Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:51

Gələn neft milyardları və artan borc


Heydər Əliyev
Heydər Əliyev

-

Keçmiş prezident Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı, hökumətdən islahat gözləntisi, taxılçılıqda rəqəmlərin şişirdilməsi, ölkənin xarici borcları və bunun mümkün nəticələri bu gün medianın aparıcı mövzusudur.

QURTULUŞ

«Azərbaycan» qəzetində «Müasir Azərbaycanın Milli Qurtuluş salnaməsi» sərlövhəli məqalə dərc edilib. Yazıda keçmiş prezident Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi və bu hadisənin «qurtuluş günü» kimi təqdim edilməsi öz əksini tapır. Müəllif o günü belə dəyərləndirir: «Müasir tariximizdə əvəzolunmaz yeri və xidmətləri olmuş dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi şanlı səhifə yazmışdır».

Müəllif 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin elan edilməsini xatırlasa da, ozamankı ölkə rəhbərliyini naşı, səriştəsiz, bacarıqsız adlandırır. Yazıda 1993-cü ilin iyununda baş verən hadisələrə görə də ovaxtkı hakimiyyət günahkar sayılır. Müəllif həmin hadisələri belə qiymətləndirir: «Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi isə onun sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Həmin gün Heydər Əliyev ömrünün mənalı, əzəmətli tarixi olduğu kimi, həm də onunla Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür».

Nazirlər Kabineti
Nazirlər Kabineti

HÖKUMƏTDƏN İSTEFA GÖZLƏNTİSİ

«Azadlıq» qəzetində isə indiki hakimiyyətin iqtisadi siyasətini tənqid edən bir yazı verilib. Yazıda qeyd edilir ki, ölkədə ikinci devalvasiyadan təqribən 6 ay keçsə də, hakimiyyət, hələ də, islahatlara getmək istəmir: «Artıq ilyarım vaxt ötüb, amma ortada heç bir nəticə yoxdur. Bütün sərəncamlar, fərmanlar, yaradılan qurumlar fiaskoya uğrayıb. Hətta neftin qiymətində müəyyən qədər sabitlik yaranıb, amma ölkədəki durumda sabitlik gözə dəymir».

Müəllif yazır ki, bütün sahələrdə geriləmə var. Qeyri-neft sektoruna 73, təhsilə 84, sosial xidmətlər sahəsinə 64, kənd təsərrüfatına bu ilin yanvar-aprel aylarında 4 dəfə az sərmayə qoyulub: «Göründüyü kimi, «uzaqgörən» və «müdrik» siyasət nəinki irəliləyişə nail olmayıb, heç vəziyyəti sabitləşdirə bilməyib. Yəni, hökumətin anti-böhran tədbirləri tənəzzül tendensiyasını dayandırmağa nail olmayıb».

Yazıda bu vəziyyət 2 amillə izah edilir: «Ya böhranın qarşısı qəsdən alınmayıb, ya da hökumət bunu bacarmayıb. Yəqin, iki halda da «ağ bayraq» qaldırılmalıdır. Bacardığı halda etmədiyinə görə və bacarmadığı halda kənara çəkilmədiyinə görə. Bəli, bu qədər biabırçı nəticələrdən sonra üzündə azacıq həyası olan hökumət istefa verər».

Pul
Pul

ÖLKƏ BORC İÇİNDƏ

«Novoye Vremya» qəzeti isə Azərbaycanın xarici borcunu və bunun doğura biləcəyi mümkün nəticələri dəyərləndirməyə çalışıb.

Müəllif öncə yada salır ki, bu il aprelin 1-ə olan statistikaya görə, ölkənin 7 milyard 448 milyon dollar (11 milyard 486 milyon manat ) xarici borcu var. Yazıda borcun haralardan alındığı və onun payının Ümumi Daxili Məhsulda artdığı qeyd edildikdən sonra vəziyyət belə dəyərləndirir: «Gördüyümüz kimi, ölkə borc bataqlığına girir və bütün bunlar neftin kəskin dəyərdən düşməsi fonunda baş verir. Əgər əvvəllər ölkə bu borc «yırtıqları»nı neft dollarlarının hesabına bağlaya bilirdisə, neft dəyərdən düşdükdən sonra bu, mümkün deyil».

Müəllif daha sonra bu fonda manatın dollar qarşısında tədricən dəyər itirməsinə toxunur və bunu təbii amillərlə izah etmir: «Mərkəzi Bankın bildirdiyinə görə, manatın məzənnəsinə mənfi təsir edən bütün amillər (neftin dəyərdən düşməsi, rublun çökməsi və s.) arxada qalıb. Manatın məzənnəsi isə yenidən düşməyə başlayıb. Düzdür, bu eniş, hələlik, əhəmiyyətli dərəcədə deyil. Amma hər halda obyektiv xarici təsir olmadan baş verməsi düşündürücüdür».

Müəllif beynəlxalq maliyyə institutlarının Azərbaycanda bank sektorunun sağlamlaşdırılmasından ötrü təkliflərini xatırladır. Üstəlik, bu il ölkədə 15 faiz inflyasiya gözləntisini təsadüf saymır.

Yazıda qeyd edilir ki, artıq Dövlət Neft Fondunun da durumu ürəkaçan deyil: «Bu il üçün Fondun gəlirləri 6 milyard 711 milyon manat, xərcləri 8 milyard 181 milyon manat müəyyən edilib. Artıq 1.5 milyard manat kəsir ortadadır. İndi Fondun gəlirləri üzrə proqnozları daha 52 faiz azaltmaq planlaşdırılır. Belə çıxır ki, təqribən 3.5 milyard gəlir planlaşdırıldığı halda, təkcə dövlət büdcəsinə 7.6 milyard manat vəsait köçürülməlidir. Gəlirlərin azaldığı vaxtda gözlənilən xərcləri necə yerinə yetirəcək? O, məlum deyil. Eyni zamanda bütün bu borcları kimin ödəyəcəyi də aydın deyil».

Yazıda ölkəyə böyük neft pullarının gəlməsindən sonra gələcək nəsillərin çiyninə borc yükü qoyulması tənqid edilir.

Taxıl
Taxıl

TAXIL «PRİPİSKA»SI?

«Bizim Yol» qəzeti isə deputat Eldar İbrahimovun bu il ölkədə taxılçılıq sahəsində hər hektardan 30 sentner məhsul götürüləcəyi haqda proqnozuna ekspert Vahid Məhərrəmovun münasibətini təqdim edib. V.Məhərrəmov deputatın açıqlamasına ciddi yanaşmır: «Bu deyilənlər reallığı əks etdirmir. Məhsuldarlıq hər hektara 30 sentner olarsa, Azərbaycan ərzaq buğdasına olan ehtiyacını tam ödəyir. Amma əksinə hər il ölkəyə 1.5 milyon ton buğda idxal edilir».

Ekspert hətta quş yemlərinin belə ölkəyə xaricdən idxal edildiyini vurğulayır: «Belə bir statistika ilə ölkədə 30 sentner məhsul istehsal edildiyini demək tamamilə yanlışdır».

V.Məhərrəmovun düşüncəsinə görə, məhsuldarlıq barədə nə Statistika Komitəsi, nə də Kənd Təsərrüfatı Nazirliyində konkret rəqəm var. Ekspert xatırladıb ki, son 15 ildə ölkəyə taxıl idxalı 3 dəfə artıb. Bu isə istehsalın azalmasının göstəricisidir.

XS
SM
MD
LG