-
Bundan sonra büdcə, digər dövlət vəsaitlərini təyinatdan kənar istifadə edənlər həbs oluna bilər.
Parlament Cinayət Məcəlləsinə bununla bağlı dəyişikliklər edə bilər.
APA-nın xəbərinə görə, dövlət vəsaitlərinin təyinatdan kənar xərclənməsi ilə bağlı yeni cəzalar tətbiq olunacaq. Bunun üçün Cinayət Məcəlləsinə yeni 308-1 maddəsinin əlavə edilməsi təklif olunur.
Maddəyə görə, dövlət büdcəsindən və kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməyənləri 8 000 manatdan 10 000 manata qədər cərimə gözləyəcək. Üstəlik, onlar 3 il həbs cəzası da ala bilərlər.
Külli miqdarda vəsait təyinatdan kənar xərclənərsə, günahkarlara 3 ildən 6 ilə qədər həbs cəzası verilə bilər. Külli miqdarda dedikdə, 250 min manat və daha çox məbləğ nəzərdə tutulur.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sözügedən layihəni martın 17-də müzakirə edəcək.