Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:24

Yaralı İŞİD təhlükəlidir


İŞİD yaraqlıları
İŞİD yaraqlıları

-

İD təkcə terrorçu qruplaşma deyil; İŞİD «belçikalı qardaşlar»a xəbərdarlıq edir – 24 mart Qərb mediasının icmalı.

«Heyvan boğulanda vəhşicəsinə çırpınır, bağırır, canını qurtarmağa çalışır. Bu gün Suriya və İraqda «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması beləcə təntiyir, nəfəslik axtarır. Bircə il öncə savaş meydanlarından qalib çıxırdı, şəriət dövlətini elan etmişdi, sosial mediada güclü təbliğat aparırdı. Ancaq son aylar ərazilərini kürd qüvvələri tutur, komandirlərini itirir, sıralarından qaçanlar çoxalır, daxili casusları öldürür. Hətta keçmiş üzvlərindən biri Edward Snowden-lik edib, üzvləri barədə məlumatları mediaya sızdırıb».

«Foreign Policy» dərgisində Clinton Watts yazır ki, Avropaya son hücumlar İŞİD-in həmişəkindən daha güclü olması təəssüratını yarada bilər, ancaq əksinədir: qrup ümidsizlik içindədir, hələ də güclü olduğunu göstərməyə, dünyanın müxtəlif yerlərindən dəstəyi itirməməyə çalışır. Yaraqlılar artıq Suriya və İraqdan kənara çıxırlar, Avropaya yönəlirlər, Parisdə, İstanbulda, Brüsseldə partlayışlar törədirlər.

«Əl-Qaidə»nin Avropada iki böyük hücum həyata keçirməsinə on il getdi, 2004-cü ildə Madriddə, 2005-ci ildə Londonda partlayışlar canlar aldı. Ancaq İŞİD «Əl-Qaidə»ni bu mənada ötüb keçdi. Ötən il Parisdə iki terror törədildi».

Müəllif yazır ki, «Əl-Qaidə» hədəflərini diqqətlə seçirdi, simvollaşdırmağa, daha böyük təsir dairəsi yaratmağa çalışırdı. Bu baxımdan, İŞİD-in son zorakılıq dalğasını «Əl-Qaidə» modelinə keçid adlandıranlar yanılırlar. İŞİD döyüşçüləri simvolik Qərb hədəflərini, səfirlikləri, digər binaları vurmağa can atmırlar. Onlar tələsik plan qurur, şəxsən tanıdıqları yerli hədəfləri seçirlər: getdikləri stadion, metro, yaxud hava limanı, nifrətlə baxdıqları konsert zalını hədəfə alırlar. «Bir çox mənada İŞİD Avropada «Əl-Qaidə»nin tam əksi kimi özünü göstərir – sürətli, aqressivdir, uğur qazanır».

Ancaq yazıda o da vurğulanır ki, İŞİD növbəti aylarda koalisiya qüvvələrinə uduzacaq. Koalisiya İraqda Mosulu tutmağa hazırlaşır, kürd qüvvələri isə Suriyada İŞİD-in paytaxtı Raqqaya doğru irəliləyə bilər. «Avropaya yeni hücumlar mümkündür. İŞİD-in Paris və Brüssel uğurları qitədəki tərəfdarlarını ruhlandıracaq… Avropanın antiterror agentlikləri birgə işləməlidir, yoxsa Avropa şəhərləri yenə də günahsızların qanıyla yuyulacaq».

İŞİD İraqda
İŞİD İraqda

İŞİD TƏKCƏ TERRORÇU QRUPLAŞMA DEYİL

Bunu isə «Foreign Affairs» dərgisində Audrey Kurth Cronin yazır. Müəllifin fikrincə, Brüsseldə 22 mart terror hücumlarından sonra bu qrupu məhv etmək barədə ciddi düşünmək gərəkir.

Əvvəla, İŞİD «Əl-Qaidə» deyil. İŞİD-in Avropa şəbəkəsində, azı, 90 yaxşı təlim görmüş, yaxşı maliyyələşən əməliyyatçısı var. Onların taktikası qanlı döyüş səhnələrində cilalanıb, «Əl-Qaidə» kimi Hindukuş mağaralarında deyil. «Əl-Qaidə» üzvləri Yaxın Şərq pasportları ilə gəzirdilərsə, İŞİD üzvlərinin çoxunun Avropa sənədləri var. İkincisi, İŞİD-in Qərb özəyindən başqa onlarla ona tam bağlı olmayan cihadçılar mövcuddur. Faktiki olaraq, İŞİD-lə əlaqələndirilən hücumların çoxu birbaşa qruplaşma ilə bağlı deyil, təbliğatdan, onlayn resurslardan ruhlanaraq törədilib.

«Qısası, İŞİD təhlükəsi daha çox 1970-80-ci illərdə İran, İraq, Liviya, Sovet İttifaqı və Suriyadan gələn, dövlətin sponsorluq etdiyi terrorçuluğa bənzəyir. «Hizbullah» kimi qruplar daha böyük resurslara, maddi-texniki təchizata, kəşfiyyat xidmətinə, daha yaxşı silahlara malikdir», - yazan müəllif Qərbin bu qruplaşmaya qarşı koordinasiyalı mübarizəsini vacib sayır. Belə ki, kəşfiyyat məlumatları paylaşılmalıdır. İŞİD-in tutduğu ərazilər məhdudlaşdırılmalı, regiondakı suriyalı qaçqınların yerləşdirilməsindən ötrü beynəlxalq həll yolu tapılmalıdır.

Telegram
Telegram

İŞİD «BELÇİKALI QARDAŞLAR»A XƏBƏRDARLIQ EDİR

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşması «Belçikadakı qardaşlar»a xəbərdarlıq edib ki, Brüssel hücumlarından sonra internetdə çox gözə girməsinlər. Məlumatı «Newsweek» dərgisi yayıb.

«Telegram» sosial mesajlaşma şəbəkəsində yerləşdirilən məlumatda İŞİD tərəfdarlarını sosial mediadan uzaq durmağa çağırıb.

«Hərarət səngiyənədək çox gözə girməyin. Kəşfiyyat agentlikləri gecə-gündüz işləyəcək, Belçikada hərəkətə keçməyə hazır istənilən cihadçını tutacaqlar», - xəbərdarlıqda deyilir. «Panikaya düşməyin, sakit olun, diqqətinizi növbəti addımınıza cəmləyin və qardaşları da xəbərdar etməyi unutmayın».

«Newsweek» yazır ki, İŞİD mesajlaşma fəaliyyətini «Twitter»dən «Telegram»a keçirəndən bu sosial şəbəkə tənqidlərə məruz qalıb. Hazırda İŞİD «Telegram»dan təbliğat aparmaq, potensial cihadçılar toplamaqdan ötrü əsas platforma kimi istifadə edir.

Qruplaşmanın başqa bir postu min dəfədən çox oxunub. «Hərbi təlimi düz mətbəxinizin içinə gətiririk, sizi gəlib bizə qoşulmaq çətinliyindən azad edirik», - həmin ismarışda belə deyilir.

XS
SM
MD
LG