-
"15 ildir yaradıcılıqla məşğulam, amma bu günəcən cəmi 1 kitabım dərc olunub. Niyə? Çünki yaradıcılığa başladığım gündən özümə söz verdim ki, öz hesabıma kitab çıxarmayacağam."
"Uşaqlarla yaxın dost olub, ölkəsini, təhsili onlara sevdirəcək mollalar görmək istərdim."
Uşaq yazarı Aygün Bünyadzadə ilə söhbət
- Aygün, əvvəla, səni ürəkdən təbrik edirəm “uşaqlar qarşısında xidmətlərə görə” Polşanın və BMT–nin "Beynəlxalq Təbəssüm Ordeni" mükafatını almağın münasibətilə. “Təbəssüm” mükafatı haqqında oxucularımıza ətraflı məlumat verməyini istərdim.
- 1968-ci ildə Polşada təsis edilmiş “Təbəssüm Ordeni” dünyada yeganə ordendir ki, uşaqlar tərəfindən böyüklərə, onların göstərdiyi mehribanlığa, dostluğa və səbrə görə millətindən, dinindən, yaşadığı yerdən, rəngindən asılı olmayaraq verilir.
Polşada yaranmasına baxmayaraq, Ordeni vermək təklifini eyni zamanda başqa ölkələrdən olan uşaqlar da dəstəkləyirlər.
BMT Baş katibinin qərarı ilə 1979-cu ildə Təbəssüm Ordeni beynəlxalq status alıb. 48 il ərzində Beynəlxalq Təbəssüm Ordeni öz sırasına bütün dünyadan minə yaxın insanı qəbul edib.
Onların sırasında Bill Clinton, Margaret Thatcher, 14-cü Dalay Lama, Papa II İohann Pavel, Tereza Ana, Səudiyyə Ərəbistanı kralı Abdulla bin Abdel Əziz, İsveç kraliçası Silviya, rejissor Steven Spielberg, Nelson Mandela, Sergey Obraztsov, Peter Ustinov, Astrid Lindgren, Agniya Barto, Tuve Yansson, JK Rowling, Sergey Mixalkov, həmçinin azərabaycanlı Kukla teatrı aktyoru, rejissoru Ələkbər Hüseynov (Ələkbər əmi) və başqaları olub.
- Mükafatı almağının, məncə, maraqlı tarixçəsi olmalıdı...
- 2010-cu ilin əvvəlləri idi. “Cırtdan” uşaq jurnalında baş redaktor işləyərkən dostlaşdığım uşaqlar – balaca dostlarım bu orden üçün mənim namizədliyimi irəli sürdülər, 2010-cu ilin sentyabrında isə, Polşada Ordenə layiq görülməyim barədə əmr imzalandı.
- Mükafatı 6 il keçəndən sonra gedib aldın. Nə mane olurdu ki, yolunu bu qədər gözlətdin?
- Ordenə layiq görüləndə mən Türkiyədə idim və təxminən 3 il yarım orada oldum. Bakıya geri dönəndən sonra isə xəstələndim və bir müddət də belə keçdi.
Bir qədər özümə gələn kimi, səfər xərci üçün Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə məktubla müraciət edib, Ordenimin təqdimatı üçün Polşaya getməli olduğumu bildirdim. Müsbət cavab gəldi. Bu fürsəti isə tez bir zamanda dəyərləndirdim və bu gün, 6 il sonra olsa da, nəhayət ki, Ordenimə qovuşdum!
Polşada üç gün oldum və bu, həyatımın ən xoşbəxt üç günü oldu - desəm, yanılmaram. Hamı başıma fırlanır, hamı qayğıma qalırdı...
- Belə bir tədbirdə keşiş görmək mənim üçün maraqlı oldu. Bizim mollalar niyə belə tədbirlərdə çıxış eləmirlər?
- Keşiş o qədər şən, o qədər mehriban və həyatsevər idi ki! Yeri gəlmişkən, o keşiş də Təbəssüm Ordeni kavaleridir və onu “şən və rəqqas keşiş” kimi tanıyırlar Polşada.
Mollalar barədə isə, çox çətin sual oldu mənim üçün. Buna, məncə, ən yaxşı cavabı elə onlar özləri verə bilərlər. Bugünəcən, təəssüf ki, özünü uşaqlara bu qədər həsr edən bir molla görmədim. Uşaqlarla yaxın dost olub, ölkəsini, təhsili onlara sevdirəcək mollalar görmək istərdim.
- Bizim çağdaş uşaq ədəbiyyatı başqa ölkələrdə, xüsusən Qərbdə yaranan uşaq ədəbiyyatından nə ilə fərqlənir?
- Təbii ki, fərqi var. Qərb Qərbdir, Şərq isə Şərq. Qəhrəmanlar, onların xarakterləri, göstərdiyi hünərlər...
Onlarda trollardır, bizdə divlər, onlarda qnomdur, bizdə Cırtdan.
- Uşaq ədəbiyyatı yazarlarına ölkəmizdə kifayət qədər diqqət, maraq varmı?
- Təəssüf ki, uşaq ədəbiyyatına da elə uşaqlara olduğu kimi biganə qalırlar, ona görə də bu gün uşaq ədəbiyyatına gələn heç kimsə yoxdur. Əgər belə bir gənc varsa, inanın ki, çox sevinərəm. Bu gün, respublikada uşaq ədəbiyyatı üçün iş görməyə çalışan yeganə dövlət qurumu F.Köçərli adına kitabxana və onun direktoru Şəhla Qənbərovadır. Onun kimi bir neçə şəxs olsa, uşaq ədəbiyyatımız bəlkə dirçələr.
- Niyə böyüklər özləri üçün kitab alanda xarici müəlliflərə üstünlük verdikləri kimi, uşaqlara da kitab alanda xarici müəlllifləri seçirlər?
- Çünki insan elə bir varlıqdır ki, hər zaman düşünür: harda mən yoxam, ora əladır. Necə ki, biz düşünürük, xarici ölkələr, xarici müəlliflər əladır, onlar da bizim barəmizdə eynisini düşünürlər. Kitablar barədə də elə! Düşünürlər ki, xaricidirsə, demək, əladır! Sirr də bundadır.
- Bu gün dərsliklərdə müasir uşaq yazıçıları nə dərəcədə təmsil olunur? Ümumiyyətlə, buna uşaq ədəbiyyatı yazıçılarının ehtiyacı var?
- Bu barədə təsəvvürüm yoxdur, bircə onu deyə bilərəm ki, o dərsliklərdə mən yoxam. Yəqin belə məsləhət bilirlər. Ehtiyaca gəldikdə isə, əlbəttə, buna ehtiyac var, çünki uşaqda məktəb vaxtından kitaba, əsərlərə maraq, zövq yaranır, əsasən ibtidai siniflərdə oxuduğu dərsliklərin böyük əhəmiyyəti var.
- Bəzi nəşriyyatlar klassik əsərləri -“Səfillər”i, “Don Kixot”u uşaqlar üçün uyğunlaşdırırlar. Bəziləri düşünürlər ki, bu, yanlışdır. Uşaqlar həmin əsərlər barədə dolğun təəssürat ala bilmirlər.
- Əslində, bu, yeni deyil. Uşaq vaxtı Qavroşu, Kozettanı oxuyarkən, sevərkən, düşünmürdüm ki, onlar hansısa böyük əsərin müəyyən hissəsidir. Qavroş bu gün də mənim sevimli qəhrəmanımdır. Odur ki, məncə, bu, normaldır.
- Sən ancaq uşaqlar üçün düşünən, uşaqlar üçün yazan, kitab çap eləyən yazarsan. Böyüklər üçün yazan yazıçıların da hərdənbir uşaqlar üçün yazmasına necə baxırsan?
- Yaza bilirsə, əladır. Məsələn, bir neçə il əvvəl çox maraqlı bir uşaq kitabı aldım, indiyə qədər də o kitabı dəfələrlə təkrar-təkrar oxuyub zövq alıram, müəllif isə, əsasən böyüklər üçün əsərləri ilə məşhurlaşan Filipp Pulmandır. Odur ki, əgər bacarırlarsa, qoy yazsınlar!
- Bəziləri bu fikirdədir ki, uşaqları kədərləndirmək olmaz, onlara ancaq medalyonun işıqlı üzündən danışmalıyıq. Bəziləri isə bu cür düşünür: uşaqları bu dünyada yırtıcıların da olduğu barədə xəbərdar eləmək lazımdı. Sən necə düşünürsən?
- Beynəlxalq Təbəssüm Ordeni cəngavəri kimi, mən də düşünürəm ki, kədərləndirmək olmaz. Onsuz da, böyüyəndən sonra kədərlənməyə o qədər səbəbləri olacaq ki! Əslində, biz böyüklər balacalardan hər xırda səbəbə sevinməyi, şənlənməyi, həyatı kəşf etməyi öyrənməliyik.
- Uşaqlar üçün kitablar daha baha başa gəlir. Uşaq kitabı üçün illüstrasiyalar çəkən rəssamın əmək haqqı, şəkillər rəngli olursa, kitabın qiyməti biraz da bahalaşır. Sonra belə bir kitabı satışa məcbur olub baha çıxarırsan, bu da alıcılıq səviyyəsini aşağı salır. Səncə, dövlət uşaq ədəbiyyatının inkişafında maraqlı olmalıdırmı?
- Əlbəttə, olmalıdır! Sovet dövründə uşaq kitabları, uşaq ədəbiyyatı nə qədər gözəl səviyyədə idi! Çünki hər şey dövlətin hesabına idi. Baxın, 15 ildir yaradıcılıqla məşğulam, amma bugünəcən cəmi 1 kitabım dərc olunub və 2 dilə - rus və ingiliscəyə tərcümə olunub. Niyə? Çünki yaradıcılığa başladığım gündən özümə söz verdim ki, öz hesabıma kitab çıxarmayacağam. Nəticə - “Təhsil" nəşriyyatında, onların nəşriyyat hesabına dərc etdikləri cəmi 1 kitab! Dövlətin qayğısına o qədər ehtiyac var ki!
- Aygün, bir daha səni təbrik edirəm. O gün olsun Andersen mükafatı alasan.
- Çox sağ ol.
Söhbətləşdi: Sevinc Elsevər