Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:09

Müdafiə Nazirliyi: «2000 hektar azad edilib»


Azərbaycan əsgəri
Azərbaycan əsgəri

-

Azərbaycan Müdafiə Nazirliyi aprel döyüşləri zamanı işğaldan azad edilən ərazilərlə bağlı açıqlama yayıb.

Məlumatda deyilir ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti), Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib.

«Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz 2000 hektardan (20 km2-red.) artıq ərazini azad edib»,-məlumatda bildirilir.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Azərbaycan Müdafiə Nazirliyi elə o vaxt bildirmişdi ki, 4-günlük hərbi əməliyyatlar zamanı Lələtəpə və Talış yüksəkliklərini azad edib.

Hərbi ekspertlər deyir ki, Lələtəpə yüksəkliyi Azərbaycan silahlı qüvvələrinə Horadiz və Füzuli rayonunu nəzarətdə saxlamağa imkan verir. Talış yüksəkliyi isə Ağdərə rayonuna nəzarət etmək imkanı yaradır.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG