Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:42

Alla Dudaeva: «Böyük dəyişikliklər yaxındadır»


Alla Dudaeva
Alla Dudaeva

-

1996-cı ilin aprelində Çeçenistan Respublikasının prezidenti Johar Dudaev öldürüldü. Üç il sonra 2-ci rus-çeçen savaşı başlayanda onun ömür-gün yoldaşı Alla Dudaeva Çeçenistanı tərk etməyə məcbur qaldı. O zamandan bu dul xanım gah Gürcüstanda, gah Türkiyədə, gah da İsveçdə sürgün həyatı yaşayır.

Alla Dudaeva rus ailəsində doğulub, sovet ordusu zabitinin qızıdır, ancaq özünü çeçen sayır. Əri haqqında «Milyon birinci» adlı kitab çap etdirib, şeirlər yazır, rəsmlər çəkir.

AzadlıqRadiosu Alla Dudaeva ilə müsahibənin bəzi bölümlərini diqqətinizə yetirir. Müsahibəni radionun rus xidməti hazırlayıb.

- Çeçenistan Yeltsin hakimiyyəti illərində imperiyanın dirəniş mərkəzi idi. Çeçenlər birinci müharibədə təcavüzə qarşı çıxdılar və Rusiyaya qalib gəldilər. Ancaq indi Çeçenistan putinizmin dayağına çevrilib, Kadyrov qüdrətlidir və elə təsəvvür yaranıb ki, Vladimir Putin-in özü də onu tərpətməkdən qorxur. Bu dəyişikliyin səbəbini necə açıqlardınız?

- Çeçen xalqını bütünlükdə indiki rejimin tərəfdarı kimi qəbul etmək olmaz, əks halda bu xalq onilllər boyunca rus işğalına dirənməzdi. İki rus-çeçen müharibəsi zamanı beş Çeçenistan prezidenti öldürüldü, ən yaxşı döyüşçülər həlak oldu, sağ qalanlarsa izləndiklərindən ölkəni tərk etməyə məcbur qaldılar. Dəhşətli işgəncə, zorakılıq və qətlləri də unutmaq lazım deyil. Tək İçkeriyada yox, Mozdok, Kislovodsk, Stavropol və Şimali Qafqazdakı yüzlərcə əsir düşərgəsində insanlara işgəncə verilirdi. Çeçen xalqı indi qorxudulub. O, indi sağ qalmaq uğrunda mübarizə aparır. Bununla belə, bu xalqın içində həmişə azadlıq eşqi yaşayıb. Bu xalq həmişə azadlıq əldə edəcəyinə inanıb və mütləq azad olacaq. Kadyrov rejimi indi Putin-in gücünə söykənir. Bu da əbədi deyil. İndi dünyada olub-bitənlərə baxanda düşünmək olar ki, bu, uzun sürməz.

- Amma deyirlər ki, Kadyrov Putin-in varisi olacaq yeganə siyasətçidir. Bu ssenarini təsəvvür edə bilirsiniz?

- Məncə, bu Putin-i dəstəkləməyənləri qorxutmaq üçün deyilir, yəni Putin-i bəyənmirsinizsə, yerinə Kadyrov gələcək. Kadyrov-la qorxudurlar.

- Kadyrov-dan qorxmaq üçün əsas var: Boris Nemtsov-un qətli, Kasyanov-a təhdidlər...

- Boris Nemtsov-un qətl sifarişçisinin kimliyi heç kimə sirr deyil. Bu qətl 2018-ci il prezident seçkiləri ərəfəsində hüdudsuz hakimiyyət uğrunda mübarizədən qaynaqlanıb. Artıq xeyli öncədən Rusiyanın nə qədər yaxşı insanı öldürüldü, sadəcə, hakimiyyətə iddialı ola biləcəklərinə görə. Nə qədər insan da həbsdə və mühacirətdədir.

- Siz Kadyrov-dan ehtiyat edirsiniz? Onun adamları sizi təhdid etməyə və ya öz tərəflərinə çəkməyə çalışıblar? Qroznıdan hər hansı siqnal yoxdur?

- Ramzan-ın atası Akhmad Kadyrov hakimiyyətdə olanda, yəni 10-15 il öncə mənə belə maraq vardı. Məni KİV vasitəsilə rəsmən ölkəyə çağırır, iqtisadi problemləri həll edəcəyinə söz verirdi və guya mən İçkeriyada sülhün təminatçısı olacaqdım. Təhlükəsizliyimə də zəmanət verirdi, ancaq mən ona cavab verdim ki, Çeçenistanda müharibə getdiyi vaxtda o öz təhlükəsizliyinə belə təminat verə bilməz.Bir də dağlarda çeçen xalqının ən yaxşı oğullarının öldürüldüyü vaxtda ora necə gələ bilərəm? Üstəlik, məni təmtəraqla qəbul edəcəklərdisə, satqın kimi görünməzdim? Daxili işlər naziri də mənə qayıtmağı təklif etmişdi. O da təhlükəsizliyimə zəmanət verirdi. Bir il sonra Akhmad Kadyrov stadionda partladıldı.

- Ramzan sizi dəvət etməyib?

- Yox, etməyib. Yəqin cavabım yetərli olub. O, necə cavab verdiyimi bilir.

- Sizcə, Çeçenistanda Johar Dudaev-in işini davam etdirən lider var?

- Təhlükəsizlik baxımından liderlərin adını çəkmək istəmirəm, bu adamları zərbə altına qoymaq istəmirəm. Hərçənd, bütün çeçenlər generaldır, Johar demişkən, çeçen xalqının arasında vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçmək istəyənlərin sayı başqa xalqlardan çoxdur. Johar çeçenləri vəhşi, ram edilməmiş atlarla müqayisə edərdi. Onlar təhlükə zamanı dairə vuraraq qocaları, qadınları,uşaqları qoruyur, eyni zamanda dişi-dırnağı ilə düşmənindən müdafiə olunur, əmin-amanlıq zamanında isə gücün çoxluğundan bir-biri ilə didişirlər. O üzdən əminəm ki, Çeçenistanda prezident vəzifəsi ləğv edilməli, köhnə zamanlarda olduğu kimi, parlament idarəçiliyinə keçilməlidir. İmam döyüş zamanı ortaya çıxardı, başqa zamanlarda idarəetmə fərqliydi: xalqı ağsaqqallar şurası – mexkkxellər idarə edərdi. Prezident üsul-idarəsi hər zaman hakimiyyət uğrunda mübarizədir, hər zaman xalq üçün təhlükəlidir. Bu, Rusiyada olduğu kimi, avtoritarizmə gətirir. Dövləti bir adama etibar etmək olmaz.

- Niyə siz Gürcüstandan getdiniz?

- Hakimiyyətə rusiyayönümlüqüvvə - Ivanishvili gəldiyi üçün. Mənim üç il işlədiyim kanal bağlandı, Mikheil Saakashvili-nin özü belə təqib olunmağa başlandı. Daxili işlər naziri Vano Merabishvili-yə iki həbs kəsildi. O zaman çoxları Gürcüstandan qaçmağa məcbur qaldı. İndi, deyəsən, nələrsə yaxşılığa doğru dəyişir.

- Gürcüstanın indi rusiyayönümlü siyasət apardığını demək olmaz, xarici siyasət Saakashvili zamanındakı kimidir. Sadəcə, kəskin ritorika yoxdur.

- Çünki indi orda başqa prezidentdir. İnsanlar Ivanishvili-dən narazıdırlar. Mən şahid olduğum şeyləri bölüşmək istəyirəm. 1999-cu ildə - rus-çeçen müharibəsinin başlanğıcında Gürcüstana qaçmağa məcbur qaldım. Bu, Shevardnadze-nin zamanı idi. O zaman Gürcüstan qaranlıqlar ölkəsiydi, elektrik yox idi, yollar dağılmışdı, xalq kasıb və işsiz idi, təqaüd çox cüziydi - cəmi 8 lari. Buna bir şüşə süd və çörək almaq olardı.On il sonra Gürcüstana gələndə başqa ölkə gördüm, Saakashvili-nin yardımı ilə yatırımlara münbit şərait yaradılmışdı. Başqa ölkələrin investisiyaları sayəsində Gürcüstan dəyişmişdi. Dağ çaylarında elektrik stansiyaları tikilmişdi. Bütün gürcü kənd və şəhərləri tam işıqlandırılmışdı. Ölkənin gözdən uzaq yerlərində də Avropa standartlarına uyğun yollar salınmışdı. Təqaüd 100 lariyə qaldırılmışdı. Bürokratiya və korrupsiya tam ləğv edilmişdi...

- Saakashvili indi də Odessada islahat aparmağa çalışır. Onunla əlaqəniz var?

- Yox, əlaqə saxlamıram, ancaq orda baş verənləri diqqətlə izləyirəm.

- Siz Moskva ətrafında doğulmusunuz. Orda olmaq istəyirsiniz?

- Dost və qohumlarımın çoxu İçkeriyadadır. Son 40 ildə çeçen xalqı arasında yaşamışam, uşaqlarım, nəvələrim çeçendirlər. Rusiyada qalan tək-tük dostumdan ötrü daha çox darıxıram. Təəssüf ki, rus xalqının mentaliteti çox dəyişib. Çeçen xalqı ilə ən xoşbəxt və ən çətin günlərimi yaşamışam. Müharibə vaxtı biz bir bütöv idik, bir yerdə Allaha yalvarır, dua edirdik ki, bizə qələbə göndərsin. Ölənləri bir yerdə dəfn edir, onlara bir yerdə ağlayırdıq. Rusiya xalqı əks tərəfdə idi. Onun ən yaxşı nümayəndələrinin çoxu rus-çeçen müharibəsindəki ədalətsizliyi görürdü və müharibənin bitməsi üçün həyatlarını fəda edənlər vardı. Onlar çeçen xalqı haqqında həqiqəti deyirdilər. Adlarını sadalamaq da istəmirəm... Rus xalqı indi yeni şəhərlər, bağlar salmır, Gürcüstandakı kimi yolları yoxdur, səhiyyə, xəstəxanalar və təhsil ən aşağı səviyyədədir. Bütün vəsait hərbi sənayeyə yatırılır. Rus xalqı artıq 25 ildir döyüşür, Çeçenistanda, Gürcüstanda, Ukraynada, indi də Suriyadakı döyüşlərdə oğullarını itirir. Bu üzdən mentalitet dəyişir. Dünyadakı ən cinayətkar və təcavüzkar rejimin hakim olduğu Rusiya tədricən kiçilir, xalqın sayı azalır,baxımsız uşaqların sayı artır, insanlar kasıblaşır. Ancaq reklam fərqli yöndə gedir.

- İndi Rusiyada çox adam mühacirət barədə düşünür. Sizin bu sahədə təcrübəniz böyükdür. Bu cür seçim etməkdə çətinlik çəkənlərə nə məsləhət görərdiniz?

- Cavanlar xaricdə mühitə daha tez alışır, təhsil alırlar. Vətəni dəyişmək hər zaman çətindir. Biz köçməyə məcburduq, axı məhv edə bilərdilər. Rusiyanın içərisində müharibə getmir, hərçənd, ictimai xadimlərə təhlükə var. Düşünürəm ki, bu onların şəxsi işidir, öz vicdan məsələsidir. Onlar getsələr, geri qayıtmayacaqlar, çünki onların artıq vətəni olmayacaq. Məsləhət görərdim ki, müvəqqəti gizlənsinlər, amma vətəni tərk etməsinlər. Böyük dəyişikliklər yaxındadır..

XS
SM
MD
LG