Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:26

Qərbdə Sovet tatar kəndlisinin həyatı haqda romana böyük maraq


Guzel Yakhina, "Züleyxa gözlərini açır" kitabı
Guzel Yakhina, "Züleyxa gözlərini açır" kitabı

-

Ötən il Rusiyada Böyük Kitab Mükafatını, "Yasnaya Polyana"nı qazanmış, 2015-ci ilin ən yaxşı rus kitabı adını almış "Züleyxa gözlərini açır" romanının bir ilə artıq dünyanın iyirmiyə yaxın dilinə tərcümə edilməsi üçün müqavilələri bağlanıb.

Romanın müəllifi Güzel Yakhina bu ay London Kitab Sərgisində Rusiyanı təmsil edir.

Stalin dövründə yaşanmış siyasi təqiblər haqda bu roman Güzel Yakhinanın ilk romanıdır. Qərb ədəbi çevrələrində "Sovet tarixinin qaranlıq səhifəsi" kimi tanınan bir mövzuya girişməsi hələ heç romanı oxumadan xarici naşirlərdə böyük maraq doğurmuşdu.

Üstəlik, Rusiyada tənqidçilər bu romanı tərif yağışına tutdular. Tənqidçi Pavel Basinski "Rossiyskaya Gazeta"-da yazdı:

“Faciəvi tarixi hadisələri böyük nəsrə çevirməyin arxasında duran əlkimyanı yarada bilmək olduqca çətindir … İndi biz uzun müddət gözlədiyimiz çox güclü bir debüt romana şahid oluruq. Məsələ burasındadır ki, əlkimya çox yaxşı tutub: böyük mövzu ədəbiyyata çevrilib.”

Romanın ingiliscəyə tərcüməsi 2018-ci ilin əvvəlində işıq üzü görəcək. Onu rus dilindən ingilis dilinə tərcümə edən Lisa Hayden deyir:

"Bu romanı çox sevdim, çünki Güzel Yakhina bir çox elementləri çox gözəl işləyib: canlı qəhrəmanlar, Tatar mədəniyyəti, Sovet tarixi, bunları müşayiət edən canlı təbiət təsvirləri - bütün bunlar birləşərək gözlənilməz şəraitdə yeni həyat tapmağa dair təsirli bir romana çevrilir."

Romanı Qərbdə "Müsəlman qadınla kommunist kişinin rus romanında məhəbbəti" kimi təqdim edirlər.

Romanın məzmunu haqda daha geniş məlumat almaq üçün Güzel Yakhinanın London Kitab Sərgisində verdiyi müsahibəni təqdim edirik:

- Romanınız nə haqdadır?

Guzel Yakhina
Guzel Yakhina

- 30 yanvar, 1930-cu ildə Sovet hökuməti varlı kəndlilərin genişmiqyaslı repressiyasına başladı, onların əmlakını əlindən aldı, özlərini kulak adıyla zorla Sovet İttifaqının uzaq, kimsəsiz yerlərinə sürgün etdi. Sibirə, Şimal Qütbünə, Qazaıstana, Altay dağlarına. Mənim romanım bu hadisələr haqqındadır. Kulaklaşdırılan, sürgün edilən altı milyon kəndlidən birinin həyatı haqda yazmışam.

Əsas xarakter (baş qəhrəman) Züleyxa adlı tatar kəndlidir, kimsəsiz, qaranlıq dünyada yaşayır, Allaha, cinlərə,ruhlara, patriarxiyaya inanır.

Onu müasir dünyaya gəlməyə vadar edən şərait olmasa, öz qaranlıq Orta Əsrlər həyatına davam edəcək. Başına müxtəlif faciəvi hadisələr gəlir, bu hadisələr onu daxilən azad edir və şəxsən dəyişdirir.

- Romanda sevgi də var?

- Bəli, sevgi romanın mərkəzi mövzularından biridir. Romanın ikinci protaqonisti başqa millətdən, dindən, həmçinin başqa sinifdən olan bir kişidir. Züleyxa müsəlman tatar qadındır. İvan isə kommunist rusdur. Onlar kitabın əvvəlində bir-birlərinin tam əksidirlər, amma kitab boyu bir-birlərinin dünyagörüşünə yaxınlaşırlar.

- Ötən il Zaxar Prilepin-in Sovet İttifaqının Solovki məhbus düşərgəsi haqda "Obitel" romanı da Rusiyada Böyük Kitab mükafatını qazandı, bu ilsə sizin bu roman. Bu o deməkdir ki, son iki ildə rus oxucular Sovet həbs düşərgələri və repressiyalara böyük diqqət göstəriblər. Sizcə, niyə məhz bu mövzulara?

Guzel Yakhina
Guzel Yakhina

- İnsanlar bu dövrlə doğrudan da çox maraqlanırlar, əgər onlar bu haqda oxumaq istəyirlərsə, biz də bu haqda yazmalıyıq.

Züleyxa şəxsi romandır, nənəmin həyat hekayəsilə sıx bağlıdır. Hətta onu yazmaqdan başqa yolum yox idi. Prilepinin romanı haqda öz romanımı yazmağa başlayandan sonra eşitdim, oxuyanda onun romanını çox bəyəndim. Ciddi və vacib əsərdir, bir daha qayıtmaq istədiyin, dostlarına da məsləhət gördüyün kitablardandır.

- Deməli, bu kitabı nənənizin həyatı əsasında yazmısız?

- Bioqrafiya deyil. Mən nənəmin həyatından yalnz iki şey götürmüşəm. Vaxtı (1930-1946) və onun sürgün yolunu. Onlar Kazan şəhərinin Tatar kəndindən Krasnoyarska, sonra isə Angara çayı boyunca gedib ucqar tayqa meşəsində heç bir kömək olmadan məskən salıblar.

Bundan başqa, nənəmin xatirələrində danışdığı iki epizodu da götürmüşəm: çayın ortasında bir neçə yüz məhbusu daşıyan bərənin ilişməsini, bir də bir kiçik faktı: nənəmə bir sürgün professor öz yazdığı dərslikdən riyaziyyat öyrədirmiş.

Qalanı həm təxəyyül məhsuludur, həm də sürgün edilmiş, həbs edilmmiş başqa kulakların ordan-burdan eşitdiyim həyat hekayələridir.

Nənəmin taleyilə bu kitab arasında bir vacib fərq də var: nənəm valideynlərilə birlikdə Sibirə sürgün ediləndə bapbalaca qız imiş. Nənəm sürgündə böyüyüb. Amma mən böyük qadının o şəraitdə keçdiyi dəyişikliklərlə daha çox maraqlanırdım, odur ki, mənim qəhrəmanım kitaba (və sürgünlərə) 30 yaşda başlayır.

XS
SM
MD
LG