-
90 saylı Ağdaş Seçki Dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkiləri 500-dən artıq yerli, 5 xarici müşahidəçi izləyəcək.
«Report»un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, xarici müşahidəçilər Avropa Şurasını təmsil edirlər.
MSK sədri qeyd edib ki, həmin dairə üzrə 40 məntəqə var, hər məntəqəyə 12-13 müşahidəçi düşür: «Həm imkanlar, həm də müşahidəçilərin sayı baxımından heç bir problem yoxdur. Məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb».
90 saylı Ağdaş Seçki Dairəsində təkrar seçki iyunun 18-də keçiriləcək. Həmin dairədə mandat uğrunda 6 şəxsin namizədliyi qeydə alınıb. Onların 4-ü bitərəf namizədlərdir. Digər iki namizəd isə hakim Yeni Azərbaycan və Ümid partiyalarının təmsilçiləridir. Hazırda həbsdə olan REAL Hərəkatının rəhbəri İlqar Məmmədov da həmin dairədən namizədliyini vermək istəyirdi. Ancaq MSK bildirdi ki, hazırkı vaxtda onun seçkidə iştirak hüququ yoxdur.
Azərbaycanda son parlament seçkiləri ötən il noyabrın 1-də keçirilib.
Onda 90 saylı Ağdaş Seçki Dairəsində ilkin qalib kimi deputat, «Azəriqazbank»ın rəhbəri Çingiz Əsədullayevin adı açıqlanmışdı. Ancaq sonra MSK həmin dairədə nəticələri ləğv etdi. Mətbuat o vaxt bunu Ç.Əsədullayevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxınlığı ilə izah etdi. Artıq seçkilərdən öncə E.Mahmudov nazir postundan uzaqlaşdırılmışdı.