə Tehranın yarı-rəsmi «Mehr» xəbər agentliyi məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də İrana səfər edib. Məlumata görə, Khamenei İlham Əliyevlə görüşündə bildirib ki, şiə siyasi sistemi Bakını xarici hədələrə və «bölücü təkfiri (kafir) planlar»a qarşı «ilahi mühafizə» ilə təmin edər. Khamenei deyib ki, islam və şiə inanclarının hökumət səviyyəsində təbliği Azərbaycan xalqının müəyyən supergüclərin düşmənçiliyinə qarşı müqavimətini gücləndirər.

İlham Əliyev– Ali Khamenei görüşü barədə president.az saytı da qısa məlumat yerləşdirib. Məlumatda deyilir ki, «görüşdə tarixi, dini, mədəni köklərlə bağlı ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulanıb».

AZƏRBAYCANIN SİLAH VƏ OYUN BƏDXƏRCLİYİ

«Azərbaycan qlobal neft qiyməti böhranının hərbi və idman xərclərini qısmasına imkan vermir. Ölkənin builki müdafiə büdcəsi 1.2 milyard dollar təşkil edir ki, bu da ötən ilkindən 21 faiz artıqdır. Neft gəlirlərinin azalmasına, milli valyutanın zəifləməsinə baxmayaraq, Bakı Avropa futbol çempionatına 1.2 milyon dollar xərcləməyi planlaşdırır». Bunu eurasianet.org saytında Giorgi Lomsadze yazır.

Bakıda hərbi parad-2013
Bakıda hərbi parad-2013

Müəllif Azərbaycanın hərbi büdcəsiylə Ermənistanınkını müqayisə edir və vurğulayır ki, Azərbaycan neft satışından asılıydısa, Ermənistan da Rusiyanın yardımına bel bağlayır. Rusiya bu günlərdə Yerevana silah alışı üçün 200 milyon dollarlıq kredit ayırıb.

Neft bazarındakı çaxnaşma Azərbaycanın ötən il dövlət xərcləməsini ümumilikdə 15 faiz azaltmasına gətirsə də, şöhrətpərəst layihələrin maliyyəsi çox da axsamayıb. Prezident İlham Əliyev gənclər arasında futbol çempionatının final yarışlarının Bakıda təşkilinə 2 milyon manat (1.2 milyon dollar) ayırıb.

«Hökumətin PR layihələrinin əsirinə çevrilməsi nə qədər tənqid olunsa da, Bakıda ilk dəfə «Formula-1» yarışları da keçiriləcək. Rəsmilər bu oyunların 150 milyon dollara başa gəldiyini bildirir. Rəsmi medianın yazdığına görə, «Formula-1» tipli yarışlar Bakını böyük idman tədbirlərinin ev sahibinə çevirməklə, ölkənin beynəlxalq imicini, turizm perspektivlərini gücləndirəcək. Ancaq sual olunur – neftin ucuzlaşmasının sonu görünmədiyi bir halda, Azərbaycan silahlara və idmana bədxərcliyi nə vaxtadək davam etdirə biləcək?».

İraq
İraq

NEFT İSTEHSALÇILARI BALANS YARATMALIDIR

Neft ixracatçısı olan ölkələrin təşkilatı – OPEC üzvləri və bu qurumdan kənar istehsalçılar dərhal neft bazarında balans yaratmağa başlamalıdırlar. Əks halda ziyan dərinləşər və düzəldilməsi daha artıq zaman alar. Bunu İraqın OPEC-dəki təmsilçisi Faleh al-Amri bildirib.

«The Wall Street Journal» yazır ki, Amri Əbu- Dabidə keçirilən enerji konfransında danışıb. Deyib ki, neft qiymətinin düşməsi heç də İraqın neft hasilatına bağlı deyil, bu hasilat eyni sürətlə artıb və belə də davam edəcək: «Bizim hasilatın neftin qiymətinə ciddi təsiri yoxdur. İraq neftinə tələb hazırkı hasilat səviyyəsindən qat-qat artıqdır».

Ancaq Amri onu da söyləyib ki, İraq bazarda sabitliyin saxlanması və ədalətli qiymətə çatılmasından ötrü OPEC istehsalçılarıyla sıx məsləhətləşmələrə hazırdır. «İraq bazarı doldurmaq istəmir», - deyən Amri ölkəsinin 2020-ci ilədək gündəlik hasilatı 6 milyon artırmaq niyyətini də dilə gətirib. Ancaq bunu davamlı edəcək.

OPEC hazırda gündəlik tələbi 1 milyon barreldən çox aşan təklifi nizamlamağa çalışır. Ötən həftə Rusiya və OPEC-in 3 üzvü hasilatı yanvar səviyyəsində dondurmağa razılaşıb. Amma danışıqlar hələ davam edir.

Lyudmila Alexeeva
Lyudmila Alexeeva

RUSİYA QHT-LƏRİNİN QƏRBƏ EHTİYACI VAR

«The Washington Post» qəzeti Moskva Helsinki Qrupunun sədri Lyudmila Alexeeva-nın məqaləsini dərc edib. Müəllif yazır ki, bu il Sovet İttifaqının çöküşünün və Rusiyanın yenidən yaranmasının 25 ili tamam olur. Və bu yenidən doğulmanın ən parlaq cəhətlərindən biri 70 illik sovet repressiyasından sonra Rusiyada geniş, dinamik və səmərəli vətəndaş cəmiyyətinin yaranması oldu.

«1990-c illərdə ölkəmiz kasıb idi, insan haqları qrupları Rusiyada maliyyə tapa bilmirdi. Xoşbəxtlikdən, Qərb donorları işimizi dəstəklədirlər», - yazan müəllif insan haqları sahəsinin həssas məsələ sayıldığını, elə sonradan da donor tapmağın müşkülə çevrildiyini vurğulayır:

«Vladimir Putin-in 15 illik hakimiyyəti dövründə Kreml insan haqları dəyərlərini Rusiyaya düşmən sayıb. Özəlliklə də, iki il öncə Ukrayna böhranı başlanandan hökumətin tənqidi, az qala, vətənə xəyanət adlandırılıb. 2012-ci ildə qəbul olunmuş qanun hətta kiçik məbləğdə xarici yardım alan 100-dən artıq qrupa «xarici agent», yəni «satqın» damğası vurub».

Müəllif Rusiyada vətəndaş cəmiyyəti fəallarının məruz qaldığı basqıdan söz açır, ancaq ümidini də kəsmədiyini qeyd edir: «Bir neçə ay öncə bir görüşdə Putin-dən birbaşa xahiş etdim ki, o iyrənc «xarici agentlər» qanununu ləğv eləsin. Ona dedim ki, hökumət bizi günahkar olmadığımız bir işə görə suçlaya bilməz. Hələ də xahişimə cavab verməyib. Ancaq istəyirsiniz məni axmaq sayın, hələ də ümid edirəm. Bu gün Rusiyada insan haqlarına sərmayə qoyan qərbli donorlarla görüşmək imkanım olsaydı, onları 25 il bizə bəslədikləri inama görə alqışlayardım. Onlara yalvarardım ki, durumun pisləşdiyi bir dönəmdə rusiyalı tərəfdaşlarını atıb getməsinlər».

XS
SM
MD
LG