-
Rusiya Beynəlxalq Atletlər Assosiasiyaları Federasiyasının (IAAF) rusiyalı atletlərin Yay Olimpiya Oyunlarından kənarda saxlanması qərarını haqsız sayıb.
Rusiyanın qaçış üzrə atlet komandası dopinq qalmaqalı üzündən avqust ayında Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmayacaq. Dünya Antidopinq Agentliyi hesab edir ki, rusiyalı atletləri dopinqlə dövlət təmin edib.
IAAF-ın prezidenti Sebastian Coe deyib ki, Rusiya Atletika Federasiyası şərtləri yerinə yetirməyib. Onun sözlərinə görə, rusiyalı atletlər rəqiblərin və ictimaiyyətin inamını qazanmadan yarışa qoşula bilməzlər.
Coe-nin sözlərinə görə, Rusiya komandası yalnız federasiyanın antidopinq rəsmilərinin müşayiəti altında yarışa qatıla bilərdi.
Ancaq o əlavə edib ki, Rusiya atletlərinin Yay Olimpiya Oyunlarına qatılması ilə bağlı son qərarı Olimpiya Komitəsi verəcək.
Olimpiya Komitəsi isə bunu iyunun 18-də müzakirə edəcək.
Rusiya prezidenti Putin dopinqlə bağlı ittihamları qəbul etmir: «Güman edirəm ki, biz məsələni dünya antidopinq agentliyindəki tərəfdaşlarımızla müzakirə edəcəyik», - Putin jurnalistlərə deyib.
Rusiyanın İdman Nazirliyi IAAF-ın qərarının «görünməmiş vəziyyət» yaratdığını və Rusiya atletlərinin 2016-cı il Rio-de-Janeyro olimpiadasına qatıla bilməyəcəyini bəyan edib. Lakin sonradan nazir Vitaly Mutko bildirib ki, onlar Beynəlxalq Olimpiya Komitəsinin bu qadağanı aradan qaldıracağına ümid edirlər.