Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:16

“Mərkəzi Bankın əsas funksiyası özündə qalır”


Samir Əliyev
Samir Əliyev

►Ekspert maliyyə bazarında yeni qurumun yaradılmasını struktur islahatı sayır

“Mərkəzi Bankın publik hüquqi şəxsə çevrilməsi onun gücünü itirməsi anlamı daşımır”. Bunu AzadlıqRadiosuna İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir.

Martın 3-də Milli Məclisin uyğun komissiyasında Mərkəzi Bank haqqında qanuna dəyişikliklər təklif edilib və müzakirə üçün parlamentin ixtiyarına verilib.

Samir Əliyevin sözlərinə görə, prezident fərmanı ilə 1 ay əvvəl Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası bəzi dövlət xidmətlərinin, o cümlədən, Mərkəzi Bankın bəzi səlahiyyətlərini özündə ehtiva edəcək:

“Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti yeni quruma qoşulacaq. Göründüyü kimi, Palatanın vəzifəsi, əsasən, 3 istiqamətdə qurulacaq: lisenziyalaşdırma, tənzimləmə və nəzarət. Bununla da qurum ölkənin baş tənzimləyicisi səlahiyyətinə malik olacaq”.

Samir Əliyev deyir ki, bu, kifayət qədər məsuliyyətli bir dəyişiklikdir və hədəfi bu gün çox aktual olan riskin həllinə - ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsidir:

“Dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar fəaliyyət göstərir. Bu institutlar Mərkəzi Bank – Maliyyə Nazirliyi – ixtisaslaşmış qurum üçbucağı çərçivəsində fəaliyyət göstərir. Bu qurumlar ya paralel nəzarət funksiyasını icra edir, ya da ayrıca ixtisaslaşmış qurum bu səlahiyyətləri icra edir. Mərkəzi Bankın səlahiyyətləri bir qədər azalsa da, əsas funksiyası özündə qalır. Yəni Mərkəzi Bank ölkədə pul-kredit siyasətini həyata keçirəcək, bankları kredit resursları ilə təmin edəcək”.

“Gərginlik bankların zərərinə işləyə bilər”

Ancaq ekspert onu da vurğulayır ki, məhz bu məsələdə Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir. “Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onların arasında gərginlik bankların zərərinə işləyə bilər”, Samir Əliyev sözlərinə əlavə edir.

Müsahibimiz bildirir ki, Mərkəzi Bankın hüquqi statusunda “dövlət orqanı” sözünün əvəzinə “publik hüquqi şəxs” yazılması səlahiyyətində nəyinsə azaldılması anlamına gəlmir. Onun sözlərinə görə, bu, daha çox hüquqi şəxsin formasıdır:

“Əksər ölkələrdə mərkəzi banklar publik hüquqi şəxs statusu daşıyır. Yəni bu dəyişiklik Mərkəzi Bankın dövlətin funksiyalarını icra etmək səlahiyyətini əlindən almır”.

Ancaq tənzimləmə və nəzarət funksiyaları Mərkəzi Bankdan alınır. Samir Əliyevin fikrincə, bunu struktur islahatları çərçivəsində atılan addım kimi qiymətləndirilmək lazımdır.

XS
SM
MD
LG