Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:58

Trump-ın Rusiya sevgisi nədən qaynaqlanır


D.Trump/V.Putin
D.Trump/V.Putin

-

«Donald Trump ABŞ-Rusiya əlaqələrinin yaxşılaşmasını istədiyini deyəndə, bilin ki, bu sevgi təzə söhbət deyil. Trump-ın Rusiyada biznesini və brendini genişləndirmə səyləri on illər öncədən qaynaqlanır və bu tarixçə onun rusiyapərəst xarici siyasətini kölgələyir». «Bloomberg View»da Josh Rogin yazır ki, ABŞ-da prezidentliyə respublikaçılardan namizədliyə iddialı Trump, əslində, Rusiyada daşınmaz əmlak imperiyasını qurmağı hədəfləyir.

Trump hələ Sovet İttifaqı dönəmində, eləcə də postsovet Rusiyasında biznes qurmaq cəhdləri barədə danışmağı sevmir. Ancaq ABŞ-Rusiya münasibətlərinin yaxşı səviyyədə qalması Trump təşkilatına çox cəlbedicidir. Müəllif Trump-ın kampaniyasından şərh ala bilməyib və onun rus bağlarının tarixçəsinə nəzər salır.

Hələ 1980-ci illərdə Trump sovetlərlə danışıqlarda xidmətlərini təklif edirmiş. 1987-ci ildə o, Moskva və Leninqrada gedib, hotel tikintisini müzakirə edib. Hətta Sovet İttifaqının ABŞ-dakı səfiri ilə də görüşüb.

Trump 90-cı illərdə də Rusiyaya səfərlər edib. Rusiyalı siyasətçi, vaxtilə prezidentliyə namizəd olmuş Aleksandr Lebed Trump-ın Rusiya bazarında oturuşmasına kömək etmək istəyirmiş. «Trump Moskvaya getsə, Amerika da ardınca gələcək», - o, Trump-a deyirmiş.

2008-ci ildə Trump təşkilatı Moskva, Sankt-Peterburq və Soçidə elit iqamətgahlar və otellər tikmək planlarını elan edib. Trump-ın Rusiya daşınmaz əmlak bazarına marağı 2013-cü ildə lap artıb. O, Rusiyada milyarder Araz Ağalarovla görüşüb, Moskvada «SoHo» rezidensiya layihəsinin oxşarını tikməyi götür-qoy edib.

Trump Rusiya bazarının onu özünə çəkdiyini deyirdi. O, Moskvada Dünya Gözəli müsabiqəsini təşkil edib, Putin-i də dəvət edib. Rusiya prezidenti sonucda həmin tədbirə gəlməyib. Müsabiqə Ağalarovun Moskvadakı «Crocus City Hall» mərkəzində keçirilib. Elə həmin tədbirdə Trump elan edib ki, Moskvada göydələn tikməyi planlaşdırır.

«Prezidentliyə namizəd olmamışdan Trump-ın Rusiyada populyarlıq qazanmaq hərisliyi elə də narahatlıq yaratmırdı. Ancaq indi maraq toqquşması ortaya çıxır. Namizədin xarici siyasətdə tutduğu mövqe onun biznesinə bağlanır. Axı Trump təşkilatı üçün yaxşı olan Amerikadan ötrü yaxşı olmaya bilər», - deyə yazıda bildirilir.

Rusiya qırıcıları Suriyanı tərk etdi.
Rusiya qırıcıları Suriyanı tərk etdi.

PUTIN GEDİR, SURİYAYA SÜLH GƏLƏCƏKMİ?

«Newsweek» dərgisində Charlotte Florance Rusiyanın qüvvələrini Suriyadan çıxarmağa başlamasından yazır. Artıq Assad rejiminə ilk etirazlardan 5 il ötür və BMT bu ölkəyə sülh gətirmək naminə danışıqlara vasitəçilik edir.

Müəllif yazır ki, indiki durumda iki silahlı qruplaşma qazanclı kimi görünür – «əl-Qaidə»yə bağlı «əl-Nusra» Cəbhəsi və «İslam Dövləti» (İŞİD) qruplaşması.

Ancaq Amerikanın regionda və dünyada strateji mövqeyinə bir məqam ciddi ziyan vurdu – digər ölkələr Rusiyaya ABŞ-a bərabər qüvvə kimi baxmağa başladılar:

«Hazırda isə Suriyada durum terrorçuların xeyrinədir. İŞİD-ə bağlı kiçik qruplar və «əl-Nusra» döyüşçüləri dinc sakinlər arxasında dinc durmayacaqlar. Atəşkəsin məqsədi məhz bu sakinlərə humanitar yardım çatdırmaq idi».

Müəllif İordaniya və Türkiyənin hələlik İŞİD terroruyla çox üzləşmədiyini qeyd edir. Ancaq cənub cəbhəsi qorunmasa, hücumlar da arta bilər. «Əl-Nusra» Suriyanın şimalında Azad Suriya Ordusunun 13-cü diviziyasını məğlub edib. ABŞ bu müxalifət qrupunu dəstəkləyir. Onun məğlubiyyəti müxalifətin mövqelərinin zəiflədiyini, atəşkəsdən bəri strateji itkilərin baş verdiyini göstərir:
«İŞİD məhv edilməsə, Suriya münaqişəsinin siyasi həlli mümkünmü? Rusiyalılar olmasa belə, «Hizbullah» və İranın dəstəklədiyi digər silahlılar Assad-a müxalifəti əzməkdə kömək edəcək. İŞİD-in terror hücumları isə güclənəcək».

«Üsyançıların itkiləri ölkənin cənubunda Daraa kimi şəhərlərdə boşluq yaradacaq və nəticədə İŞİD və ya «əl-Qaidə» İordaniyada sabitsizlik törətmək fürsəti əldə edəcək», - müəllif yazır.

Ankarada terror - 13 mart 2016
Ankarada terror - 13 mart 2016

«JE SUIS ANKARA» HARADA QALDI?

«The Guardian» qəzetində Liz Cookman bu günlərdə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən bir məsələdən yazır. Bazar günü Türkiyə paytaxtı Ankarada oktyabrdan bəri üçüncü terror hücumu baş verdi. Ancaq «Je suis Ankara» («Mən Ankarayam») mesajını səsləndirən olmadı. Axı ötən noyabrda Parisdəki hücumlardan sonra bəzi türk məktəbləri belə matəm mərasimləri keçirirdi. Bu dəfə BBC jurnalistləri göz yaşlarına qərq olmadı, profil fotolarını türk bayrağına boyayacaq Facebook əlavəsi yaradılmadı və sairə.

«13 mart hücumu Londonun «Kızılay»ı olan Pikadilli meydanında baş versəydi, yəqin dünya ancaq bundan danışacaqdı. Bəs niyə Ankaradan danışmırlar? «Anlamırsınız ki, Ankaranın bu şəhərlərdən heç bir fərqi yoxdur? Yoxsa düşünürsünüz ki, Türkiyə, Suriya və İraq kimi, əsasən müsəlman ölkəsidir?» - musiqiçi James Taylor-un yazdığı Facebook statusu böyük rezonans doğurub».

Müəllif Britaniyanın Türkiyə ilə sevgi-nifrət münasibətində olduğunu vurğulayır. Rəy sorğularında turistlər bu ölkəni bəzən ən çox bəyəndikləri, bəzən də heç sevmədikləri məkan adlandırırlar:

«Ola bilsin, rəğbətin azlığı sırf biganəlikdən irəli gəlir. İlk dəfə 18 yaşım olanda Ankaraya getmişdim. Dost-tanışlar soruşurdular ki, «orada stul var, yoxsa yerdə döşəkcənin üstündə otururlar?», «Qadınlar küçədə təkbaşına gəzə bilir?». Adamı ən çox dilxor edən sual isə beləydi: «Doğrudan paytaxtı Ankaradır? Məncə, İstanbul olmalıdır axı»…»

«Ankarada üç hücumda Parisdəkindən daha çox insan həlak olub. Onların çoxu müsəlmanlar idi. Onlar Avropanın ən cinsəl cazibədar şəhərindən olmasalar da, terrorçuların əlində ölməkləri həmrəyliyə layiqdir. Taylor demişkən, ««Charlie» oldunuz, Paris də oldunuz. Ankara olacaqsızmı?»».

XS
SM
MD
LG