Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:51

Qarabağı Azərbaycanın parçası sayan erməni dissident...


'Xocalı üçün ürəyi ağrıyan' erməni dissident
Gözlə

No media source currently available

0:00 0:09:02 0:00

Vahe Avetyan

Tanınmış erməni dissidenti və yazıçısı Vahe Avetyan Ermənistanın fərqli düşüncəyə malik siyasətçilərindən hesab olunur.

Tanınmış erməni dissidenti və yazıçısı Vahe Avetyan Ermənistanın fərqli düşüncəyə malik siyasətçilərindən hesab olunur.

1962-ci ildə Yerevanda doğulmuş Avetyanın hazırda İsveçdə yaşamasının bir səbəbi də bu kardinal fərqli düşüncəyə malik olmasıdır.

Ermənistan mənbələrindən alınan məlumatlara görə, Avetyan 1980-ci illərin sonlarında Ermənistanın Respublika Partiyasının təsis olunmasında fəal iştirak edib.

Bundan sonra Azərbaycanda tarixən daha çox daşnak partiyası kimi tanınan Erməni İnqilabi Federasiyasına daxil olub. Erməni mənbələri yazırlar ki, o bu partiyaya təşkilat Ermənistanda qadağan edilən gün daxil olub və əvvəlcədən vəd etdiyi kimi partiyanın fəaliyyətinə qanunla icazə verilən gün onu tərk edib.

1990-cı illərdə İsveçə mühacirət etsə də, özünü erməni yazıçısı və siyasətçisi hesab etməkdə davam edir. Hərçənd İsveçdə yaşadığı müddətdə bu ölkənin də siyasi həyatına atılıb.

O, Ermənistanda insan haqları və demokratiyanın yorulmaz kampaniyaçılarından biri kimi tanınır.

Ermənistanda Rusiya hərbçilərinin olmasını işğal adlandırır və hesab edir ki, ermənilər Xocalı hadisəsinə görə “azərbaycanlılara, ən azı başsağlığı verməlidirlər”.

Avetyan düşünür ki, hazırkı hakimiyyət onun vətənini işğal edib.

O bu kimi fikirlərini martın 30-da müstəqil Sova News internet saytının müxbiri Sofiya Tetradzeyə müsahibəsində bir daha təsdiqləyib.

Mühacirətdə ola-ola Ermənistan siyasəti ilə necə məşğul olduğu barədə suala cavabında Vahe Avetyan deyib ki, “bu informasiya siyasətidir. Mənim xalqım siyasi baxımdan çox məlumatsızdır”.

“Mən siyasətlə kitablarım və məqalələrim vasitəsilə məşğul oluram. Başqa hansısa vasitə varmı? Siz bilavasitə iştirak nəyə deyirsiniz? Küçələrdə milislə dava eləməyə? Məni o qədər oxuyan var ki...Mən o qədər insana təsir göstərə bilirəm ki...” – deyib Avetyan.

Siyasətçi deyir ki, Ermənistanda çox sayda müttəfiqləri var. O, özünü, hələ sovet vaxtlarından dissident kimi tanınan Paruyr Ayrikyanın davamçısı hesab edir və onu “mənim ali baş komandanım” adlandırır.

“Xuntanı” devirməyin yolu

Vahe Avetyan bildirir ki, hazırkı Ermənistan prezidenti Serj Sarkisyanı Kremlin oyuncağı sayır, lakin o, indiki rejim şəraitində nəyisə etməyin çətinliyini də etiraf edir.

“Mən düşünürəm ki, ən yaxşı variant elliklə seçki məntəqələrinə gedib səs vermək, məntəqələri zəbt edib səsləri saymaq və hökuməti qovmaqdır” – deyir Avetyan.

Onun fikrincə, indiki “xuntanı” devirməyin başqa yolu da var: İki yüz adam, istəsə, iki saatın içində hərbi çevriliş edə bilər.

“Bu bir çox ölkələrdə olub – deyir Avetyan, - Amma ertəsi gün nə etməli? İndiyədək Ermənistanda olan və ifşa edilməyən çekistlər necə olsun? Onlar yüz min, ən azı ikiyüz mindirlər, bütün postları tutublar...Bunlar Putinin əlaltıları olan qohumlarımız, qonşularımızdır. Ermənicə danışırlar. Biz onları tanımırıq, lakin onlar bir-birlərini tanıyırlar. Onlar bizim içimizdəki məxfi ordudurlar...” – deyir dissident.

O düşünür ki, sistem özünü çürüməyə qoymur, son 25 ildə gənclərdən ibarət tərəfdarlar ordusu yaradılıb. Onların arasında kimlərə qulluq etdiyini başa düşənlər də, düşməyənlər də var.

Avetyan düşünür ki, hazırda Ermənistanda mövcud olan siyasi süstlük adamların daha heç kimə inanmaması ilə bağlıdır.

“Ermənistan işğal olunmuş ölkədir, o heç nəyi özü həll etmir” – deyir Avetyan.

Vahe Avetyan düşünür ki, hökumət devrilsə, artıq indidən onun yerini tutacaq “qərbpərəst çekistlər” qrupu hazırdır və Minsk üçlüyü onları dərhal hökumət kimi tanıyacaq.

Demokratlar hakimiyyətə gəlsələr

Ermənistanı tərk etməsinin səbəbləri barədə danışmaq istəmir. Deyir ki, ona Ermənistanda sui-qəsd edildiyini söyləsə, dərhal kimlərsə onun özünə xal topladığını deyəcəklər.

Rusiya Qafqazı ona görə buraxmaq istəmir ki, Qafqazsız və ya Ukraynasız rus mentallığı məhv ola bilər

Siyasətçi yada salır ki, prezidentliyə namizəd Paruyr Ayrikyana sui-qəsd olunanda, Facebook-da onun özünü vurmasını yazanların dəstəsi yaranmışdı.

Vahe Avetyanın fikrincə Dağlıq Qarabağdakı hazırkı münaqişə Minsk üçlüyünü qane edir və “buna görə də onlar status quo-nu dəyişdirmək üçün heç nə etmirlər”.

“Rusiya Qafqazı ona görə buraxmaq istəmir ki, Qafqazsız və ya Ukraynasız rus mentallığı məhv ola bilər” – deyir yazıçı.

“Bəs Qarabağ problemini bu gün həll etmək mümkündürmü” sualına Avetyan birmənalı cavab verir: “Bir günün içində. Sadəcə olaraq Ermənistanda və orda hakimiyyət yıxılmalıdır. Demokratlar hakimiyyətə gəlsələr, bu məsələ dərhal həll olunacaq” – deyir Avetyan.

Xocalı məhkəməsində şahid olaram...

Siyasətçininfikrincə, əslində, bu məsələ çoxdan həll olunub. Ermənistan BMT üzvlüyünə daxil olarkən bütün üzvlərin ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Biz bütün dünya qarşısında qəbul etmişik ki, Qarabağ Azərbaycanın bir hissəsidir

“O vaxt erməni rəhbərliyi bircə vergülünə də toxunmadan, Qarabağa heç bir iddia etmədən həmin sənədi imzalayıb. Biz bütün dünya qarşısında qəbul etmişik ki, Qarabağ Azərbaycanın bir hissəsidir. İndi Ermənistanda adamları aldadırlar ki, guya mübarizə aparırlar. Birinci prezident Levon Ter-Petrosyan da təsdiq etmişdi. Sonradan cürbəcür prinsiplər – Madrid prinsipi, nə bilim, Ki Vest prinsiplərini toqquşdurdular. Üç prezidentin üçü də bu prinsiplərin altından qol çəkiblər. Bu prinsiplərdən biri isə Azərbaycanın ərazi bütövlüyüdür. Amma indi camaatın gözünə kül üfürürlər. Məsələ çoxdan həll olunub. Amma onlara lazımdır ki, bu münaqişə uzansın, biz inkişaf etməyək. Biz Minskl üçlüyündən olan qardaşlarımıza inkişaf etmiş, bütöv ölkələr kimi yox, asılı və müstəmləkə ölkələri kimi lazımıq” – deyir Avetyan.

Sofiya Tetradze xatırladıb ki, Avetyanı Ermənistanda Xocalı məsələsində tutuduğu mövqeyə görə tənqid edirlər.

- Sizin bu barədə hər hansı bir versiyanız varmı? O vaxt nə olub Xocalıda?

- Məndə informasiya var. Mən bu informasiyanı bilən adamlardan yığmışam. Nə vaxtsa bu məsələyə görə məhkəmə olsa, mən ora könüllü şəkildə şahid kimi gedəcəyəm. Bildiklərimin hamısını deyəcəyəm, amma indi istəmirəm. Çünki deyilən hər bir söz təbliğata gedir. Bu ölüm təbliğatıdır – deyir Vahe Avetyan.

Bəlkə mən isveçliyəm?

Onun fikrincə “azərbaycanlılar da, ermənilər də eyni dərəcədə dəli olublar”.

“Ermənilər deyirlər ki, “niyə demisən”, azərbaycanlılar isə deyirlər ki, “nə yaxşı ki, demisən”. Axı mən nə demişəm? Demişəm ki, bir neçə yüz insan həlak olub. Uşaqlar, qadınlıar, qocalar – tamamilə günahsız insanlar. Mən normal insan kimi demişəm ki, bu, mənim üçün ağrılıdır. Ola bilsin, mən burda yaşadığım 25 il ərzində isveçli, avropalı olmuşam. Amma bilirəm ki, kimin başına gəlməsindən asılı olmayaraq, belə hallarda başsağlığı vermək lazımdır... Bu sadəcə olaraq tərbiyəli insanın hərəkətidir. Həm Ermənistanda, həm də Azərbaycanda bu gün tərbiyəli adamlara təəccüblənirlər. ..”

Axı mən nə demişəm? Demişəm ki, bir neçə yüz insan həlak olub. Uşaqlar, qadınlıar, qocalar – tamamilə günahsız insanlar

Vahe Avetyan hesab edir ki, Türkiyənin “erməni soyqırımına” görə üzr istəməsindən əvvəl, hələ iki ölkə arasında münasibətlər normallaşmalıdır.

Avetyan deyir ki, Erdoğanın bu məsələnin öyrənilməsi üçün alimlər qrupu yaradılması ideyasını rədd etməklə ermənilər düzgün hərəkət etmirlər.

“Bax bu balaca Ermənistan...heç xəritədə adını yazmaq üçün yer də yoxdur, üstünə nömrə yazıb, sonra xəritənin ayağında o nömrənin Ermənistan olduğunu qeyd edirlər, - Türkiyə ilə münasibətləri istəmir. Əşi, siz Türkiyənin nəyinə lazımsınız?.. - deyir Avetyan, - Məndən olsa, qarşıya addım atardım. Danimarkalılar, isveçlilər kimi problemlərimizi həll edərdik.İsveçlilər və finlər Alland adaları problemini həll edən kimi”.

Uşaqlıqdan qəribə olmuşam

Bununla yanaşı Avetyan etiraf edir ki, Alland adaları Millətlər Liqasının qərarı ilə Finlandiyaya veriləndə Rusiyanın regiondakı təsiri az olub.

O hesab edir ki, Alland modelinin Dağlıq Qarabağ münaqişəsinə şamil edilməsi üçün Rusiya artıq regiondan çıxıb getmiş olmalıdır.

“Nə qədər ki, ruslar ordadırlar, danışdıqlarımız nağıldır” – deyir Avetyan.

Ermənistan barədə danışarkən “millət” və “dövlət” sözünü işlətməməsini Vahe Avetyan Ermənistanın müstəqil olmaması ilə izah edir:

“Millətin atributu müstəqillikdir. Xalq bir dövlət kimi müstəqil olmayınca, o millət deyildir, tayfadır, hansısa başqa dövlətin tərkibində icmadır - deyir siyasətçi, - Hüquqi baxımdan biz fəxr edə bilərik ki, BMT bizi tanıyıb. Amma mahiyyətcə millət yoxdur. Biz yad qoşunların torpağımızda olmasına icazə veririk. İzah edirik ki, bizə kimsə hücum edə bilər. Bu cəfəngiyyatdır. Bizi indi işğal ediblər, qoşun yeridiblər. Adamlarımız qorxurlar ki, bunlar çıxıb getsə, başqaları gələcək. Mən öz xalqımın belə düşüncəsinə görə utanıram...Amma mənim xalqımı da blokada ilə diz üstdə qoyublar...”

“Bu mənim sevimli xalqımdır. Mən Ermənistanın hər yerində sevilmişəm. Hər yerində. Uşaqlıqdan bir az qəribə olmuşam. Elə şeylər edirdim ki, adamları ömrüm boyu mat qoyurdum. Amma heç yerdə problemim olmurdu. Ermənistan mənim evimdir. Bu xalq mənim xalqımdır” – deyir Vahe Avetyan.

Vahe Avetyanla müsahibə. 1-ci hissə

'Xocalı üçün ürəyi ağrıyan' erməni dissident
Gözlə

No media source currently available

0:00 0:09:02 0:00

Vahe Avetyanla müsahibə. 2-ci hissə

“Xocalı üçün ürəyi ağrıyan” erməni dissident (2-ci hissə)
Gözlə

No media source currently available

0:00 0:07:20 0:00

Vahe Avetyanla müsahibə. 3-cü hissə

“Xocalı üçün ürəyi ağrıyan” erməni dissident (3-cü hissə)
Gözlə

No media source currently available

0:00 0:07:56 0:00

XS
SM
MD
LG