Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:47

Sovetskinin «abidə olmayan» abidələri


►Nazirlər Kabinetinin daha abidə saymadığı binalardan reportaj

Görkəmli arxitektor bu binalar barədə nə yazırmış?

Bakının Sovetskisi… Hərb meydanını xatırladır, dağıntılar, söküntülər… Nazirlər Kabineti bu ərazidə yerləşən 21 binanı yerli əhəmiyyətli tarixi abidəlilikdən çıxarıb.

“100 il arxitektur bina sayıldı, indisə məlum olur ki, abidə deyilmiş”. Mirzə Fətəli 13-də yerləşən binada yaşayan Rəfiqə Rəsulova deyir bunu. Bu bina Nazirlər Kabinetinin qərarı ilə artıq tarixi abidə deyil.

Tarixçi-alim Altay Göyüşovla Nazirlər Kabinetinin siyahısındakı 21 binadan bəzilərini axtarırıq. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bu binaların yerli əhəmiyyətli tarixi abidələr siyahısına tələm-tələsik salındığını, xüsusi bir memarlıq və tarixi çəkisi olmadığını deyir.

“Malikanə geniş kompozisiyası ilə maraq doğurur”

Mirzə Fətəli 13-dəki binanın təmir-bərpaya ehtiyacı ilk baxışdan, görünür, bəs bina qorunması üçün standartlara cavab verirmi? Bu barədə Azərbaycanın görkəmli arxitektoru Şamil Fatullayev-Fiqarovun sovet dövründə buraxılan, 1998-ci ildə təkrar nəşr edilən “Arxitekturnaya ensiklopediya Baku” kitabında oxuyuruq:

“Malikanə tipli ikimərtəbəli ev həcmli-genişli kompozisiyası ilə olduqca maraqlıdır. Yan rizalitləri (yan çıxıntıları) erkrlər (çoxhissəli çıxıntılar) və təmkinli profildə olan ritmli pəncərə oyuqları ilə vurğulanmış fasad. Stilin istiqaməti - moderndir. Memarlıq formalarının konturları bəzədilmiş giriş portalı və həyətə keçid diqqət cəlb edir. Binanin ümumi strukturu - dəqiq və qrafiki həcmli elementlərlə bəzədilmiş rasional xarakterlidir. Aqlay bloklarından yığılmış hamar divar hörgüsü də binanın kompozisiya sisteminə aiddir”. (Ardı aşağıda)

Binanı tikmiş Rəsulovların nəvəsi Rəfiqə Rəsulova deyir, yumurta qarışdırılmış tikinti materialı ilə tikilmiş bu bina hələ çox əsr tab gətirə bilər: “Evin içində tavanda elə “lepka”lar var ki… Təmir edəndə istədik qopardaq, usta bir çınqıl da qopara bilmədi. İndikilər kimi deyil, onu necəsə bərkidiblər”.

“UNESCO-yamı şikayət edək?” Rəfiqə Rəsulova soruşur. Yanımızdan gəlib-keçənlər söhbətə qoşulurlar: “Eh, Bakıda nə binalar sökdülər, indi bu binalarımı qoruyacaqlar?”

“Müstəqil individual ifadəsi olan bina”

NK-nin siyahısındakı daha iki ünvan: Mirzə Fərəli Axundov 43, 45. Bu binalar da “Arxitekturnaya ensiklopediya Baku” kitabında yer alıb, haqqındakı məlumatda hətta binaların eskizini də yerləşdiriblər. Kitabda oxuyuruq: “ Bakının ənənəvi daş memarlığının böyük təsiri şəraitində orderli sistemin sərbəst həll nümunəsi olan yaşayış binası. Yan bəndləri klassik formalar və təsviri incəsənət elementləri ilə interpretasiyası və zəngin mərkəzi vasitəsi ilə fasad müstəqil individual ifadə qazanıb”.

Tarixçi Altay Göyüşovla Mirzə Fətəli 25-də yerləşən ünvana yaxınlaşırıq. 3 mərtəbəli böyük binadır. Altay Göyüşov deyir ki, bu bina Fatullayev-Fiqarovun kitabında bədii dəyəri olan bina kimi qiymətləndirilib və Bakı arxitekturasının incilərindən biri kimi xarakterizə olunub:

Altay Göyüşov tarixi binaların sökülməsinə qarşıdır
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

“Aşağı Təzə-Pir 25 (küçənin köhnə adı-red), 1902. Tarixi məhəllələrin abadlaşdırılmasında önəmli elementi olan yaşayış binası”. Müəllif yazır ki, bu kimi binalarla memarlıq kompozisiyasına milli xüsusiyyətləri özündə əks etdirən “daş üzərində oymaları, orderli sistem, proporsional tikintisi, təravətli plastikası ilə 19-20-ci əsr Bakı memarlıq incəsənətinin ənənələri qoyulub”. Müəllif əlavə edir ki, bina incəsənət baxımından şəhərin dəyərli tikililəri siyahısına daxil edilib.

“Bunlar sənət əsərləridir”

Altay Göyüşov deyir ki, “Arxitekturnaya ensiklopediya Baku” kitabında bu binaların əksəriyyəti barədə “tarixi abidə, memarlıq nümunəsi” kimi söz açılır:

“Bu binalar istər hökumətin abidə siyahısına salınsın, istər salınmasın. Bu yüzillik binaların bir mədəniyyət nümunəsi, sənət əsəri olmasına şübhə yoxdur. Binalar bir-birinə bənzəmir, hər memar özündən bir şey artırıb”.

Məscidin tarixi abidəliyini göstərən lövhə

Mustafa Sübhi 65 ünvanında yerləşən, qapısından qıfıl asılan bina Hacı Əbdülrəhimbəy Qulubəyov məscididir. Mədəniyyət və Turizm Nazirliyində 3607 saylı inventar idi. Ona görə idi ki… artıq bina yerli əhəmiyyətli abidə siyahısından çıxarılıb, amma qarşısında onun tarixi və mədəniyyət abidəsi kimi qorunduğunu göstərən lövhəni çıxarmaq, deyəsən, unudulub.

Ancaq qapıya dayanan ekskavator elə bu binanı lövhə qarışıq uçuracaq, əgər tarixi abidələrin sökülməsinə etiraz edən vətəndaşların (bir neçə gündü bunun üçün onlayn kampaniya başlayıb) səsi eşidilməsə…

Sovetskinin "abidə olmayan" abidələri
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

XS
SM
MD
LG