Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Öz dilini atıb, ikinci dildə yazan yazıçılar


V.Nabokov
V.Nabokov

-

İkinci dili nəinki öyrənmək, o dildə ana dilindəki kimi yazıb-yaratmaq, ikinci dilin ədəbiyyatında uğurlu olmaq mümkündürmü?

Bu mövzudan danışanda rus yazıçı Vladimir Nabokov yada düşən ilk nümunədir. V.Nabokov ingilis dilində ana dili səviyyəsində yazırdı, özü də bu dildə üslubunu yaradırdı.

Maraqlıdır ki, V.Nabokov ingiliscə nə qədər öz ana dili səviyyəsində yazsa da, bəzi tarixi YouTube videolarında onun ingilis dilində qeyri-ana dili kimi, ləhcəylə danışdığı görünür.

İddia olunur ki, V.Nabokov üçdilli mühitdə böyümüşdü, o, uşaqlıqdan rus, ingilis, fransız dillərini bilirdi, hətta ingilis dilində rus dilindən daha əvvəl danışmağa başlamışdı. Amma o, ömrünün təxminən ilk yarısını qeyri-ingilisdilli mühitdə yaşamışdı. Ola bilsin, onun ingilis dilində ləhcəylə danışması bundan irəli gəlirdi.

Joseph Conrad
Joseph Conrad

Növbəti nümunə Józef Conrad’dır (Korzeniowski). O, polyak idi, amma ingilis dilində yazmış ən uğurlu yazıçılardan hesab olunur.

Rus hakimiyyəti dövründə Polşa Krallığında, zadəgan ailəsində doğulmuşdu. Fransaya ilk dəfə 16 yaşında getməsinə və orta məktəbi yarıyadək oxumasına baxmayaraq, fransız dilində səlis danışırdı. İngilis dilini isə yalnız 20 yaşlarında öyrəndi.

Bəs niyə o, əsərlərini üçüncü dildə yazmağı seçdi? O, bir kitabına önsözündə bunu fransız dilində yaxşı danışsa da, yetərincə yaxşı yaza bilməməsilə, ingilis dilində yazmağınsa onda “təbii” qədər asan alınmasıyla izah edir.

Maraqlıdır ki, Conrad’ın yazı ingiliscəsi güclü olsa da, şifahi ingiliscəsi zəif idi, o, hətta ictimai çıxışlarını ingilis dilində edə bilmirdi.

Onun bioqrafiyasını yazan Frederick Karl iddia edir ki, Conrad polyak dilində yazmaqdan ona görə imtina etmişdi ki, özünü atasından və mədəniyyətindən ayırsın. Uşaqlarına da polyak dilini öyrətməmişdi. Buna görə onu ittiham edirdilər. Nə polyaklar, nə də britaniyalılar onun niyə polyakca yox, ingiliscə yazdığını anlamırdılar, Conrad ikidilli dilemma ilə yaşayırdı.

Buna baxmayaraq, günümüzdə onun romanları ingilisdilli ədəbiyyatın ən qabaqcıl nümunələrindən hesab olunur.

Çex Milan Kundera və rus Andrey Makine dilini dəyişdirmiş yazıçılardandır. Onların hər ikisi əvvəl öz dillərində yazıblar, sonra mühacirətə gediblər, ikinci dildə - fransızca romanlar yazıblar.

Siyahını uzatmaq olar: Samuel Beckett, Nancy Huston, Rolanda Hinojosa-Smith, Anchee Min, Anna Kazumi Stahl...

Bütün bu yazıçılar öz yazılarının daha böyük mühitdə oxunması üçün ikinci dilə keçid ediblər. Ədəbiyyat tarixi göstərir ki, bu, mümkündür.

XS
SM
MD
LG