Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:34

Bonjur, futbol!


Arxiv fotosu.
Arxiv fotosu.

-

İyunun 10-da Paris yaxınlığındakı Sen-Denidə nəinki Avropa, hətta bütün dünya futbolsevərlərinin diqqət mərkəzində olan böyük futbol bayramı başlayır. Meydan sahibi fransızlarla yanaşı, daha 23 komanda bir ay boyunca qitənin ən güclüsünü müəyyənləşdirməyə çalışacaq. Təbii ki, bütün böyük turnirlər ərəfəsində olduğu kimi, bu dəfə də mütəxəssislər, jurnalistlər və azarkeşlər həvəslə proqnozlarını bölüşür, mülahizələrini söyləyir. Qarşıdakı Avropa çempionatından nə gözləyək?!

UEFA-nın qərarı ilə iştirakçıların sayının 16-dan 24-ə çatdırılması, heç şübhəsiz, turnirin formatı ilə yanaşı, mübarizənin xarakterinə də təsir göstərəcək. Faktiki indiki format Avropa çempionatını dünya çempionatına bənzədir. Təsəvvür edin ki, iştirakçılar arasında birdən-birə 5 debütant - Albaniya, Şimali İrlandiya, Uels, Slovakiya və İslandiya da var. Və ya başqa bir detal: qruplardan növbəti mərhələyə ilk iki yeri tutanlarla yanaşı, 3-cü yeri tutanlardan dördü də çıxacaq.

Favoritlərdən danışmalı olsaq, ilk növbədə Fransanın, son iki qitə çempionatının qalibi İspaniyanın və Almaniyanın adını çəkməliyik. İngiltərə və İtaliyanın şansları bu yığmalarla müqayisədə daha aşağı dəyərləndirilir. Portuqaliya, Belçika, Xorvatiya, Çexiya, Polşa, Ukrayna və Türkiyə favoritlərin yoluna daş qoymağa çalışacaq. Əlbəttə, qalan 12 iştirakçının da turnirlə bağlı müəyyən hədəfi var.

Buna da baxın:AVROPA ÇEMPİONATI - Xüsusi Səhifəyə Keçid

Avropa çempionatı həm də ulduzların yarışı, festivalıdır. Dünyanın iki ən güclü futbolçusundan biri sayılan Kriştiano Ronaldo, Ueyn Runi, Eden Azar, Tomas Müller, Andres İnyesta, Robert Levandovski, Arda Turan, Pol Poqba, Mario Mancukiç və başqaları azarkeşləri, futbol estetlərini gözəl oyun və gözəl qollar ilə sevindirməyə çalışacaq.

Bir sözlə, qitənin ən güclü yığmalarının yarışı qapımızın kandarındadır. Bir ay boyunca terror təhlükəsindən uzaq, qorxusuz-hürküsüz futbol bayramı yaşayacağımıza inanırıq. Qoy güclü qalib gəlsin!

XS
SM
MD
LG