-
Vəkil Elçin Sadıqov prezident İlham Əliyevə müraciət edib. O, müraciətin mətnini öz Facebook səhifəsində də paylaşıb.
Elçin Sadıqov yazır ki, son vaxtlar vəkillik fəaliyyəti ilə bağlı özü və ailəsi əsassız ittiham və böhtan kampaniyası ilə üzləşib: «Heç zaman əlaqədə olmadığım, tanımadığım bir qrup şəxs ötən ilin yazından etibarən Vəkillər Kollegiyasına barəmdə şikayətlər yazmaqla bu kampaniyaya start veriblər. Kollegiyaya şikayətlərdə bir qayda olaraq mənim siyasi məzmunlu məhkəmə işlərində də müdafiəçi qismində çıxış etməyim vurğulanıb. Bu amili mənim əleyhimə yönləndirməyə çalışıblar. Sırf vəkillik fəaliyyətimə görə barəmdə əsassız intizam icraatı başlanıb. Halbuki, mən vəkiləm, mənim üçün müdafiə etdiyim vətəndaşların şəxsiyyəti, mövqeyi, ideya və baxışları heç vaxt ön planda olmayıb. Mənim üçün ən önəmlisi təbii ki, hər zaman pozulan hüquqların bərpasıdır».
E.Sadıqov yazır ki, son vaxtlar bu kampaniya daha da güclənib: «Mənə, əzizlərimə iftira atan, ləkələyici informasiyalar yayan şəxslər telekanallara da çıxış əldə ediblər. Yaxınımın adı, əsassız olaraq cinayət olayı ilə hallandırılıb. Halbuki, sözügedən əsassız iddialar zamanında hüquq-mühafizə qurumları tərəfindən araşdırılıb və öz təsdiqini tapmayıb. Hazırda belə əsassız məlumatlar mənim peşə fəaliyyətimə görə yenidən gündəmə gətirilib».
Vəkil düşünür ki, bu kampaniyaya son verilməsi üçün ən doğru yol əlaqəli dövlət qurumlarının müdaxiləsi olardı: «Müstəqil vəkillik demokratik cəmiyyətlərin özəyini təşkil edir. Konstitusion vəkillik fəaliyyətinə görə insanları təqib etmək, onlara təzyiq göstərmək, nüfuzdan salmaq, ləkələmək yolverilməzdir. Sizdən mənə qarşı aparılan kampaniyasının ədalətli araşdırılması, ona son qoyulması üçün gərəkli addımların atılmasını təmin etmənizi xahiş edirəm».
Elçin Sadıqov 2006-cı ildən vəkillik fəaliyyəti ilə məşğuldur. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.