►Akademik Kamal Abdullanın kitabı Rusiyanın məşhur ədəbi mükafatına namizədlər sırasındadır
Tanınmış yazıçı, akademik Kamal Abdullanın Moskvada nəşr olunmuş “Platon, deyəsən, xəstələnib...” (“Platon, kajetsya, zabolel...”) hekayələr toplusu Rusiyanın “Sözə və Vətənə sədaqətə görə” mükafatına namizədlər arasındadır.
AMEA-nın yaydığı xəbərə görə, “Literaturnaya qazeta”nın ilk redaktoru olan Anton Delviqin adını daşıyan mükafat 2012-ci ildə bu nəşr tərəfindən “Rusiya illik milli mükafatı” kimi qurulub.
Birinci mükafata üç, ikinci mükafata altı əsər layiq görülür.
“Debüt” nominasiyasında dörd əsərə diplomlar təqdim olunur.
2014-cü ildə Moskvada çap olunmuş “Platon, deyəsən, xəstələnib...” kitabında yazıçının son illər qələmə aldığı hekayələr toplanıb.
Hekayələri rus dilinə Azər Mustafazadə tərcümə edib.
Ön sözün müəllifi məşhur rus yazıçısı Yuri Polyakovdur.
Kitab “Xudojestvennaya literatura” nəşriyyatında çap edilib.