Suriyada atəşkəsin pozulması, Türkiyəyə Avropaya vizasız gediş-gəliş rejiminin verilməsi, ABŞ seçki kampaniyası, Vaşinqton və Moskva arasında hərbi-siyası gərginliyin artması kimi başqa geosiyasi hadisələr nefti bir müddət xəbər başlıqlarından çıxarıb.
Neft isə yanvar ayından bəri sent-sent bahalaşmaqda davam etsə də, qiymətlər ümumən aşağı olaraq qalır və bu həftə ərzində hətta üzüaşağı hərəkətə başlayıb.
Hazırda Brent markasından olan neftin qiyməti bir barrel üçün 45 dollar ətrafında aşağı-yuxarı var-gəl edir.
Dünyanın aparıcı neft analitikləri ilin əvvəllərindən başlanan “dirçəlişə” onsuz da ciddi yanaşmırdılar və bildirirdilər ki, neft qiymətlərini aşağı salan “fundamentallar” – yəni təməl faktorlar dəyişməz olaraq qalır. Başqa sözlərlə neft qiymətlərini yenidən zenitə qaldıracaq heç nə baş vermir.
Əksinə, neftin qiymətini daha da aşağı salmalı olan hadisələr baş verir.
Sentiment
Reuters agentliyinin xəbərində deyilir ki, neft ixrac edən ölkələrin OPEC təşkilatında hasilat son vaxtların tarixində ilk dəfə olaraq rekord həddə - günə 32 milyon barrelə çatıb.
Qeyri-OPEC ölkələrindən ən böyük ixracatçı Rusiyanın da hasilatı rekord həddədir.
BNP Paribasdan neft strateqləri Harry Tchilinguirian və Gareth Lewis-Davies Reuters-ə deyiblər ki, neft qiymətlərinin son həftələrdəki yüksəlişi təməl faktorlara yox, daha çox maliyyə və bəlkə də sentimentə əsaslanıb.
“Sentiment” isə neft sənayesindən daha çox insan psixologiyasına və bədii ədəbiyyata yaxın termindir.
Bununla yanaşı son günlərdə neft sənayesində və bazarlarında maraqlı hadisələr hər halda baş verir.
Məsələn, Səudiyyə Ərəbistanı ölkənin neft asılılığından çıxarılması üçün yeni proqramını təntənə ilə elan edib.
Müxtəlif təhlilçilər bu xəbərə ən müxtəlif bucaqlardan yanaşıblar.
Səudlar başqalarının bilmədiyi nəyi bilirlər?
Neft analitiki Rick Newman yazır ki, investorlar Səudiyyənin dövlət neft şirkəti Aramco-nun səhmlərini 2017-ci ildə satışa çıxaracağı barədə xəbərə çox da ağız suyu axıtmamalıdırlar.
Caprock Group şirkətinin təsisçisi Matthew Weatherly-White deyir ki, səudları bu addıma nə isə itələyib və yəqin onlar “başqalarının bilmədiyi nəyi isə bilirlər”.
Səudiyyə qonşu ölkələrdə müharibələrə və şahzadələrin dəbdəbəli həyat tərzinə pul çatdırmır
Onun fikrincə səudlar, ola bilsin neftlərinin bir azdan heç nəyə dəyməcəyini bilirlər.
Səudlar Aramco səhmlərinin 5 faizini satmağa hazırlaşırlar. Bu Aramco-ya 2 trilyon dollar gətirməlidir. Əslində bu pula Exxon Mobil kimi şirkəti almaq olar.
Lakin Newman yazır ki, hasilatın rekord həddə olması neft qiymətlərinin ən böyük bəlası olmaya da bilər.
Təhlilçi qeyd edir ki, ötən dekabrda 196 ölkə COP21 kimi tanınan razılaşmanı imzalayıb.
Neft və başqa qazıntı yanacağından istifadə üçün çox sərt şərtlər qoyan bu saziş bir çox ölkələri daha bahalı alternativ enerji növlərinə müraciətə sövq edə bilər.
Bir çox Avropa ölkələrində və ABŞ-da elektrik avtomobillərinin istehsalı çox ciddi miqyaslar ala bilər, ona görə ki, belə avtomobillərin qiymətləri də ildən-ilə düşür.
Ya pulları qurtarır, ya da neftləri
“Düşünürəm ki, səudlar bunu neftin gələcəyindəki qeyri-müəyyənliyə görə edirlər” – deyir Weatherley-White.
Onun fikrincə, onlar hər ehtimala qarşı bu 2 trilyonun üstündə rahatca oturmağa hazırlaşırlar.
Kim bilir, bəlkə də bir gün səudlar kənd təsərrüfatı ilə məşğul olmağa məcbur ola bilərlər
Təhlilçi Səudiyyənin indiyədək qısqanclıqla qoruduğu Aramco-nun səhmlərindən bir qədərini satmaq qərarının üç mümkün səbəbini göstərib: Ola bilsin ki, səudlar doğrudan da ölkənin neft asılılığından azacıq çıxarılması üçün kiçik bir cəhd edirlər.
İkinci səbəb bu ola bilər ki, Səudiyyənin nefti sadəcə olaraq tükənməyə başlayıb və onun artıq bütün dünyanın düşündüyü qədər nefti yoxdur.
Üçüncü bir səbəb odur ki, Səudiyyə qonşu ölkələrdə müharibələrə və şahzadələrin dəbdəbəli həyat tərzinə pul çatdırmır.
Weatherley-White Səudiyyənin gələcək investorlarına iqlim dəyişikliyi faktoru barədə düşünməyi də tövsiyə edir.
“Kim bilir, bəlkə də bir gün səudlar kənd təsərrüfatı ilə məşğul olmağa məcbur ola bilərlər” – deyir Weatherley-White.
Elə bu vaxt dünyanın o biri ucunda...
Elə bu vaxt dünyanın o biri ucunda, göyərtəsində toplam 166 milyon barrel neft olan 83 supertanker Çin istiqamətində üzür. Bunu Bloomberg-in “gəmiizləmə” məlumatları göstərib.
Xəbər verilir ki, qlobal neft qiymətlərinin düşməsinə əsas baiskar olan Çin 2016-cı ilin birinci rübü ərzində öz anbarlarını gündə 787 min barrel ucuz neftlə doldurmaqda olub.
Oilprice.com saytı yazır ki, “bütün dünya neftin 20, yoxsa 30 dollara düşəcəyi barədə qiybətlərlə məşğul ikən Çin xəlvətcə öz ehtiyatlarını artırırmış”.
Çinin idxal rəqəmləri göstərir ki, qlobal neftin qiymətləri nə qədər ucuz olubsa, Çin bir o qədər cidd-cəhdlə anbar doldurub.
2015-ci ilin yanvarında Reuters xəbər verirdi ki, Çin özünün strateji neft ehtiyatlarını 30 gündən 90 günə qaldırmağı planlaşdırır. Bu arada həm də xəbər verilmişdi ki, Çində yeraltı neft anbarlarının şıdırğı tikintisi gedir.
Oilprice.com yazır ki, yazır ki, Çinin təcili anbardoldurma fəaliyyəti onun neft qiymətlərinin bu ucuzluqda qalmayacağına inamından irəli gələ bilər və buna görə də Pekin qara nefti ucuz vaxtında “qara gün” üçün alıb yığır.
Nırxdəyişən
Elə isə Çinin neft idxalını artırması o deməkdirmi ki, neft qiymətləri artıq ən aşağı həddinə çatıb?
Səudiyyə nırxdəyişən istehsalçı olduğu kimi, Çin də nırxdəyişən istehlakçıdır
Oilprice.com buna inanmır. Məqalədə deyilir ki, bu meyllə neftin qiyməti azacıq enən kimi Çinin idxalı təkrar artacaq və qiymətləri daha da aşağı salacaq.
Çin ötən mart ayında tankerlərlə günə 7, 7 milyon barrel neft idxal edib. Nəzərə alınmalıdır ki, Çin neft kəmərləri ilə də neft idxal edir.
Bu da qeyd olunur ki, Çin bütün hallarda neft qiymətlərini diqtə edən faktor olaraq qalır.
“Səudiyyə nırxdəyişən istehsalçı olduğu kimi, Çin də nırxdəyişən istehlakçıdır” – yazır sayt.
Oilprice.com yazır ki, əgər Çinin idxalı gözlənildiyi kimi azalsa, neft qiymətlərinin təkrar 30 dollara düşəcəyini gözləmək olar.
Neft sənayesindən gələn ən son xəbər isə budur ki, az qala bütün neft nəhəngi olan şirkətlər iri layihələrin maliyyələşdirilməsini ixtisar etməyə başlayıblar.