Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:21

Qəbələnin 108 sakini Ermənistanı seçib?


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Qəbələdə başımıza gələn haqsızlıqlara görə şəxsən Ramil Usubovla da görüşdük. Ancaq yenə haqq yerini tapmadı. Biz də qərara gəldik ki, vətəndaş hüququna hörmət qoymayan ölkədə yaşamağa dəymir».

Qəbələ sakini Əlisahib İsmayılov AzadlıqRadiosuna danışır ki, rayonda yaşayan iki ailə və ətrafındakı qohumları fevralın 26-da rayondan çıxaraq Ağdamın Quzanlı kəndinə gediblər. Ermənistan ordusu ilə təmas xəttini keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar.

DAVAYA GÖRƏ 1 İL -1 İL 6 AY HƏBS

Əlisahib İsmayılov Mürşüdovlar və İsmayılovlar ailəsinin nədən bu addım atdığını izah edir: «İki nəsil aylardır ki, prokurorluq, polis yollarında qalıb. Ötən il çay kənarındakı bir əlbəyaxa davaya görə polis həmin hadisənin şahidi olmuş Sərxan İsmayıllı ilə Dönməz Mürşüdlünü saxlayıb. Hər ikisinin hadisə ilə əlaqəsi olmadığı üzə çıxsa da, Qəbələ məhkəməsi birini 1, digərini 1 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. Müraciət etmədiyimiz qurum qalmadı, prezidentə də yazdıq, ancaq faydası olmadı. Nazir Ramil Usubova məsələni danışanda təəccüb qaldı ki, ortada bıçaqlanma yox, ağır cinayət əməli yox, bu gənclər niyə həbsə atılıb? Yanındakı generalın üstünə acıqlandı ki, «bu uşaqları niyə həbs etmisiniz? Uzağı hərəsinə 15 sutka verəydiniz, məsələ bitəydi». O boyda nazirin sözünün üstündən yenə uşaqları buraxmadılar. Bir ölkədə ki, prezidentə yazırsan, nazirə yazırsan, dərdinə çarə etmirlər, o ölkənin vətəndaşı kimi qalmağa dəyməz».

Əlisahib İsmayılovun sözlərinə görə, Mürşüdovlar və İsmayılovlar ailəsi bir neçə gün əvvəl Ermənistana keçmək barədə qərar qəbul ediblər. Fevralın 26-da axşam saatlarında ailələrin bir hissəsi Qəbələdən çıxıb: «8 maşın getdilər, 40-a yaxın adam... Səhərə yaxın Ağdamın Quzanlı kəndindən bayraq qaldırıb xəttin birini keçəndən sonra saxlanılıblar. Ağdam polis şöbəsinin işçiləri tökülüb, hamısını maşınlara doldurub, aparıblar şöbəyə. Hələ də şöbədədirlər».

108 NƏFƏRDİRLƏR

Əlisahib İsmayılovun deməsinə görə, Ermənistana keçmək istəyənlərin sayı ümumilikdə 108 nəfərdir. Onların bir hissəsi hazırda Ağdaşı keçir, bir hissəsi də yükünü tutub, Qəbələdən çıxmağa hazırlaşır.

Ağdam polis şöbəsinə aparılan Nurməmməd Mürşüdovla əlaqə saxladıq. O, Ağdam polis şöbəsində olduğunu, buraya səhər qohumlarla bərabər gətirildiyini və ona telefonla danışmağa imkan verilmədiyini dedi. Kənar müdaxilədən sonra telefonu qapatdı. Sonrakı zənglərə isə cavab vermədi.

Ağdam rayon polis şöbəsinin növbətçi hissəsindən Daxili İşlər Nazirliyinə müraciət etməyimizi məsləhət görsələr də, qurumun mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmadı.

XS
SM
MD
LG