Bakı və ətraf ərazilərindəki sürüşmə zonaları yeni Baş Plan əsasında şəhərsalma zamanı problemlər yaradacaq. Paytaxtda mövcud və perspektivdə inkişaf edəcəyi təqribən 2,2 min kvadrat metrlik ərazinin sürüşmə təhlükəli olduğu müəyyən edilib.
Bunu Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Trend-in xəbərinə görə, E. Əlizadə mövcud sürüşmə sahələrinin Bakı amfiteatrı zonasını əhatə etdiyini deyib. Bakı amfiteatrı Badamdar yamacından başlamış bütün Bayıl yamacını, Teleatra qədər olan çox böyük ərazini əhatə edir.
«Müəyyən edilib ki, bu ərazilərdə bəzi tədbirlərin görülməsinə baxmayaraq, sürüşmə sahələri heç də konservasiya olunmayıb, orada təhlükə qalmaqdadır. Müəyyən amillərin təsiri ilə həmin ərazilərdə, xüsusilə Badamdar yamacında və Bayıl yamacının qərb hissəsində sürüşmə üçün daha fəal zonalar var. Zığ massivi, Ukrayna meydanı, Yeni Günəşlidəki «Kərpic» zavodunun ərazisindəki və Masazırdakı sürüşmə əraziləri indi də fəaldir. Təqdiqat zamanı onların genişlənərək xeyli böyük əraziləri əhatə edəcəyini müəyyən etdik» - deyə E. Əlizadə bildirib.
O, son tədqiqatlar zamanı yeni sürüşmə risqli ərazilərin müəyyən edildiyini bildirib. Bu, Qurd qapısı, Qanlı göl, Lökbatan yamacı, Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələrinə doğru olan əraziləri əhatə edir. Bundan başqa ora Masazır, Sulutəpə və Ceyranbatan Su Anbarından qərbə doğru olan zonaları daxildir.
Mütəxəssis hesab edir ki, tikinti işləri aparıldıqda - suötürücü, mühəndis-texniki qurğuları tikiləndə, yollar çəkiləndə yamaclarda istinad divarlarına rütubəti keçirməkdən ötrü qurğular qoyulsa, təhlükənin miqyası azaldıla bilər.
«Gələcəkdə sürüşmə sahələrinin genişlənmə ehtimalı çox böyükdür. Bu işlərin aparılması ilə gələcəkdə - yaxın 20-30 ildə bizi gözləyən həmin təhlükənin miqyasını azalda bilərik. Bu isə sürüşmənin fəsadlarının aradan qaldırılması üçün xərclənəcək milyonlarla manata qənaət etməyə imkan verəcək» - deyə o qeyd edib.