Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 06:30

Fərəc Kərimlinin cəzası azaldıldı


Fərəc Kərimli
Fərəc Kərimli

-

Mayın 24-də Ali Məhkəmədə Müsavat başqanının müavini Fərəc Kərimli və onun qardaşı, partiya fəalı Sirac Kərimlinin kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.

Əvvəlcə hakim Fərhad Kərimovun sədrliyi ilə Fərəc Kərimlinin işinə baxılıb. Hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Fərəc Kərimli özü prosesdə iştirak etməyib.

Onun vəkili Nemət Kərimli Fərəcin siyasi sifarişlə həbs olunduğunu bildirib:

«SİFARİŞLƏ HƏBS OLUNUB»

«Ona qarşı ittihamların heç bir əsası yoxdur. Fərəc özü də, partiya da həbsin ilk günündən bəyan edib ki, onu siyasi fəaliyyətinə görə həbs ediblər. Cinayət işinin materiallarındakı ziddiyyətlər də ittihamın əsassızlığını sübut edir. Ona görə də xahiş edirəm, bəraətverici əsaslarla Fərəc Kərimli barədə cinayət təqibinə xitam verilsin».

Hakimin iş materiallarında Fərəcin narkotiki yerdən tapması barədə etiraf xarakterli ifadəsi ilə bağlı sualına cavab olaraq, vəkil bildirib ki, həmin ifadələr ondan təzyiq altında alınıb: «İş materiallarından da görünür ki, mən həbsdən yeddi gün sonra vəkil kimi bu işə qoşulmuşam. O vaxta qədər Fərəc Kərimlinin müdafiə hüququ pozulub, istədiyi vəkillə təmin olunmayıb. Bununla əlaqədar sonradan məhkəmə nəzarəti qaydasında şikayət vermişik».

Prokuror Rizvan Şaməmmədov kassasiya şikayətinin təmin olunmamasını istəyib.

Hakimlər kollegiyası qısa müşavirədən sonra Fərəc Kərimli barədə hökmün dəyişdirildiyini, CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsi ilə ona verilmiş ittihamın 234.1-ci maddəyə tövsif olunduğunu, cəzanın da 3 ilə endirildiyini elan edib.

«SƏHVİ DÜZƏLTMƏK İSTƏMƏYİBLƏR»

Sirac Kərimli barədə kassasiya şikayətinə isə Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Sirac özü də məhkəmədə iştirak edib.

Nemət Kərimli
Nemət Kərimli

Vəkil Nemət Kərimli çıxışında deyib ki, əslində, əvvəlcədən plan Fərəci tutmaq olub, Siracı səhvən həbs ediblər: «Siracı qardaşı ilə səhv salıb tutublar. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bunu onun özünə də deyiblər. Lakin nədənsə, sonradan səhvlərini düzəldib onu buraxmaq istəməyiblər. Ümumiyyətlə, heç bir cinayət hadisəsi baş verməyib. Ona görə də Sirac Kərimli barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edirik».

Vəkilinin dedikləri ilə razılaşdığını bildirən Sirac Kərimli hakimlərin nəzərinə çatdırıb ki, 1 il 8 ay günahsız həbsdə saxlanılıb.

«HƏR İKİSİNƏ BƏRAƏT VERİLMƏLİ İDİ»

Prokuror Orxan Dəmirli kassasiya şikayətinin təmin olunmamasını istəyib.

Elə hakimlər kollegiyası da qısa müşavirədən sonra şikayətin təmin olunmadığını açıqlayıb.

Vəkil Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin Kərimli qardaşları barədə qərarlarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndərəcəklər: «Hər iki qərar siyasidir və ədalətsizdir. Fərəc və Sirac qardaşları «vicdan məhbusu» elan olunub. Beynəlxalq tənqidlərin qarşısını almaq üçün Fərəcin cəzasını azaltdılar. Baxmayaraq ki, eyni iş idi, Sirac Kərimli barədə hökmə heç bir dəyişiklik etmədilər. Halbuki, onların hər ikisinə bəraət verilməli idi. Ona görə də Avropa Məhkəməsinə şikayət edəcəyik».

Qeyd edək ki, CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə, saxlama) maddəsi bugünlərdə Milli Məclisin qəbul etdiyi Amnistiya Aktının təsiri altına düşür.

XS
SM
MD
LG