İyunun 11-də Rusiya-İngiltərə futbol yığmalarının qarşılaşmasından sonra tərəfdarlar arasında qarşıdurma olub. Rus azarkeşlər ingilislərə hücum ediblər. Hadisə oyunun keçirildiyi Fransanın cənub şəhəri Marseldə baş verib.
Avropa 2016 çempionatı çərçivəsində keçirilən qarşılaşmada oyun 1-1 hesabı ilə başa çatıb. Bundan sonra rus tərəfdarlar təhlükəsizlik baryerlərini aşaraq ingilislərin olduğu sektora adlamaq istəyiblər.
UEFA rəhbərliyi bildirib ki, zorakılığa görə Rusiya tərəf ciddi sanksiyalarla üzləşə bilər. Qurum bəyan edib ki, Marseldə baş verənləri qətiyyətlə pisləyir və bu cür zorakı hadisələrdə iştirak edənlərə futbolda yer yoxdur. UEFA bildirir ki, hakimlər 2012-ci ildə Polşada keçirilən Avropa çempionatında rus fanatların təhlükəsizlik xidmətinin əməkdaşlarına hücumunu da nəzərə ala bilər.
Marseldə son 3 gündə ingilis və rus azarkeşlər arasındakı qarşıdurmalar nəticəsində 30-dan artıq adam xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri, 50 yaşlı ingilis azarkeşin vəziyyətinin ağır olduğu bildirilir.
Bir neçə adam həbs edilib.
Şəhərə 70 min ingilis və rus fanat gəlib.