-
Sanksiyaların ləğvi Putin-ə kömək etməyəcək; İrticaçılara üsyan; Beynəlxalq Qadınlar Günü niyə lazımdır? – 4 mart Qərb mediasının icmalı.
Vladimir Putin dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürsə, rusiyalıların böyük əksəriyyəti ona səs verərdi. Bu, Putin 2012-ci ildə prezidentliyə qayıdandan ən yüksək göstəricidir.
Məlumatı Rusiyanın WCIOM (Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi) dövlət sorğu mərkəzi yayıb.
1600 rusiyalı arasında sorğunun yanvarda keçirildiyi bildirilir. Onlardan 74 faizi Putin-ə «hə» deyib. Bu rəqəm nəinki əvvəlki sorğulardakından, həmçinin Putin-in indiyədək seçkilərdə topladığı səs faizindən yüksəkdir. Sonuncu dəfə 2004-cü ildə səslərin 71 faizini yığıb. Cəmi 15 faiz deyib ki, Putin 2018-ci ildə namizədliyini verərsə, onu dəstəkləməyəcək. 2012-ci ildə 39 faiz belə demişdi.
«Newsweek» dərgisində Damien Sharkov yazır ki, Putin 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra populyarlığı artıb. «Levada» Mərkəzi ötən ilin fevralında onun populyarlığının 86 faizə qalxdığını deyirdi. Ancaqmüxalifətçilər bu rəqəmləri rədd edir. Bloqqer Aleksei Navalny «Exo Moskvı» radiosuna deyib ki, Putin-ə dəstək reytinqi «nağıldan başqa bir şey deyil».
«Putin-in və «Vahid Rusiya»nın bu rəqəmləri, səsləri toplamasının yeganə səbəbi odur ki, bizi seçkiyə buraxmırlar», - Navalny söyləyib.
Ötən ilin iyulunda Putin-in tənqidçisi Mikhail Khodorkovsky deyirdi ki, Putin-in 2018-ci ildə seçkiyə gedəcəyinə və qalib gələcəyinə inanır. Ancaq bir il sonra populyarlığı düşüncə, istefa verməli olacaq. «O, başqa bir reallıqda yaşayır – bu, iqtisadi, siyasi reallıq deyil, məncə, dinidir. O, özünü post-Amerika dünyasının başçısı kimi görür», - Khodorkovsky deyirdi.
Putin 2014-cü ildə deyib ki, dördüncü namizədlik barədə qərar verməyib, ancaq ömrünün sonunadək də rəhbərlik etmək fikrində deyil.
SANKSİYALARIN LƏĞVİ PUTIN-Ə KÖMƏK ETMƏYƏCƏK
Bunu isə yenə «Newsweek»də Vladislav L.Inozemtsev yazır. Hazırda Rusiya-Avropa münasibətlərində sanksiyalar ən qızğın müzakirə olunan məsələdir. Sanksiyalar 2014-cü ildə əvvəlcə AB üzvləri tərəfindən qoyulub, sonra Rusiya qarşılıqlı tədbirə əl atıb. Rusiya rəsmiləri düşünür ki, AB sanksiyaları qaldırmalıdır. Elə Avropadan da siqnallar gəlir ki, qadağalara son qoyulması normal münasibətlərə qayıtmağın ən yaxşı yoludur.
Müəllifin fikrincə, tərəflərin sanksiyaların vurduğu ziyan barədə dedikləri yalandır. Rusiya iddia edir ki, Avropanın kənd təsərrüfatı sektoru ötən il satışdan 22 milyard dollar itirib. Bu məbləğ mübahisəlidir, ancaq avropalılar artıq yeni bazarlar tapıblar. Rusiyanın sanksiyalarından daha çox Şərqi Avropa ölkələri ziyan görsə də, onlar da öhdəsindən gəliblər. Kənd təsərrüfatı məhsulları bu ölkələrin ixracının cəmi 30 faizini təşkil edir və düşüş də 2.1 milyard dolları aşmayıb.
Bu səbəbdən, ticarətin bərpası AB-nin iqtisadi mənzərəsini ciddi dəyişməyəcək, ancaq iki vacib faktor var. Birincisi, Rusiya böhtan içindədir, Avropa məhsulları isə ucuz deyil deyə,Rusiya bazarına qayıtsa belə, rəqabətli olmayacaq. İkincisi, Rusiya böyük idxal əvəzləyici proqram başladıb və bu, rəqabəti daha da artırır. Bazara yeni oyunçular – Latın Amerikası və Çin daxil olub.
Qısası, müəllifin fikrincə, sanksiyaların qaldırılmasıyla AB-nin Rusiyaya kənd təsərrüfatı ixracı 15-20 faiz arta bilər, ancaq xarici siyasətdə böyük bir dəyişikliyi əsaslandırmaqdan ötrü buna dəyməz.
İRTİCAÇILARA ÜSYAN
«The Economist» yazır ki, mühafizəkarlar İranda fevralın 26-da keçirilən seçkidə mötədillərin, tanınmışların qarşısını almaqdan ötrü əllərindən gələni etdilər. Ancaq seçki onların sifətinə sillə kimi dəydi. Hələ yekun nəticələr açıqlanmasa da, mötədillərin həm parlamentdə, həm də Ekspertlər Şurasında üstünlüyü ələ aldığı görünür. 2012-ci ildə asanlıqla qələbə qazanan sərt-xətt tərəfdarları geri oturduldu.
Seçkinin islahatçı prezident Hassan Rouhani-dən ötrü «yaxşı xəbər» adlandırıldığı məqalədə vurğulanır ki, Rouhani indi iqtisadi islahatlarını daha rahat şəkildə gerçəkləşdirə bilər: «Ancaq seçkinin əhəmiyyətini lap şişirtməyə də dəyməz. Yeni parlament daha zəifdir, Rouhani daha etibarlı müttəfiqə ümid bəsləyirdi. Seçkiyə buraxılmayanları nəzərə alanda, seçilən mötədillər daha az islahatçı təəssüratı yaradır. Parlamentin özü də çox güclü orqan deyil. Mühafizlər Şurası onun qərarlarına veto qoya bilər. Parlamentdən, prezidentdən, hamıdan yuxarıda isə Ali dini lider olan Ayətulla Ali Khamenei dayanır…».
«Rouhani istəsə belə, İranın Mikhail Gorbachev-i ola bilməz. Khamenei deyir ki, nüvə sazişi Qərblə əməkdaşlığın digər formalarına təsir göstərməyəcək. O, ölkənin sərt islam qaydalarının hər hansı formada yumşaldılmasının qarşısını kəsib. Digər tərəfdən, elə köhnə inqilabçı elita üzvü olan Rouhani-nin də iqtisadi islahatlardan başqa nəsə həyata keçirəcəyi bəlli deyil».
BEYNƏLXALQ QADINLAR GÜNÜ NİYƏ LAZIMDIR?
1975-ci ildən bəri 8 Mart dünya feministləri tərəfindən qeyd olunur. BMT-nin təsis etdiyi həmin gündə dünyada qadınların əldə etdiyi uğurları qeyd olunur. Ancaq 41 ildən sonra yenə ara-sıra suallar yaranır ki, bu gün bizə lazımdırmı?
«Amnesty International» hüquq-müdafiə təşkilatı bildirir ki, hə, lazımdır və bunun 6 səbəbindən söz açır.
1) Qadınlar və qızlara hələ də abort qadağaları var. Bəzi ölkələrdə, mələsən, Çilidə abort qadağandır. İrlandiyada isə qadın yalnız ölüm ayağındadırsa, aborta icazə verilir.
2) Qızlar evliliyə məcbur edilirlər. UNICEF-in məlumatına görə, bu gün yaşayan hər 3 qadından biri 15 yaşı olmamış ərə verilib.
3) Məcburi seks hələ də zorlama sayılmır. BMT 1993-cü ildə bunu insan hüququ pozuntusu sayıb. Ancaq, məsələn, Tunisdə cinsi əlaqə qadınların və kişilərin bir vəzifəsi sayılır.
4) Ölü doğulan körpələrə görə qadınlar hələ də həbsə atılır. Bu, Nikaraquada və Salvadorda, hətta ABŞ-da da baş verib. Abortun qadağan olunduğu ölkələrdə belə hallara rast gəlinir.
5) Dölsüzləşdirmə (axtalama) qurbanları hələ də ədalət gözləyirlər. 1990-cı illərdə Peruda 200 minədək yerli və kasıb qadın belə bir təzyiqə məruz qalıb.
6) Qadınların ictimai yerlərdə cinsi qısnama halları qalmaqdadır. BMT-nin hesabatına görə, Londonda gənc qadınların 43%-i küçədə cinsi qısnamayla üzləşib.