Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:59

Problemli kreditlərin artımı nə vəd edir?


İlham Əliyev
İlham Əliyev

-

Azərbaycanda islahatlar, problemli kreditlər və qadın hüquqlarının pozulması bu gün medianın aparıcı mövzusudur.

İSLAHATLAR DÖVRÜ…

«Azərbaycan» qəzetində «Dərin və genişmiqyaslı islahatlar dövrü» adlı məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, 2016-cı ili prezident dərin iqtisadi islahatlar ili elan edib. İslahatların geniş miqyasını müəyyənləşdirib.

««Biz hələ yolun başlanğıcındayıq» - Prezidentin bu ifadəsi qlobal miqyasda baş verən iqtisadi-siyasi-hərbi proseslərin fonunda Azərbaycanın özü üçün müəyyənləşdirdiyi inkişafın yeni istiqamətlərinə baxışını əks etdirir. Bəli, yeni yolun başlanğıcındayıq. Bu yolu da uğurla keçib, nəzərdə tutulan nəticəyə çatmağa isə indi daha böyük əminlik var. Çünki bu günün Azərbaycanı dünənkindən güclü, həm də hərbi potensialına görə daha qüdrətlidir»,- deyə müəllif İxtiyar Hüseynli yazır.

Nazirlər Kabineti.
Nazirlər Kabineti.

HƏDƏLƏRDƏN, BARMAQ SİLKƏLƏMƏLƏRDƏN SONRA…

«Azadlıq» qəzeti isə «Əliyevin vədləri niyə özünü doğrultmadı?» adlı məqalə dərc edib. Bu yazıda da prezidentin iqtisadi sahədə atdığı addımlar dəyərləndirilir. Məqalədə hökumət elə Hesablama Palatasının hesabatı üzərindən tənqid olunur: «Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabata nəzər salanda aydın görünür ki, heç bir sahədə şəffaflıq yoxdur. Bütün sahələrdə yeyinti, oğurluq, vəzifə səlahiyyətlərini aşma halları var».

Müəllif Hesablama Palatasının açıqlamalarını rəsmi etiraf kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevi şəffaflıqla bağlı verdiyi vədləri yerinə yetirməməkdə günahlandırır: «Əgər ölkə başçısı həqiqətən də fikirlərində səmimi olubsa, şəffaflığı prioritet hesab edirsə, hesabatda adıçəkilən qurumların rəhbərləri vəzifədən getməlidirlər. Fakt budur ki, hədələrdən, barmaq silkələmələrdən sonra vəziyyət daha da pisləşib».

Manat
Manat

PROBLEMLİ KREDİTLƏR ARTDIQCA...

«Novoye Vremya» qəzeti «Azərbaycan banklarının çaxnaşması» sərlövhəli məqalədə problemli kreditlər mövzusuna toxunur. Məqalədə oxuyuruq: «Ölkənin bank sektorunda durum acınacaqlıdır. Mərkəzi Bank bu ilin fevral ayının yekunlarına əsasən, problemli kreditlərin həcminin 1mlrd. 329 milyon manata yüksəldiyini bildirir. Bu, yanvar ayının nəticələri ilə müqayisədə 15 milyon manat və ya 1.1 faiz çoxdur».

Ekspert Nəriman Ağayev qəzetə bildirib ki, neftin qiymətinin düşməsi və devalvasiya əhalinin manata olan inamını tamamilə sarsıdıb: «Odur ki, vətəndaşlar manatla olan əmanətlərini dollar və avroya dəyişirlər. Hazırda Azərbaycan əhalisinin əlində 7 milyard dollar var. Bütün yatırımların 76 faizi xarici valyutada, cəmi 24 faizi manatladır». Məqalədə qeyd edilir ki, problemli kreditlər həmişə olub. Amma indiki iqtisadi situasiya onun həcminin artacağını göstərir. Müəllifin düşüncəsinə görə, problemli kreditlər artdıqca isə, banklar bağlanmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Foto illüstrasiya.
Foto illüstrasiya.

QADINLARA QARŞI AYRI-SEÇKİLİK VAR?

«Exo» qəzeti qadın hüquqlarının pozulmasından bəhs edir. «Gender əlamətinə görə» adlı məqalədə qeyd edilir ki, qadın hüquqları dünyanın hər bir yerində pozulur: «Amma onların bəzilərində günahkarlar buna görə sərt cəza alırlar. Bəzilərində isə məsuliyyətdən yayınmaq olur».

Müəllif yazır ki, ölkədə işsizlərin çoxu qadınlardır: «Reallıqda işsizlərin sayı daha çoxdur. Onların çoxunu qadınlar təşkil edir. İş verənlər analıq məzuniyyəti, uşağa baxmaq üçün tibbi bülleten götürən qadına yox, kişiyə üstünlük verir. Deməli, işə qəbul zamanı cinsi əlamətə görə, qadınlara münasibətdə ayrı-seçkilik var».

Məqalədə deyilir ki, Azərbaycanda qadınların çoxu pedaqoji, tibbi sahədə çalışmağa üstünlük verirlər. Həmin sahələrdə isə iş tapmaq heç də asan deyil:

«Təmiz Dünya» təşkilatının sədri Mehriban Zeynalova da qəzetə bildirib ki, qadınların ən çox əmək hüquqları pozulur. Onun deməsinə görə, zəif cinsin təmsilçiləri işdə seksual tələblərlə üz-üzə qalırlar: «Bu haqda qadınların çox az hissəsi danışır. Qalanları işini itirməmək, belə münasibəti özlərinin yaratması kimi ittihamlarla üz-üzə qalmamaq üçün susurlar».

XS
SM
MD
LG