Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 01:17

XİN Ermənistanı qınayır


Hikmət Hacıyev
Hikmət Hacıyev

-

«Vyana görüşündən sonra Ermənistan rəhbərliyi və xarici işlər naziri görüşün mahiyyətini elementar diplomatik etikaya sığmayan şəkildə təhrif etməyə yönəlmiş söz yarışındadır».

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin həlli üzrə ciddi və konstruktiv danışıqlara başlamağa zəmin yaratmaqdan ötrü Vyana görüşündə atəşkəs rejiminə dair müsbət mövqe bildirib: «Zahirən belə təəssürat yaranır ki, Ermənistan xarici işlər naziri ya Vyana görüşünün mahiyyətini başa düşməyib, ya da qəsdən özünü bilməməzliyə vurur».

H.Hacıyev onu da qeyd edib ki, Ermənistan tərəfi Vyana görüşünün əsas qayəsi olan hərtərəfli sülh prosesinin başlanmasına bir dəfə belə toxunmayıb. O, rəsmi Yerevanı iyun ayında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamağa mane olan destruktiv siyasət yürütməkdə, xalqı sülhə hazırlamaq əvəzinə nifrət və şovinizm ritorikasında qınayıb.

Vyana görüşündən sonra Azərbaycan rəhbərliyindən fərqli olaraq Ermənistan hakimiyyətinin təmsilçiləri daha çox media ilə təmasda olublar. Onlar görüşün detalları ilə bağlı məlumat verməsələr də, bir fikri dönə-dönə ifadə ediblər. Ermənistan hakimiyyətinin təmsilçiləri deyiblər ki, Azərbaycan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə sadiq qalacağı öhdəliyi götürüblər. Əslində, bunu Azərbaycan rəsmiləri də inkar etmirlər. Ancaq Azərbaycan tərəfi bildirir ki, bu münaqişənin sülh yolu ilə həllinə inam yaratmaq məqsədi daşıyıb. Bununla belə, torpaqların uzun müddət işğalda qalması ilə razılaşmaq niyyətində deyillər.

Mayın 16 da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG