Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:45

Lev Tolstoyun arvadına sonuncu məktubu


Sofiya Tolstaya qızı Aleksandra Tolstaya ilə
Sofiya Tolstaya qızı Aleksandra Tolstaya ilə

-

"Bəlkə də qarşımızda yaşamaq üçün qalan aylar artıq yaşadığımız bütün illərdən daha vacibdir, onları yaxşı yaşamağa çalışmaq lazımdır."

Lev Tolstoy
Lev Tolstoy

Lev Tolstoy 82 yaşında, ölməzdən əvvəl, gecəyarı xəstə vəziyyətdə arvadını və evini tərk etmişdi...

O, qatarla bir sutka yol gedəndən sonra bir qatar stansiyasında can vermişdi. Stansiya işçiləri həkimlərin müşayiətilə onun cəsədini evinə aparmışdılar və Yasnaya Polyanaya "kimdirsə hörmətli adam ölüb" deyən xalq kütləsinin axını başlamışdı.

Böyük yazıçının 82 yaşında, ölməzdən əvvəl evini niyə tərk etməsi haqda bir çox mülahizələr, miflər mövcuddur.

Pavel Basinskiy L.Tolstoyun ölümqabağı evi tərk etməsi haqda araşdırma kitabında yazır ki, yazıçı Yasnaya Polyananı tərk edəndən sonra məsih axtaran camaat deyirmiş: Tolstoy - Məsihdir, o, İsa kimi qeybə çəkilmək üçün gedib...

L.Tolstoy özü isə evini tərk edəndən sonra arvadı Sofiyaya bu sonuncu məktubunu yazmışdı.

Əziz Sofiya,

Daha bizim görüşümüz, xüsusən mənim evə geri dönməyim qətiyyən mümkün deyil. Sənin üçün bu, hamının da bildiyi kimi, ziyanlı, mənimçünsə dəhşətli olardı, çünki indi sənin belə hirsli, qıcıqlı, xəstəhal vəziyyətin mənə daha da pis təsir edə bilər. Məsləhət görürəm, mənim getməyimlə barışasan, yeni vəziyyətə, yeni zamana alışasan, ən başlıcası, müalicə olunasan.

Əgər məni nəinki sevirsənsə, elə təkcə nifrət etmirsənsə, onda biraz da olsa, özünü mənim vəziyyətimə qoy. Belə etsən, məni nəinki mühakimə etməyəcəksən, hətta mənə kömək edəcəksən ki, özümə insani həyat, sakitlik tapım, öz üzərində çalışmaqla mənə kömək edəcəksən və başlıcası, daha geri qayıtmağımı istəməyəcəksən.

Sənin indiki əhvalın, özünü öldürmək istəməyin və buna cəhd etməyin, həmçinin burada qeyd etmədiyim başqa şeylər - öz üzərində hakimiyyətini itirməyini göstərir, bu isə mənim üçün geri qayıtmağı lap ağlasığmaz edir. Bil ki, sənə yaxın adamları, məni, ən başlıcası, öz özünü iztiablardan qurtarmağı səndən başqa heç kəs bacarmaz.

Enerjini hər nə arzulayırsansa onun həyata keçməsinə, indi isə mənim qayıtmağıma yönəltməyə çalışma. Enerjini özünü, öz qəlbini sakit etməyə xərclə, onda istədiyini əldə edərsən.

İki gün Şamardin və Optinada keçirdim və indi gedirəm. Məktubu yoldan göndərərəm. Hara getdiyimi demirəm, çünki hesab edirəm ki, ayrılıq özüm üçün də, sənin üçün də zəruridir.

Düşünmə ki, səni sevmədiyim üçün getdim. Mən səni sevirəm və bütün qəlbimlə başa düşürəm, amma etdiyimdən başqa cür edə bilmərəm.

Biilrəm, məktubun səmimi qəlbdən yazılıb, amma sən istədiyini edə biləcək qədər hökmran deyilsən. Söhbət mənim hansısa arzularımı, tələblərimi həyata keçirməyindənn getmir, söhbət yalnız sənin özünlə taraz, sakit, həyata münasibətdə ağıllı olmağından gedir. Nə qədər ki belə deyil, mənə səninlə birgə həyat mümkünsüzdür.

Bu vəziyyətində sənə qayıtmaq mənim üçün həyatdan üz çevirmək demək olardı. Mənsə özümə bunu rəva görə bilmərəm.

Əlvida, əziz Sonya, Tanrı köməyin olsun. Həyat zarafat deyil, onu öz istəyimizlə tərk etmək haqqımız yoxdur, həyatı vaxt uzunluğuyla ölçmək də ağıllı hərəkət deyil. Bəlkə də qarşımızda yaşamaq üçün qalan aylar artıq yaşadığımız bütün illərdən daha vacibdir, onları yaxşı yaşamağa çalışmaq lazımdır.

1910, 30 oktyabr, Şamordino

XS
SM
MD
LG