-
«Günəşli» yatağında və «Neft Daşları»nda baş verən qəzada həlak olan neftçilərin xatirəsinə abidə qoyulacaq.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev martın 17-də dənizdəki qəzada itkin düşən neftçilərin ailələri ilə görüşündə bu haqda danışıb.
Şirkətin saytının xəbərinə görə, R.Abdullayev neftçi ailələrinə qəzadan ötən müddət ərzində görülmüş işlər barədə bilgi verib. O, itkin düşən neftçilərin axtarış işlərinin fasilə verilmədən aparıldığını, Türkmənistan ərazisində zəruri tədbirlərin həyata keçirildiyini bildirib.
R.Abdullayev qəzadan zərər çəkmiş bütün insanların sosial təminatları ilə bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılacağını qeyd edib.
«Günəşli» yatağındakı 10 saylı özüldə 2015-ci ilin dekabrının 4-də yanğın baş vermişdi. Platformada olan 63 işçidən 33 nəfəri xilas edilmişdi. Qalan 30 neftçidən 13 nəfərin cənazəsi tapılıb, digərləri itkin sayılır.
«Neft Daşları»ndakı qəzada isə köməkçi tikilinin uçması sonucu 3 neftçi həyatını itirmişdi.