Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:16

Cəbhədə gərginliyin artmasında kimlər maraqlıdır?


Azərbaycan ordusu
Azərbaycan ordusu

-

Cəbhədəki gərginliklər, beynəlxalq münasibətlər və ölkədə islahatlara mane olan amillər bugünkü medianın aparıcı mövzusudur.

ERMƏNİSTAN STATUS-KVONUN DƏYİŞDİRİLMƏSİNİ İSTƏMİR

AZƏRTAC Prezident yanında Təhlükəsizlik Şurasının iclasındakı çıxışları geniş təqdim edib. Prezident İlham Əliyev çıxışında deyib ki, Ermənistan sülh istəmir. Məqsədi status-kvonun dəyişməz qalmasıdır. O qeyd edib ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları da Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir: «Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. Bu yaxınlarda Rusiya prezidenti və xarici işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürüblər. Biz bunu alqışlayırıq. Həm görüş əsnasında və rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildiriblər. Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstəriblər».

İlham Əliyev deyib ki, Amerika Birləşmiş Ştatları da münaqişənin tezliklə həll olunmasında maraqlıdır: «Bilirəm ki, Ermənistan rəhbərinə də müəyyən siqnallar, mesajlar verilmişdi. Yəni, son vaxtlar həmsədrlər, onların dövlətlərinin başçıları çalışırlar ki, məsələ həll olunsun. Nüvə Sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur», -deyə prezident qeyd edib.

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

NİYƏ VƏTƏNDƏ BƏRABƏRLİK OLMASIN?

«Azadlıq» qəzeti də cəbhədəki gərginliklə bağlı silsilə yazılar dərc edib.
«Vətən necə sağ olsun?» başlıqlı belə yazılardan birinin müəllifi Şahvələd Çobanoğludur. Müəllif yazır: «Azərbaycan əsgərinə də inanıram, Azərbaycan xalqına da. Azərbaycanın gələcəyinə də. Amma müharibə aparacaq orduya rəhbərlik edənlərə inanmıram».

O, inamsızlığının səbəblərini belə izah edir: «Bilirəm ki, ölkəmiz yalanın işğalından azad olunsa, torpaqları daha asan qaytara bilərik. Ölkə bütün hallarda müdafiə olunmalıdır. Amma öz ölkəsinin və xalqının sərvətlərini oğurlayanların bunun üçün fədakarlıq edəcəyinə, doğru yol tutacağına inanmıram. Azərbaycanı neft ölkəsindən səfalət səltənətinə çevirən bir rejimin ölkəyə uğurlar gətirəcəyinə inanmış olduğumu desəm, riyakarlıq edərəm».

Ş.Çobanoğlu məşhur «Vətən sağ olsun» deyimini xatırladır və bir neçə sual verir: «Bəli, bir deyimimiz var: Vətən sağ olsun! Amma Vətəndə niyə ədalət və haqq olmasın? Vətəndə niyə ən adi işlər yolunda olmasın? Vətəndə niyə bərabərlik olmasın?».

Qəzet cəbhədə atəşkəsin pozulması ilə bağlı ekspert rəylərini də təqdim edib. Politoloq Zərdüşt Əlizadə deyib ki, atəşkəsin pozulmasının arxasında Rusiya dayanır: «Azərbaycan Qərblə yaxınlaşmağa bir addım atırsa, Moskva və oyuncaq Ermənistan hökuməti xəbərdarlıq kimi cəbhədə böyük təxribat törədir».

Fazil Mustafa
Fazil Mustafa

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu da Rusiya faktorunu önə çəkib: «Əks təqdirdə, Ermənistan tərəfi müstəqil şəkildə, belə təhlükəli riskə gedə bilməzdi. Cavab qəti və kəskin olmalıdır. Zərurət yaranarsa, ölkədə səfərbərliyə start verilməlidir».

İQTİSADİYYATI İNHİSARÇILIĞIN BUXOVUNDAN AZAD ET

Deputat Fazil Mustafa «Yeni Müsavat» qəzetinə müsahibəsində ölkədə islahatlara mane olan amillərdən bəhs edib. F.Mustafanın fikrincə, islahatlara obyektiv zərurət yaranıb: «İslahatlar aparılmasının zəruriliyi bilavasitə Qərblə münasibətlərin yaxşılaşdırılmasından asılı deyil. Daha çox dövlətin gələcəyinin necə olmasını şərtləndirən düşüncənin diktəsindən asılıdır».

F.Mustafa neftin dəyərdən düşməsinin islahatları qaçılmaz etdiyini deyir: «Neftin qiymətinin aşağı düşməsi yeni iqtisadi münasibətlərin formalaşmasını tələb edir. Hər halda, Azərbaycanda əsas problem iqtisadiyyatı inhisarçılığın buxovundan azad etməkdir . Hökumətin son aylarda aldığı müsbət qərarlar var. Amma vergi siyasətində sahibkarlığın inkişafı üçün stimullaşdırıcı əsaslı dəyişikliklər baş verməyincə, bu müsbət qərarların bəhrəsini görmək, hələ ki, çətin olacaq».

XS
SM
MD
LG