Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:48

“Qanun” nəşriyyatı da “Nina” mətbəəsi deyil ki


Tərcüməçi, yazar Nadir Qocabəyli
Tərcüməçi, yazar Nadir Qocabəyli

-

Dünən saat yeddidə gəliblər ki, nəşriyyatda bomba var. Amma hələ də o bombanı tapıb üzə çıxara bilməyiblər; nə özünü, nə də oxşarını. Axı kitablar qarpız kimi bombaya oxşamırlar!

Görəsən, “Qanun” nəşriyyatında bir sutkadır bomba axtaran və heç cür tapa bilməyən bomba oğlanlara nə lazımdır? Bəlkə, onlar da vergiyığanlar kimi, ölkənin yeganə və ayaq üstə güclə dayanan nəşriyyatından pay umurlar?​

Nadir Qocabəyli


Bomba oğlanlar


“Bomba” sözü bizimki olmasa da,Əbdürrəhim bəy Haqverdiyevin məlum hekayəsindən sonra dilimizdə xeyli məna çaları qazana bilib. İlkin anlamını, çox güman ki, partlayıcı maddələrin xassəsindən, səsindən, forma və biçimindən alan bu nəsnə xalqımızın təsəvvürünə yumru şəkildə girdiyindən, avam, amma məkrli qorodovoy Kərbalayi Zal zavallı həmyerlisinin evinə daşıdığı kisələrin içindəki qarpızları bomba sanmış, onu şərləməklə miskin vəzifəsini, çarəsiz işini qoruyub saxlamaq eşqinə düşmüş və sonucda gülünc duruma düşərək, rüsvayi-cahan olmuşdu.

Nadir Qocabəyli və Şahbaz Xuduoğlu kitab yarmarkasında
Nadir Qocabəyli və Şahbaz Xuduoğlu kitab yarmarkasında

Bəli, biz nədənsə belə durumlarda həmişə məhz bomba axtarırıq. İşə düzəlmək, universitetə daxil olmaq, oğlunu əsgərlikdən saxlatmaq, prezident təqaüdü, ikinci diplom almaq, vəzifədə qalmaq istəyən hər kəsin mütləq elə bir bomba oğlana ehtiyac olur ki, hər şeyi, necə lazımdır düzüb-qoşa bilsin. Açığı, bu işlərdə bomba qızlar da son zamanlar böyük, hətta bomba oğlanlardan daha önəmli rol oynayırlar, ancaq doğrusu, mən bomba sözünü qızlara yaraşdırdığım qədər, oğlanlara yapışdıra bilmirəm. Düşünürəm ki, məsələn, bu söz xalqımızın yumru-yumurta qızlarına onların yerinə yetirdikləri missiyadan çox, müəyyən mənada malik olduqları forma (fiqura!) baxımından uyğun gəirsə, bəs kişilərimizin bombalığının məzmun-forma vəhdəti nədə ifadə olunur? Bəlkə, yuvarlaq formalı piyli qarınlarında? Yox, inanmıram! Burda nəsə başqa bir hikmət olmalıdır…


Dünən saat yeddidə gəliblər ki, nəşriyyatda bomba var. Amma hələ də o bombanı tapıb üzə çıxara bilməyiblər; nə özünü, nə də oxşarını. Axı kitablar qarpız kimi bombaya oxşamırlar! Heç yastı-dəyirmi formalı minaları da xatırlatmırlar. Ümumiyyətlə, kitabla bombanın nə forma, nə də məzmun baxımından heç bir bənzərliyi yoxdur. Kitab heç vaxt partladıcı, dağıdıcı, məhvedici, susdurucu funksiya daşımır. Kitab ağıllandırır, bilik verir, düşündürür, bəsirət gözünü açır, dünyaya başqa gözlə, yeni pəncərədən baxmağı öyrədir və ən başlıcası da, bütün bunları yavaş-yavaş, tədricən, ustufca-üsulluca təlqin edir.

"Qanun" nəşriyyatının önündə polislər
"Qanun" nəşriyyatının önündə polislər

​Amma kitab çap edən nəşriyyatda bomba axtaranlar kitabdan tam bixəbər Kərbəlayi Zalın nəvələridirsə, vay bu millətin halına. Təkcə ona görə yox ki, axırda onun içindən çıxan bu zavallılar da rüsvay olacaqlar, – islanmışın yağışdan nə qorxusu, – ona görə ki, biz var gücümüzlə iki ayağımızı bir başmağa dirəmişik və nəinki bir, heç yarım addım da qabağa getmək istəmirik.


Hələ iyirmi il qabaq bir müxalifət liderinin cibindən “qumbara” çıxanda, dostlardan biri dedi ki, bunlar gənc ütülü siyasətçi ilə qırışmış və yağlanmış pencəyinin cibində nəvələrinə vermək üçün alma-armud, konfet-peçenye gəzdirən pensionerə fərq qoya bilmirlər. Şər-şeytanlıq pis şeydir, ancaq onun primitiv forması çox iyrənc və ürəkbulandırıcıdır. Bu adamlar niyə belə istedadsızdır, ilahi!


Görəsən, “Qanun” nəşriyyatında bir sutkadır bomba axtaran və heç cür tapa bilməyən bomba oğlanlara nə lazımdır? Bəlkə, onlar da vergiyığanlar kimi, ölkənin yeganə və ayaq üstə güclə dayanan nəşriyyatından pay umurlar? Bəlkə, biz də əlacsızlıqdan yola baxan həyətində mağaza açan, mənzilinin pəncərəsinə lövhə vurub, qoğal, peraşki, tum satan, maşınının yük yerindən meyvə-tərəvəz, şor-pendir alveri edən zavallılar kimi PPX-lara haqq verməliyik? Bəlkə, “Qanun”un qarşısına iki stol qoyub üstünə kitab düzən uşaqlar “postovoylara” çatacaq gündəlik üç manatı verməyiblər, vermək istəməyiblər, ya da ağıllarına gəlməyib və düşünüblər ki, bu boyda olmaz? Başqa nə ola bilər ki?


Yəni bunları çar Rusiyası və sovet dövründəki kimi, nəşriyyatda çap olunan hansısa kitabın məzmunu, siyasi ədəbiyyat narahat edib? İnanmıram! Axı “Qanun” nəşriyyatı da “Nina” mətbəəsi deyil ki, orada hansısa gizli ədəbiyyat çap olunsun. Nəşriyyat açıq, aşkar və şəffaf fəaliyyət göstərir, xalqımızı maarifləndirmək, savadlandırmaqla məşğul olur.
“O olmasın, bu olsun” filmində deyildiyi kimi, bəs nə? Nəşriyyatda bomba axtaran bomba oğlanların məqsədi nədir, əcəba? Hə, məncə, çox baş sındırmağa elə də ehtiyac yoxdur. Çünki görünən dağa bələdçi lazım olmur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG