Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:46

“Qadının gözünün altı göyərə, xəyanətə uğraya bilər”


►“Boşanmanın qarşısını almaq üçün ağsaqqal-ağbirçək məsləhəti yox, mütəxəssis lazımdır”

Ekspert Mətanət Əzizova: “Vaxtilə bu işi QHT-lər görürdü”

“Keçmiş yoldaşımla tanış olanda 21 yaşım vardı, bəyəndik, bir-birimizi sevdik. Evlənməyə qərar verdik. Nikahımız 3-4 ildən sonra pisləşməyə doğru getdi. Böyüklərin təkidi ilə nikahı təxminən 10 il qoruya bildim”. Bu, yerli mediada çalışan, şərti olaraq Lalə Əliyevanın həyat hekayətinin iki-üç cümlə ilə ifadəsidir.

Onların nikahından iki uşaq var, ailələrinin dağılmasına səbəb kimi maddi imkansızlığı görmür, baxmayaraq ki, dolanışığı elə də yüksək olmayıb: “Xəyanətlərini tutdum, qazandığını kənara xərcləyirdi. Münasibət korlanmışdı”.

“Bizim ailə modelimiz uğurlu deyil”

Lalə Əliyeva deyir ki, qohum-əqrəba onun boşanmasının qabağını iki dəfə alıb: “Bizim tərəflərdə boşanan qadına pis baxırlar. Ər döyür? Təbii qarşılayırlar. “Xəyanət edir? Bunu elə kişi edər”, deyirlər. “Evə baxmır? Nə gətirir, şükür elə”, cavabını verirlər”.

İkinci evliliyə hazırlaşan müsahibimiz nikah idarələrində ağsaqqal-ağbirçəklərdən ibarət ictimai qurumların yaradılması təklifini istehza ilə qarşılayır: “Bu adamların ailə nümunəsi, ailə modeli budur ki, qadının gözünün altı göyərə, ya o, xəyanətə uğraya bilər. Bizim ailə modeli uğurlu deyil, o zaman bu ailə modelinin içində yaşayan adamlar yeni evlənənlərə nə məsləhət verəcək?”

Nikah idarələrində ictimai qurumların yaradılması təklifini Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı verib. O, “Modern.az” saytına açıqlamasında deyib ki, “ağsaqqallardan, ağbirçəklərdən və başqa təşkilatların nümayəndələrindən ibarət ictimai qurumlar evlənmək və boşanmaq istəyən gənclərə məsləhətlər, tövsiyələr verməlidirlər”.

Ən çox boşanma Xocalıda, ən az boşanma Samuxda qeydə alınıb

Statistika Azərbaycanda boşanmaların sayının artdığını göstərir. Əgər 2011-ci ildə ölkə üzrə boşananların sayı 11 minə yaxın olubsa, iki il əvvəlin göstəricisi 12 mindən yuxarıdır.

2014-cü ildə 20-29 yaşlı kişilər arasında ayrılanların sayı 4 minə yaxındırsa, bu yaşda qadınların 7 mindən çoxu nikahını pozub.

30-39 yaş arasında boşanan kişi və qadınların sayı təxminən üst-üstə düşür: 4 mindən yuxarı.

Boşanan cütlüklər arasında evliliyi 5 ilə qədər sürənlərin sayı 4600, 5-9 il sürənlərin sayı 3 mindən yuxarıdır. 10-19 illik nikahı pozulanların sayı 2300-ə, 20 ildən artıq birgə yaşayıb ayrılanların sayı 1800-ə qədərdir.

İki il əvvəl ölkədə ən çox boşanma Xocalı rayonu üzrə qeydə alınıb, hər min nəfərə 2,2 boşanma hadisəsi düşüb. Bakı, Gəncə, Sumqayıt da boşanma üzrə öndə gedir. Ən az boşanma hadisəsi Samux rayonunda baş verib. 2014-cü ildə bu rayonda hər min nəfərə 0,2 boşanma düşüb.

___________________________________________________________

Bunlara da bax:
“İlham Əliyev sənə yaxşılıq edib, sən isə...”
"5 rayonu istəyirsənsə, bu təşkilatlara üzv ol"
Müsəlman ölkələrindən Azərbaycana dəstək

___________________________________________________________

“Qadınlar ailəni daha çox qoruyur”

Boşanma işləri üzrə daha çox qadınların nümayəndəsi kimi məhkəmə işlərinə çıxan hüquqşünas Xalisə Şahverdi deyir ki, müştəriləri, əsasən, ərin ailəyə baxmamağından və ya zorakılıq üzündən boşanmaq qərarına gəliblər.

“10 ildir məhkəmədə boşanma işləri aparıram, yalnız bu son aylarda bir işdə tərəflər barışmağa qərar verdi. Müşahidələrimə görə, xüsusilə, körpə uşağı olan qadınlar daha çox ailəni qorumağa çalışırlar”.

Mətanət Əzizova
Mətanət Əzizova

Qadın problemləri üzrə ekspert Mətanət Əzizova AzadlıqRadiosuna deyir ki, boşanma səbəbləri hər ölkə üzrə fərqlidir, ancaq o hesab edir ki, Azərbaycanda bu səbəbləri öyrənmək məqsədilə tədqiqatlar aparılmır:

“Səbəbləri dəqiq müəyyənləşdirən tədqiqatlar yoxdursa, nəticəni aradan qaldırmaq üçün keçirilən seminarların, tədbirlərin də faydası olmayacaq”.

Mətanət Əzizova qeyd edir ki, boşanmaların qarşısını almaqdan ötrü “ağsaqqal-ağbirçəklərdən” çox ailə psixoloqlarına ehtiyac var:

“Gürcüstanda hakim boşanmaq istəyən cütlüyü ailə münaqişələri üzrə mütəxəssis yanına göndərir və çalışır ki, onlar öz problemlərini başqa şəxslər qarışmadan həll etsinlər. Bundan sonra cütlük qərar verir, davam etsinlər, ya ayrılsınlar”.

“Bəzi psixoloqlar qadınları dözməyə, susmağa çağırır”

Ekspertin sözlərinə görə, Azərbaycanda bəzi psixoloqlar yerli adətlərin mənfi tərəfindən yapışıb qadınları dözməyə, susmağa çağırırlar, günahı onda tapırlar:

“Vaxtilə QHT-lər bu məsələlərdə psixoloqlarla, hüquqşünaslarla işləyirdi ki, ailə münaqişələrinin həlli üzrə ixtisaslaşsınlar. QHT sektoru sıradan çıxarılıb”.

Mətanət Əzizova əlavə edir ki, ailələrdə sevgi, hörmətlə yanaşı cütlüklərin bir-birinə dəyər verməsi, boş vaxtını daha çox ailəsinə sərf etməsi, həyat yoldaşı ilə daha artıq vaxt keçirməyə çalışması müasir nikahı uzunömürlü edən səbəblərdən biridir.

Qəhrəmanımız Lalə Əliyeva bu dəfə nikahının ömürlük olacağını düşünür. Deyir ki, artıq yetkin yaşdadır, nişanlısı ilə yaşamaq istədikləri ailə modelini müzakirə edib və baxışları üst-üstə düşdüyündən evlənməkdə tərəddüd keçirmir: “İnanıram ki, uğurlu evliliyimiz olacaq”, o deyir.

XS
SM
MD
LG