Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:36

ÜDM-də azalma davam edir


Xəzərdə neft buruqları.
Xəzərdə neft buruqları.

-

Bu ilin yanvar-mart aylarında ölkədə 12 milyard 588.7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 3.5 faiz azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunun səbəbi tikinti və nəqliyyat sektorlarında istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalmasıdır.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8.3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1311.6 manata bərabər olub.

SƏNAYEDƏ DƏ AZALMA VAR

Sənayedə bu ilin birinci rübündə 7 milyard manatlıq məhsul istehsal edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 0.6 faiz azdır.

Buna əsasən xam neft hasilatının 1.5, qaz hasilatının 7.9, elektrik enerjisi istehsalının isə 6.7 faiz azalması səbəb olub.

NƏ ARTIB?

Emal sektorunda qida məhsullarının istehsalı 2.3 faiz, tütün məmulatlarının istehsalı 87.5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı isə 3.2 dəfə artıb.

Habelə, metallurgiya məhsullarının istehsalı 11.5 faiz, hazır metal məmulatlarının istehsalı 80.2 faiz, elektrik avadanlıqlarının istehsalı 2.3 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı da 2.4 dəfə çoxalıb.

Bundan başqa, avtomobil, qoşqu, yarımqoşquların istehsalı 18.2 faiz, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri isə 2.4 dəfə artıb.

NƏ AZALIB?

İçkilərin istehsalı 9.3 faiz, geyim istehsalı 14 faiz, dəri məmulatlarının, ayaqqabıların istehsalı 78.1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 18.7 faiz azalıb. Kağız və karton istehsalı 17.2 faiz, poliqrafiya məhsullarının istehsalı da 4.3 faiz aşağı düşüb.

Habelə, kimya sənayesi məhsullarının istehsalı 6.4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 45.9 faiz, tikinti materiallarının istehsalı 32.6 faiz azalıb. Maşın və avadanlıqların istehsalında 27.2 faiz, mebel istehsalında isə 16.9 faiz azalma olub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5.1 faiz artıb, neft sektorunda isə 1.3 faiz azalıb.

XS
SM
MD
LG