Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:12

Neftə daha bir zərbə gəlir…Bu dəfə sonuncusu…


“Bloomberg” saytının Nyu York müxbiri Tom Randall yazır ki, neft qiymətlərinin daha bir iflası yaxınlaşır və bu dəfə dirçəliş olmayacaq.

Bloomberg saytının neft yazarlarından Tom Randall-ın fikrincə neft qiymətlərinə yeni və öldürücü bəla elektriklə işləyən avtomobillərdən gəlir.

Məqalədə deyilir ki, bu onilliyin ərzində elektrik avtomobilləri neft bazarlarına dağıdıcı zərbə vuracaq.

Təhlilçinin məsləhətinə görə böyük investorlar elektrik avtomobillərinə son dərəcə ciddi yanaşmalıdırlar.

O yazır ki, qarşıdan gələn iki ildə Tesla və Chevy şirkətləri “birnəfəsə” hərərəkət məsafələri 300 kilometrə çatan, qiyməti təxminən 30 min dollar civarında olan elektrik avtomobillərinin istehsalına başlayacaq.

Ford, Volkswagen, Nissan və BMW elektrik maşınlarına milyardlarla dollar vəsait yatırırlar.

Məqalədə deyilir ki, bütün iri avtomobil şirkətləri, habelə Apple və Google elektrik maşınlarının yeni nəsli üzərində işləyirlər.

Bu onilliyin ərzində elektrik avtomobilləri neft bazarlarına dağıdıcı zərbə vuracaq

“Bu, neft bazarları üçün problemdir. OPEC hələ də mübahisə edir ki, 2040-cı ilədək elektrik avtomobilləri qlobal maşın satışının yalnız 1 faizini təşkil edəcək. Hərçənd Exxon şirkətinin proqnozu bunun tam əksini deyir” – yazır Randall.

Müəllif yazır ki, neft qiymətləri 2014-cü ildən, həm də ixracatçıların bazara tələbdən günə 2 milyon barrel artıq neft çıxardığı vaxtdan düşməyə başlayıb.

Şimali Amerikada neft hasilatının genişlənməsini də çoxları əvvəl-əvvəl hiss etməmişdilər.

Randall sual edir: Elə isə elektrik avtoları günə 2 milyon barreli izafi mala çevirməklə növbəti qiymət böhranını nə vaxt yarada bilər?

Bloomberg-in yeni rubrikası bu suala “Sizin düşündüyünüzdən daha tez” cavabını verir.

Saytın bu rubrikasında bəşər övladının inkişaf tarixində ən böyük çevrilişlərdən bəhs edilir.

Bir vaxt rəngli televizora da inanmırdılar

Bloomberg-in təhlilində deyilir ki, ötən il hətta çox aşağı neft qiymətlərinə baxmayaraq elektrik avtomobillərinin satışı 60 faiz artıb.

Əgər artım bu templərlə davam edərsə, neftin qiymətini çökdürən həmin o izafi “günə 2 milyon barrel neft” artıq 2023-cü ildə yarana bilər.

“Yeni texnologiyaların gəlişi vaxtını proqnozlaşdırmaq çətin olsa da, belə texnologiyalar gəlib çıxdıqdan sonra onları inkar etmək ümumiyyətlə mümkün olmur” – yazır Randall.

Bir vaxtlar rəngli televizorların dünyanı bürüyəcəyi ağla gəlməzdi
Bir vaxtlar rəngli televizorların dünyanı bürüyəcəyi ağla gəlməzdi

Məsələn, 1970-ci illərdə çox az adam inanardı ki, rəngli televizorlar dünyanı bürüyəcək. Və yaxud ötən onillikdə smartphone-ların hakim olacağını kim düşünə bilərdi?

Məhz bu baxımdan yanaşdıqda hazırkı əlamətlər 2020-ci ildən başlanan onilliyin elektrik avtomobilləri zəmanəsi olacağını söyləməyə imkan verir.

Əlamətlər deyəndə nə nəzərdə tutulur? Elektrik avtomobillərinin ən əsas komponenti onun batareyasıdır. Batareyaların qiyməti ötən il 35 faiz düşüb!

Əslində batareyaların qiyməti elektrik avtomobili qiymətinin üçdə birini təşkil edir.

Proqnozlara görə, artıq 2040-cı ilədək bütün dünya avtomobillərinin 35 faizində elektrik rozetləri olacaq.

Neftçilər inanmaq istəməsələr də…

Hazırda elektrik avtomobilləri qlobal avtoparkın 1 faizini təşkil edir. Onlar bir çox ölkələrin küçələrində nadir hallarda görünür və benzinlə işləyən maşınlardan əhəmiyyətli dərəcədə bahadırlar.

Məhz buna görə də elektrik avtomobillərinin gələcəyinə bir çoxları, ələlxüsus da neft sahəsinin bosları şübhə ilə yanaşırlar.

Bu barədə söz düşəndə Səudiyyənin neft naziri əsəbiliklə “bəs elektriki haradan alacaqlar, neft olmasa” deyir.

Elektrik avtomobillərinin satışı ötən il 60 faiz artıb. 1910-cu illərdə Ford avtomobilləri at arabalarını nəqliyyat meydanından məhz belə artımla çıxarıb

Ötən il ConocoPhillips şirkətinin rəhbəri Ryan Lance Bloomberg müxbirinə deyib ki, elektrik avtomobilləri qarşıdan gələn 50 ildə elə bir əhəmiyyətli rola malik olmayacaq.

Lakin reallıq bundan ibarətdir ki, bütün iri avtomobil şirkətləri elektrik avtomobillərinə milyardlarla dollar investisiya qoymağa başlayıblar. Axı onlar da öz sahələrini neftxudalar nefti bildiyi qədər bilirlər.

Elektrik avtomobillərinin satışı ötən il 60 faiz artıb. Tesla şirkəti bütün 2020-ci illər üçün özünə illik qaydada belə temp müəyyən edib. Yəni ildə 60 faiz artım.

Bloomberg yazır ki, 1910-cu illərdə Ford avtomobilləri at arabalarını nəqliyyat meydanından məhz belə artımla çıxarıb.

Lakin daha realist yanaşmalara görə illik qaydada 60 faiz artım mümkün deyil və ona görə də proqnoza mühüm düzəlişlər etdikdən sonra daha inandırıcı nəticələr əldə edilir.

Bloomberg-in metodologiyası ilə elektrik avtomobillərinin neft bazarlarına əhəmiyyətli zərbəsi 2028-ci ildən başlanacaq.

Günəş və külək neftdən çox enerji verir

Lakin elektrik avtomobillərinin xeyrinə işləyən başqa faktorlar da var. Səudiyyə naziri demişkən “elektriki hardan alacaqlar məsələsi” necə həll olunacaq?

Bloomberg yazır ki, 2040-cı ilədək elektrik avtomobilləri 1900 tervatt/saat elektrik istehlak edəcək. Bu, bəşəriyyətin ötən il istehlak etdiyi elektrikin 10 faizinə bərabərdir.

Neft buruqları əvəzinə yel dəyirmanları
Neft buruqları əvəzinə yel dəyirmanları

Elektrik avtomobilləri ilə bağlı başqa “superqənaət”lər də mövcuddur. 2013-cü ildən bəri Yer planetində külək və Günəşdən alınan enerji ilk dəfə olaraq kömür, qaz və neftdən birlikdə alınan enerjidən artıq olub.

Bloomberg batareyaların hazırlandığı materiallardan da söz açıb. Hesablamalara görə, 2030-cu ilədək bütün batareyalara lazım olacaq litium maddəsi onun planetdəki ehtiyatlarının yalnız 1 faizini təşkil edəcək. Eyni rəqəm nikel, manqan və misə də aid edilə bilər. Məsələn, bu batareyalar üçün dünya kobalt ehtiyatının yalnız 4 faizi lazım olacaq.

Hələ o da var ki, 2030-cu ildən sonra batareya strukturlarının özü də təkmilləşdirilərək yığcamlaşdırılacaq.

Neft qiymətini qısmalı olacaq

Bloomberg yazır ki, bütün bunlara baxmayaraq, neft bazarlarını tam inandırmaq mümkün olmayacaq, çünki elektrik avtomobillərinin yüksəlişini əngəlləyəcək faktorlar qalır.

Daha bir neft qiyməti düşümü onun sonunun başlanğıcı olacaq

Bunlardan biri də sürətli “elektrikdoldurma” məntəqələrinin azlığıdır. Məhz buna görə də Çin və Hindistan sürücüləri hələ uzun müddət benzinlə işləyən avtomobillərə meyl edəcəklər.

Üstəlik neftə olan qlobal tələbatın artması elektrik maşınlarının yayılmasını əngəlləyə bilər. Amma bunun üçün neftin qiyməti hardasa barrel üçün 20 dollar civarında qalmalı olacaq. Başqa sözlərlə neft sərfəli yanacaq olaraq qalmaq üçün qiymətini həmişə qısmalı olacaq.

Bloomberg yazır ki, məhz buna görə də bir məsələ tam dəqiqdir. Daha bir neft qiyməti düşümü onun sonunun başlanğıcı olacaq. Bundan sonra hər gələn yeni il küçələrə daha çox elektrik avtomobili gətirəcək və neftə tələbat azalmaqda davam edəcək.

XS
SM
MD
LG