Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17

Özəlləşdirmə müəmması


►İndən belə özəlləşdirmənin hansı qaydada aparılacağı bilinmir.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) bu gün – mayın 31-də, eləcə də iyun ayında keçirilməsi nəzərdə tutulan hərracların dayandırıldığını bildirib.

İndən belə özəlləşdirmənin hansı qaydada aparılacağı hələ bəlli deyil.

Mayın 19-da prezdent İlham Əliyev «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman verib.

Müəmmalı məqam odur ki...

Həmin sənəddə Əmlak Komitəsinə haqqında özəlləşdirilmə qərarı çıxan, ancaq özəlləşdirmə əqdi bağlanmayan dövlət əmlakının özəlləşdirilməsini dayandırmaq tapşırığı verilib. ƏMDK iyunun 10-dək belə əmlakın siyahısını prezidentə təqdim etməlidir.

Prezident hökumətə onu da tapşırıb ki, bu il özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı da bir ay müddətində ona təqdim edilsin.

Bütün bunlarda müəmmalı qalan bir məqam diqqət çəkir: Prezident dövlət əmlakının özəlləşdirilməsinə dair qərar qəbulu səlahiyyətini Nazirlər Kabinetindən və ƏMDK-dan alaraq, özünün müstəsna hüququna çevirdiyindən, prosesin indən belə necə gerçəkləşəcəyi qaranlıq qalır. Məsələ burasındadır ki, hökumətə yeni özəlləşdirmə qanununun layihəsini hazırlamaq da həvalə olunub.

____________________________________________________________

Bunlara da bax:
"Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]
Liberman Azərbaycanla münasibətlərdən danışır

____________________________________________________________

Heç Əmlak Komitəsi də bilmir ki...

Mayın 31-də parlament yaz sessiyasının son iclasına toplaşır. Hər hansı fövqəladə olay çıxmasa, deputatlar bir də sentyabrın 15-də yığışacaqlar. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanun layihəsinin Milli Məclisə təqdim edilməsi, komitələrdə müzakirəsi, 3 oxunuşda qəbulu, prezident tərəfindən imzalanması – bütün bunlar ilin sonuna qədər çəkə bilər. Ancaq həmin müddətdə özəlləşdirmənin aparılıb-aparılmayacağını heç ƏMDK-da da bilmirlər.

Komitənin sözçüsü Qulu Xəlilov AzadlıqRadiosuna deyib ki, onun fikrincə, özəlləşdirmə prosesi 3-cü özəlləşdirmə qanununun qəbulundan sonra bərpa oluna bilər. O, özəlləşdirməyə açılan, amma indiyədək özəlləşdirilməyən dövlət əmlakının sayı ilə bağlı suala aydınlıq gətirə bilməyib.

Özəlləşdiriləcək dövlət əmlakının siyahısı açıqlanacaq?

Mütəxəssislər şəffaflığı - bu və sonrakı illərdə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakı siyahısının ictimaiyyətə, eləcə də xarici investorlara açıqlığını qaçılmaz sayırlar. Hələlik, tək bilinən odur ki, prezident fərmanında sözügedən siyahının mətbuatda dərcindən bəhs edilmir.

2001-ci ilin martında telekommunikasiya və hava nəqliyyatı müəssisələri prezident qərarı ilə özəlləşdirməyə açılsa da, onların əksəriyyəti özəlləşdirilməyib.

ƏMDK-nın sərəncamında bir neçə yüz müəssisənin olduğu bildirilir.

XS
SM
MD
LG