Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:12

Suriyalıların Türkiyədə restoran biznesi


Falafelin hazırlanması
Falafelin hazırlanması

Türkiyədə yaşayan yüz minlərlə suriyalı Avropaya köçmək arzusu ilə yaşasa da Türkiyədəki həyatından məmnun olanlar da var.

Dəməşqli Mohamed Nizar Bitar Türkiyədə yerləşmiş 2,7 milyon Suriya qaçqınına xidmət edən yüzlərlə restoran sahibindən biridir. O, beş ilə əvvəl Suriyada daş və mosaika istehsalı ilə məşğul olan üç sexini tərk edərək İstanbula köçüb və burada özünü restoran sahibi kimi yenidən kəşf edib. İndi onun yeddi restoranı və iki çörək evində 300-ə qədər adam çalışır. Onların çoxu İstanbulun «Kiçik Suriya» adlanan Aksaray məhəlləsində yaşayan suriyalılardır. Restoranlar şəbəkəsinin adı «Tarbuş»dur. Bu söz ərəbcə «fəs» deməkdir.

Bitar heç vaxt öz yeddi restoranını gözündən qoymur. Hətta restoranların birində falafel, təzə hazırlanmış hummus, sarımsaq-qatıqlı quzu mantısı yediyi zaman da cib telefonu vasitəsilə digər altı restorana nəzarət edir.

O bir dəfə bir işçinin ağ papağını başına qoymadığını görüb onu 100 lirə cərimə edib. «Biz təmiz olmalıyıq. Müştərilərə diqqətlə yanaşmalıyıq».

Bitar deyir ki, bu uğuruna görə Türkiyənin xarici mətbəxlərə get-gedə artan açıqlığına və əcnəbilərə qarşı xoş münasibətinə borcludur.

O, ilk dəfə Türkiyəyə 1990-cı ildə, fabrikləri üçün daş kəsən maşınlar almaq üçün gəlib və türk dilini öyrənib. 2011-ci ildə Suriyada müharibə başlayandan sonra isə fabriklərindəki bütün avadanlıqları satıb və özü ilə 1000 dollar götürərək İstanbula gəlib. Əvvəlcə mərkəzi Taksim Meydanında bir zirzəmi üçün iki ay danışıq aparıb. Sonra burada əzilmiş noxuddan humus, badımcandansa mattabal hazırlayaraq iki yerli restorana satıb. Əldə etdiyi qazancla ilk restoranını açıb. O deyir ki, hazırda Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən 27 biznes partnyoru var.

«Biz Dəməşqdə yox, Türkiyədə yaşayırıq. Biz bu ölkəyə hörmətlə yanaşmalıyıq», Bitar deyir.

«Tarbush» restoranının aşpazı 23 yaşlı Amar Helwani də Türkiyəni bəyənir: «Bura yaxşıdır. Hamımız ərəbik. Mühit, yemək, müştərilər, hamısı suriyalıdır».

Bitar deyir ki, öz restoranlar şəbəkəsini daha da genişləndirib Türkiyənin başqa şəhərlərində də işləməyə ümid edir. Onun Avropaya köçmək fikri yoxdur.

«Mən bu ölkəni sevirəm, çünki o mənə bu qədər kömək etdi. Mən Avropaya gedən tənbəl adamları sevmirəm. Onlar orda nə ilə məşğul olurlar?»

Aprelin əvvəli «Tarbush» restoranında əksər masaların arxasında Suriya və İraqdan olan ərəbdilli müştərilər oturub.

Aksaray məhəlləsi İstanbulda yaşayan 400.000 suriyalının ən sıx yaşadığı ərazidir. Bir çox dükanlar hələ də qaçaqçı qayıqlarında istifadə olunan təhlükəsizlik jiletləri və sukeçirməyən mobil telefon qabları satır. Ancaq falafel və üzərinə hil səpilmiş Suriya qəhvəsi satan onlarla dükan var. Yazılar da ərəbcədir.

«Suriya Dostluq assosiasiyası» adlanan biznes qurumunun rəhbəri Mohammed Hallak deyir ki, Türkiyədə suriyalıların 7500 şirkəti var. Hətta suriyalılara məxsus şirkətlər Türkiyədə hər il yeni yaradılan bizneslərin dörddə birini təşkil edir. Beləliklə suriyalıların yaratdığı şirkətlər alman və İran investisiyalarını geridə qoyub. Bu şirkətlər əsasən restoran biznesi, tikinti, ticarət, tekstil, daşınmaz əmlak və səyahət sahələrinə fokuslanır. Onlar həm də bu ağır günlərdə Suriya qaçqınlarına lazım olan iş yerləri deməkdir. Suriyalıların türklərə aid şirkətlərdə işləyən xarici işçilərin 10 %-ni təşkil etdiyi bildirilir.

Falafel yeməyi
Falafel yeməyi

Əslən Suriyadan olan amerikalı jurnalist Dalia Mortada Culinary BackstreetsGroundTruth səhifələri üçün Türkiyədəki Suriya mətbəxini izləyir. O deyir ki, iki ölkə arasında 800 kilometrlik sərhəd olsa da türk və Suriya mətbəxləri arasında nəzərəçarpan fərq var:

«Onların hər ikisi çoxlu quzu əti, pomidor və badımcandan istifadə edir. Ancaq ədviyyatlar və ərzaqların kombinasiyası çox fərqlidir».

Suriyalılar hummusu sevirlər, türklərsə onu yemirlər. Bir çox Suriya yeməklərinin mühüm komponenti olan muluxiyə otunu Türkiyədə tapmaq mümkün deyil. Türklər qalın çörək yeyirlər. Suriyalılar isə lavaşdan istifadə edirlər. Suriyalılar onun arasına qızardılmış falafel qoyub yeyirlər.

Falafelin özü də türk mətbəxinə xas deyil.

Ancaq son iki ildə Suriya yeməkləri İstanbulda, xüsusən də Aksaray məhəlləsində özünə yer tutmağa başlayıb. Burada şaurma, evdə hazırlanmış labne pendiri və badımcan turşusu satan yerlər var. Suriyada məşhur olan Salloura restaurant-ının iki şöbəsi açılıb.

XS
SM
MD
LG